Dözümlülük mədəniyyətinin
formalaşdığı məkan və
tolerantlığın beşiyi
Meksika səfiri: “Azərbaycan
tolerantlığı və multikulturalizminin ideal səviyyədə
olması ikitərəfli əlaqələrin güclənməsinə
müsbət təsir edir”
Hər bir xalq, dövlət üçün uşaq və gənclərin mənəvi inkişafı, xüsusən də onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ümdə məsələlərdən biridir. Bu gün Azərbaycanda elə dəyərlər var ki, onlar yüz, hətta min illər öncə formalaşıb və bu dəyərlər milliliklə ümumbəşəriliyin vəhdətini təşkil edir... Məsələn, xalqımızın tolerantlığı və Azərbaycan multikulturalizm modeli. Bu mənəvi dəyərlərimiz xalqımızın qanına, geninə elə hopub ki, onlar min illər boyu qorunub saxlanaraq günümüzə bir həyat tərzi kimi daşınıb. Artıq Azərbaycan deyəndə çoxsaylı etnik və dini qrupların yaşadığı müsəlman çoxluğa malik bir ölkə, əsrlər boyu etnik və dini azlıqlara dözümlülük və hörmət göstərən cəmiyyətin formalaşdığı bir coğrafi məkan yada düşür.
Həmçinin, bu gün ölkəmizə səfər edən ayrı-ayrı millətlərin və dinlərin nümayəndələri xüsusi olaraq qeyd edirlər ki, Azərbaycandakı tolerantlıq ənənələri zaman keçdikcə yeni müsbət xüsusiyyətlər qazanır və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilir. Nəinki Azərbaycanda ilk dəfə olan başqa xalqların nümayəndələri, eləcə də müvəqqəti olaraq ölkəmizdə yaşayan, fəaliyyət göstərən əcnəbilər də bütün dini konfessiyalara, fərqli millətlərə bərabər imkanlar, şəraitin yaradılmasından ağız dolusu danışırlar.
“Azərbaycanda məscid,
sinaqoq və kilsənin yanaşı, heç bir problem olmadan fəaliyyət
göstərməsi adi haldır”
Qonağı olduğumuz Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə məhz bu mövzuda söhbət açmışıq. Meksikalıların da azərbaycanlılar kimi qonaqpərvər və mehriban olduqlarını deyən səfir okeanın o tayında olmasına baxmayaraq Azərbaycanla Meksikanın xeyli ortaq dəyərlərinin, oxşarlıqlarının olduğunu bildirdi: “Öncə ondan söz açım ki, bizi birləşdirən dəyərlər çoxdur və bu dəyərlərin sayəsində hər iki ölkə arasında sıx iqtisadi və dostluq münasibətləri formalaşıb. 2014-cü ildən etibarən Meksikanın Azərbaycandakı səfirliyinin açılışından sonra isə Meksika-Azərbaycan arasında olan ikitərəfli əlaqələr xeyli inkişaf etdi. Misal üçün, ticari əlaqələr doqquz dəfədən çox artıb. Onu da qeyd etmək istərdim ki, ötən il bu istiqamətdə tarixi rekord vurulub. Siz Azərbaycanlıların tolerantlığı, dini konfessiyalara yaradılan şərait və ümumilikdə multikulturalizm kimi müasir dünyanın əsas dəyərlərindən sayılan vacib məqamlardan sual etdiniz. Bəli, bir xalqın dözümlülük göstəricisi, tolerantlığı onun təmsil etdiyi ölkəsinin də iqtisadi inkişafına səbəb olur. Əgər Azərbaycanda fərqli millətlərə, dinlərə neqativ münasibət sərgilənsəydi iqtisadi göstəricilərin artmasına səbəb olan amillərdən biri olan turizm inkişaf etməzdi. Misal üçün, Meksika ilə Azərbaycan arasında olan turizmlə bağlı əlaqələri göstərə bilərəm ki, burada da xeyli artım müşahidə edilir. Məsələn, Meksikalı turistlərin zəngin mədəni irsləri olan Azərbaycana olan səfərində 9 faizlik artım var. Azərbaycanlı turistlərin Meksikaya olan səfərlərində isə 16 faizlik artım olub. Bildiyiniz kimi ticarət də ikitərəfli əlaqələrin əsas dayağı sayılır. Bir maraqlı məqamı da xüsusi olaraq qeyd etmək istərdim. Bunu çox az adam