Avropa Gənclər Yay Olimpiya
Festivalının yeni “Ulduz səfirləri” elan edilib
İyulun 21-də “Baku Crystall Hall”da keçiriləcək
möhtəşəm açılış mərasimi ilə
start götürəcək XV Avropa Gənclər Yay Olimpiya
Festivalının başlanmasına iki həftədən bir qədər
çox vaxt qalıb. Dörd minə yaxın idmançı,
texniki heyət və digər qonaqların qatılacaqları
festival 14-18 yaşlı yeniyetmələr arasında
keçirilən və Avropada böyük maraqla izlənilən
idman yarışlarındandır.
Gənclər və İdman Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki,
yarışların keçirilməsinə 3500
könüllü cəlb olunub. Onlarla bağlı təşkil
olunan təlimlər başa çatmaq üzrədir.
Könüllülər Atletlər Kəndində, hava
limanında, bütün idman məkanlarında müxtəlif
funksiyaları yerinə yetirəcək, yarışları izləmək
üçün ölkəmizə gələcək turistlərə
lazımi məlumatlar verəcəklər.
Könüllülərlə bağlı həm
də yaxın günlərdə “EYOF Bakı 2019” günü
Gəncədə” adlı maraqlı konsert proqramından ibarət
tədbirin də keçirilməsi
planlaşdırılır. Azərbaycanlı incəsənət
ustaları Nadir Qafarzadə və Elton Hüseynəliyev
“Könüllülərin ulduz səfiri” elan ediliblər.
Bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva,
Leyla Cəmil, Tofiq Hacıyev və məşhur aparıcı
Hacı Nuran da Festival könüllülərinin “Ulduz səfirləri”
elan olunublar. Onlar Festivala hazırlıq və yarışlar
vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin
təbliği ilə könüllü məşğul olacaq
və gənclərin qatıldıqları tədbirlərdə
fəal iştirak edəcəklər.
Azərbaycan həmişə olduğu kimi, bu tədbirə
də xüsusi maraqla hazırlaşır. Yalnız yerli
mütəxəssislərdən ibarət əməliyyat qrupu
bütün idman məkanlarında yoxlama işləri
aparıb. Hazırlıq işləri artıq başa
çatdırılmaqdadır. Atletlər Kəndi də tam
hazır vəziyyətdədir. On iki yarış məkanı
iyulun 21-27-də qapılarını bütün idmansevənlər
üçün açacaq.
Festivalda idman yarışlarını izləmək
üçün biletlər pulsuzdur. Hər bir şəxs
şəxsiyyət vəsiqəsi ilə dörd bilet əldə
edə bilər. Bu imtiyaz şagirdlərə də şamil
olunur. İdman müəllimləri isə Festivalın Əməliyyat
Komitəsinə müraciət edərək daha çox bilet
ala bilərlər.
Palitra.-2019.- 5 iyul.- S.13.