Firəngiz Əlizadə: 10 il ardıcıl belə gözəl festival keçirmək yüksək təşkilatçılıq
tələb edir
Şəki
“İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının son
akkordları çalındı və yubiley festivalı demək
olar ki, tarixə qovuşdu. Festivalımız bu dəfə də
yüksək səviyyədə keçdi. Yubiley
festivalına dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
muğam operası ilə başladıq və yekun konsertində
TÜRKSOY-a daxil olan ölkələrin musiqiçiləri
öz məharətlərini yüksək səviyyədə
nümayiş etdirdilər. Onları Qazaxıstandan gələn
estrada simfonik orkestri müşayiət etdi. Konsertdə
mahnılar da səsləndi, solo ifalar və rəqslər də
oldu. Konsert türk xalqlarının mədəniyyətinin zənginliyini
bir daha nümayiş etdirdi.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, bu sözləri
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi
Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, AMEA-nın müxbir
üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə
festivalın bağlanış mərasimində jurnalistlərə
müsahibəsində deyib.
Festivalın
yüksək səviyyədə keçməsinə görə
şəkililərə, bu işdə əməyi olan
insanlara minnətdarlığını bildirən F.Əlizadə
deyib: “10 il ardıcıl belə gözəl festivalı
keçirmək yüksəksəviyyəli təşkilatçılıq
tələb edir. Biz bunların hamısını - yüksək
qonaqpərvərliyi, mədəniyyəti Şəkidə
gördük. Bütün şəkililərə təşəkkür
edirəm və ümidvaram ki, biz yenə görüşəcəyik”.
Palitra.- 2019.- 5 iyul.- S.13.