bilir. Neft sənayesində istifadə olunan xüsusi 40 santimetrlik borular var ki, bunun da 10 faizi Azərbaycandan idxal olunur. Həmçinin bildirmək istərdim ki, Azərbaycana “Suru Nissan” avtomobilləri Meksikadan idxal olunur. Digər avtomillərin də idxalı bu sıradadır. Bütün bunlar bizim milli-mədəni bağlarımızı daha da möhkəmlədən ticari əlaqələrimizin bir hissəsidir. Yəni, Azərbaycan bir qədər qapalı, fərqli millətlərə arzuolunmaz münasibət sərgiləyən ölkə olsaydı buraya investisiya qoyuluşu da zəif olardı, ölkələrin sizinlə ticari-iqtisadi əlaqələrini genişləndirmək maraqları da. Bu gün bazarlarınızda artıq ən xırda məhsullardan sayılan Meksika limonlarını da görə bilərsiniz. Meksika meyvələrindən başqa məşhur “tekila”nı da bu sırada görmək olur”.
Fərqli millətlərə fərqli yanaşma göstərən millət və dövlətlərin inkişafında daim problem olacağını deyən səfir, multikulturalizmə xüsusi önəm verən Azərbaycanla mədəni əlaqələrin də genişləndirilməsində maraqlı olduqlarını bildirdi: “Biz sizin də xüsusi olaraq qeyd etdiyiniz kimi ideal multikultural bir məkana çevrilmiş Azərbaycanla mədəni əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq. Mədəni tədbirlər çərçivəsində tez-tez rəssamları, rəqqasları və musiqiçilərimizi Bakıya gətiririk. Bu günlərdə məşhur musiqiçilərimiz Xavier Nandayapa və Mirna Yamı paytaxtınıza gətirdik və öz məharətlərini göstərdilər. Əlbəttə onlar da buradakı qonaqpərvərlik və multikulturalizmdən məmnun qaldılar. Yəni bütün bu iqtisadi göstəricilərdə olan müsbət tendensiyanın, görülən işlərin, tədbirlərin, əməkdaşlıqların fonunda qeyd etdiyiniz milli-mənəvi dəyərlərinizin- Azərbaycan tolerantlığı və multikulturalizminin ideal səviyyədə olması ikitərəfli əlaqələrin güclənməsinə də təsir edir. Multikultural dəyərlərə önəm verən bir ölkəylə-Azərbaycanla hərtərəfli əlaqələrin genişlənməsi yaxın gələcəkdə də baş verəcək”.
Səfir onu dedi ki, tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu təkcə Meksikanın deyil, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir: “Azərbaycandakı tolerantlıqdan çox danışmaq olar. Burada məscid, sinaqoq və kilsənin yanaşı heç bir problem olmadan fəaliyyət göstərməsi adi haldır. Azərbaycanda məni təəccübləndirən bir neçə maraqlı məqamla rastlaşmışam. Rastlaşdığım bu məqamların, xırda detalların Meksikadakılarla oxşarlığını və eyniliyini gördükdə onun fərqinə vardım ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq biz hamımız eyni, oxşar mədəniyyətləri, dəyərləri, inancları hətta mətbəxi belə paylaşan insan övladlarıyıq. Qəribə səslənsə də, bir misal deyim. Sizdə tərxun adlanan bir bitki var ki, biz o bitkiyə “estraqon” deyirik. Tərxun və “estraqon” eyni bitkidir. Sadəcə olaraq biz iki fərqli millət olaraq onun adını dəyişib istifadə edirik. Amma siz tərxundan içki hazırlanmasında biz isə ədviyyat kimi istifadə edirik. Digər maraqlı məqam isə sizdə olan pərpətöyün bitkisinin eynisindən bizim də istifadə etməyimizdir. Bütün bunları ona görə qeyd etdim ki, əslində müəyyən mənada yer üzündə fərqli olan heç nə yoxdur. Rəng, dil, həyat tərzi fərqli ola bilər. Amma yaşam tərzlərindəki eyniliklər hər kəsi birləşdirir. Biz insan övladı olaraq okeanın o tayından buraya öz təəssüratlarımızı, təcrübə və həyatlarımızı mübadilə edərək birgə inkişaf edirik”.
