Rıza Tuna Turağay: “Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə İpək Yolu yenidən canlanacaq

 

“Biz öz ticarət dəyərlərimizi ən yaxşı istifadə etməklə Avropaya ixracı artırmalıyıq. Biz birlikdə olduğumuz zaman, o qədər ümumi xüsusiyyətlərimiz var ki, dünyada önəmli bir güc halına gələcəyimizə inanıram”

 

Bu günlərdə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu iclası keçirilib. Görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq, ortaq sərmayə qoyuluşuna imkanlarına dair müzakirə aparılıb.

Türkiyənin Ticarət nazirinin müavini Rıza Tuna Turagay, tədbirdə çıxışı zamanı bildirib ki, Türk Şurasına üzv dövlətlərin bir-biri ilə ticarət əlaqələrində bəzi problem var və bunların aradan qaldırılması vacibdir.

Rıza Tuna Turağay üzv ölkələrin potensialının ən yaxşı şəkildə qiymətləndirilməsinin lazım olduğunu vurğulayıb: “Biz öz ticarət dəyərlərimizi ən yaxşı istifadə etməklə Asiyadan maksimum dərəcədə faydalanıb Avropaya ixracı artırmalıyıq. Biz birlikdə olduğumuz zaman, o qədər ümumi xüsusiyyətlərimiz var ki, dünyada önəmli bir güc halına gələcəyimizə inanıram”.

O, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə İpək Yolunun yenidən canlanacağını, üzv ölkələrin ÇininBir Kəmər Bir Yol” layihəsində ümumi dəhlizdə yer almasının gələcək üçün böyük bir imkan yaratdığını və bunun ən yaxşı şəkildə qiymətləndirilməsinin lazım olduğunu söyləyib.

Bu ilin may ayında Türk Ticarət və Sənaye Palatasının qurulmasının ticarət əlaqələrinin inkişafı üçün konkret bir addım olduğunu vurğulayan Turağay, Türk Şurası tərəfindən bu il Azərbaycanda bir forumu və Özbəkistanda bir investisiya forumu təşkil ediləcəyini, bu forumların ölkələr arasındakı əlaqələrin artırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Turağay Azərbaycan və Qazaxıstan prezidentlərinin təklifinə əsasən, Birgə İnvestisiya Fondunun yaradılmasının əhəmiyyətli olduğunu deyib: “Birgə fondun yaradılması bizim dəstəklədiyimiz bir məsələdir. Biz onları qurmaq üçün institusional imkanlara baxmalıyıq, insan resursları, maliyyə davamlılığını dəyərləndirməliyik". O, qurulan bəzi fondların sonralar fəaliyyətsiz vəziyyətə gəldiyini vurğulayıb: “Gələcəkdə onun fəaliyyətini davam etdirmək, gəlirlər əldə etmək istəyiriksə addımlarımızı çox sağlam şəkildə atmalıyıq. Fondun necə fəaliyyət göstərəcəyini çox aydın şəkildə müəyyənləşdirmək lazımdır”.

Rıza Tuna Turağay, Türk Şurasına üzv olan ölkələr arasındakı ticarətin mövcud potensialdan çox az olduğunu vurğulayıb: “Biz 520 milyard dollarlıq ticarət həcmindən bəhs edirik. Ancaq ölkələrimizin öz aralarında həyata keçirdiyi ticarət həcmini topladığımızda, bu həcmin içərisindəki payın çox az olduğunu görürük. Bunu artırmağımız əsas hədəflərimizdən olmalıdır”.

 

Nigar Abdullayeva        

 

Palitra.-2019.- 5 iyul.- S.5.