Bakıda I Respublika Sənətkarlıq Festivalı
İyulun
3-dən 7-dək ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək.
Festival UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası çərçivəsində təşkil
olunub.
Festivalda
respublikamızın paytaxtı və regionlarından olan sənətkarların
iştirakının təmin olunması məqsədilə sənətkarlığın
müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə
məşğul olan ustalar dəvət edilib. İnsanların
festivala daha rahat gəlmələri üçün Nizami
küçəsində açıq səma altında, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
qarşısındakı meydanda təşkil edilib. Tədbir
festival-yarmarka və karnaval formasında keçirilir.
Festivalın keçirilməsi üçün 40 müxtəlif
formalı, müasir tərtibatlı və hər birində
2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi
stendlər quraşdırılıb.
Mədəniyyət
naziri Əbülfəz Qarayev bildirib ki, bu festivalın
keçirilməsi UNESCO-nun 43-cü sessiyasina təsadüf
edir. Bu sessiyada 150 ölkəni təmsil edən 3 minə qədər
qonaq iştirak edir.
İyulun
7-dək davam edəcək festival günlərində həm
Bakı sakinləri, həm də şəhərimizin
qonaqları burada təşkil edilən yarmarka ilə
tanış ola, eyni zamanda əl işlərini əldə edə
biləcəklər. İnanıram ki, bu, sahibkarlar
üçün də gözəl bir şansdır.
Tədbirin
keçirilməsində dəstək olan şirkətlərə
təşəkkürünü bildirən nazir bura gələn
insanların mədəni istirahətlərini qurmasında bu
festivalın başlıca məqsəd olduğunu bildirib.
Nazir onu da qeyd edib ki, bütün bu tədbirlərin
keçirilməsi silsilə xarakter daşıyır. Azərbaycanda
turizmin inkişafı yüksək səviyyədə təmin
olunur. Ölkə başçısının siyasəti Azərbaycanı
qabaqcıl ölkəyə çevirməkdir. Buna görə
də Azərbaycanın qapıları dünyanın
üzünə açıqdır. “Hesab edirəm ki, bu mədəni
marşrut öz-özlüyündə vacibdir. Buna görə
də bizim sahibkarlarımız bu marşrutun genişlənməsinə
öz töhfəsini verəcəklər", - deyə nazir əlavə
edib.
Yarmarkanın
iştirakçılarından olan Rauf Seyidzadə tədbirə
Bakı şəhərindən qatılıb. Təşkilatçılara
minnətdarlığımı bildirən sənətkar
deyib: “Bizə əl işlərimizin nümayiş
olmasında dəstək olurlar. Arzu edərdim ki, mütəmadi
olaraq belə sərgilər keçirilsin və biz də
hazırladığımız əl işlərini burda həm
nümayiş etdirək, həm də sataq".
Tədbirə
Bakı və Sumqayıt şəhəri, habelə Abşeron
yarımadasının digər yerlərində fəaliyyət
göstərən təxminən 60 sənətkar, bölgələrdən
40-a yaxın sənətkar dəvət edilib. Tədbirin
keçiriləcəyi ərazidə məlumat mərkəzləri
yaradılıb. Festival ərəfəsində əl işlərinin
marketinqi sahəsində müasir, innovativ üsulların
istifadəsi, həmçinin milli dəyərlərin
yaşadılması istiqamətində mütəxəssislərin
və sənətkarların iştirakı ilə konfrans
keçiriləcək.
Festivalda
gənc nəslə, ziyarətçilərə əl işləri
sənətinin texnologiyasının öyrədilməsi,
nümayiş etdirilməsi məqsədilə ustad dərsləri
təşkil ediləcək. Yeni, əl işləri sənətinin
nümunələrinin təqdim olunması və onlara dəstək
göstərilməsi üçün “wall art” və “street
art” üçün şərait yaradılıb.
Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə edilib. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdirilib və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləni formalaşdırır. Beləliklə, festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olurlar. Festival barədə kitabçalar və kataloqlar nəşr olunub.
Mədəniyyət Nazirliyinin tabeliyində olan
təşkilatların, habelə yaradıcı birliklərin
iştirakı ilə festival müddətində hər
gün konsert proqramı təqdim ediləcək. Festivalda
uğurla iştirak edən, əl işlərinin keyfiyyəti
və aktuallığı ilə seçilən sənətkarların
xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda,
habelə digər tədbirlərdə iştirakına kömək
göstəriləcək.
Palitra.-2019.- 3 iyul.- S.2.