“Dövlətin
qarşısında duran əsas vəzifələrdən
biri də milli-mənəvi dəyərlərin,
tolerantlıq ənənəsinin qorunması, eyni
zamanda gənc nəslə
aşılanmasıdır”
Millət vəkili Tahir Kərimli isə bizimlə söhbətində Azərbaycanda din-dövlət münasibətlərinin ideal səviyyədə olduğunu söylədi və məsələyə siyasi aspektdən yanaşdıqda bunun ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsinə təsir etdiyini bildirdi. Onun sözlərinə görə, ölkəmizdəki dövlət –din modeli dünyanın bir sıra aparıcı dövlətlərinə örnək olmalıdır. Dinə dövlət qayğısının təməlində isə milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, Azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur: “Ölkəmizdə bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaradılıb. Azərbaycandakı tolerantlıq, multikulturalizm həqiqətən də bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Dövlətin qarşısında duran əsas vəzifələrdən biri də milli-mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması, eyni zamanda gənc nəslə aşılanmasıdır. Bu gün nəinki Azərbaycandakı tolerantlıq və multikulturalizm sonrakı nəsillərə aşılanır, eləcə də Azərbaycan multikulturalizmi ayrı-ayrı ölkələrdə tədris olunur. Bu da onu göstərir ki, dünyada Azərbaycan multikulturalizmi modelinə maraq gündən-günə artmaqdadır. Bu modelin daha geniş, elmi müstəvidə öyrənilməsi və araşdırılmasına ehtiyac var. Bundan başqa ölkəmizdə bu istiqamətdə bir sıra beynəlxalq tədbirlər, konfranslar da keçirilir ki, bütün bunların təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaqdır. Bir məqamı xatırladım ki, artıq son vaxtlar beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bu da Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirməsi ilə bağlıdır”.
Millət vəkili deyir ki, Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqələr saxlayır, nəinki ölkəmizdə keçirilən tədbirlərdə, beynəlxalq dini konfranslarda yaxından iştirak edirlər: “Misal üçün, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları «Soxnut», «Aqudit İsrail» və «Tşuva İsrail» kimi beynəlxalq təşkilatlarla, eyni zamanda xarici yəhudi icmaları ilə sıx əlaqə saxlayırlar. Yəni bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qanunları da fərqli dinin, millətlərin nümayəndələri, dini konfessiyalar üçün imkan və şərait yaradır ki, onlar geniş şəkildə fəaliyyət göstərsinlər.”
Doğrudan da bu gün Azərbaycanda dini mövzuda heç bir problem yaşanmır, hətta sıfırdan müxtəlif dinlərin öyrənilməsi üçün münbit şəraitlər də yaradılır. Misal üçün, ölkədə xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, «Həyatverici lütf» icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir.
Son olaraq onu qeyd edək ki, günümüzdə Qərbdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlərin çoxalması fonunda Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək üçün daha çox zərurət yaranıb. Çünki Azərbaycandakı tolerantlıq mədəni və mənəvi cəhətdən inkişaf etmiş bir cəmiyyətin məhsuludur və multikulturalizmdən imtina edən dövlətlər bizim cəmiyyətə baxmaqla çox şey qazana bilərlər...
Tural Tağıyev
Palitra.-2019.- 5 iyul.- S.7.