Sədərəkdə yeni
sosial obyektlər
Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsindən biri də regionların inkişafı ilə bağlıdır. Regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir.
Son illər inkişafın müşahidə edildiyi regionlardan biri də cəbhə bölgəsində yerləşən Sədərək rayonudur. Rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlayıb, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunub. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirib. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin edib, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənib, məskunlaşma artıb. Prezident İlham Əliyev Sədərək rayonuna səfəri zamanı deyib: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoyub. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”.
48 mənzilli
yaşayış binası istifadəyə verilib
Hazırda Sədərək rayonunda quruculuq işləri davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib. İşğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonunda istifadəyə verilən yeni yaşayış binası 48 mənzillidir. Bu, ölkəmizin inkişafının, dövlətin vətəndaşlara qayğısının, göstəricisidir. Yeni yaşayış binasının ilk sakinləri də dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Çünki ölkəmizdə sosial sahənin inkişafı daim diqqətdə saxlanılır. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş, sağlamlığını itirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlətçilik yolunda öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə göstərilən qayğı, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir.
Sədərək
Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur. 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaq. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gələcəkdə kompleksdə sərnişin və yük qatarlarının gömrük nəzarətindən keçməsi üçün də lazımi şərait yaradılacaq, kinoloji xidmət fəaliyyət göstərəcək. Yeni gömrük kompleksinin istifadəyə verilməsi gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verəcək. Bu da iqtisadi-ticarət əlaqələrini genişləndirməklə yanaşı, həm də muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadəyə şərait yaradacaq.
Sədərək Rayon Su Monitorinq Laboratoriyası
yaradılıb
Muxtar respublikada
ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli
istifadə olunması
istiqamətində məqsədyönlü
tədbirlər həyata
keçirilir. Son illər
ətraf mühitin mühafizəsi sahəsində
görülən işlər
muxtar respublika ərazisində əlverişli
ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaradıb. Xüsusilə yaşıllıqların artırılması, flora və
faunanın mühafizəsi
sahəsində görülən
işlər öz nəticəsini verib.
Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına
xüsusi diqqət yetirilir. Bu tədbirlərin
davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
tabeliyində Sədərək
Rayon Su Monitorinq Laboratoriyası
yaradılıb, müasir
avadanlıqlarla təchiz
edilmiş yeni inzibati bina tikilib.
Sədərək rayonunun Heydərabad
qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilib.
Laboratoriyanın yaradılmasında məqsəd muxtar respublikanın su mənbələrinin çirklənməsinin
qarşısının alınmasından,
eləcə də sularda yaşayan canlıları qorumaqdan ibarətdir. Müasir laboratoriyanın
qurulması muxtar respublikanın sərhədləri
daxilində tədbirləri
vaxtında görməyə
və qərar qəbul etməyə imkan verəcək. Su monitorinqlərindən sonra analizlərin cavabı bu sahə ilə məşğul olan beynəlxalq təşkilatlara
göndəriləcək. İşğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə
alındıqda isə
dərhal beynəlxalq
təşkilatlar məlumatlandırılacaq.
Ölkə əhəmiyyətli Su Monitorinq Laboratoriyası dünyada yerləşən
su monitorinqi laboratoriyalarının xəritəsinə
daxil edilib. Laboratoriyanın Ermənistanla sərhəd
yaşayış məntəqəsi
olan Sədərək
rayonunda yerləşməsi
həm də müşahidə olunacaq problemlərə vaxtında
müdaxilə etməyə
imkan verəcək.
Binada analiz və nümunələrin hazırlanması
otaqları istifadəyə
verilib. Yeraltı və yerüstü
suların müxtəlif
təyinatlar üzrə
analizlərinin aparılması
üçün laboratoriya
müasir avadanlıqlarla
təchiz edilib. Laboratoriyada suyun radioaktiv çirklənməsini, suda
olan ağır metalları, suyun codluğunu, duzluluğunu,
elektrik keçiriciliyini,
tərkibində turşuların
və qələvilərin
miqdarını, suda həll olmuş oksigeni təyin etmək mümkündür.
Həmçinin laboratoriyada atom elektrik
stansiyalarında istifadə
olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ
gələn tritium izotopunu
təyin edən
“TRİ CARB” cihazı quraşdırılıb.
Yaradılan şərait muxtar
respublikada su mühitinin yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə
imkan verəcək.
Nigar Abdullayeva
Palitra.-2019.- 5 iyul.- S.5.