Dürdanə Məmmədova: “Gənc nəsil milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda yetişdirilməlidir”

 

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dövlət üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Son illər uşaqların hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası formalaşıb, davamlı olaraq bir çox dövlət proqramları, tədbirlər planları qəbul olunur. Uşaqların sağlamlığının qorunması, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün geniş imkanlar yaradılır. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısı göstərilir və bu sahədə bir sıra mühüm addımlar atılır. Bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılıb. Elə, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu gün ölkədə fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi artıq 26 ilə yaxındır ki, ölkəmizdə fəaliyyət göstərən BMT-nin Uşaq Fondu ilə uğurlu layihələr həyata keçirir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir. İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il “Uşaq ili” elan olunub.

 

“Uşaq və gənclərin mənəvi cəhətdən zəngin olmaları üçün onları məktəbdənkənar dərnəklərə cəlb etmək məqsədyönlüdür”

 

Uşaq və gənclərin mənəvi inkişafı ilə bağlı onlar təhsil aldığı məktəbdə tədris zamanı dövlətçilik tariximiz, mənəvi dəyərlərimiz, Milli qəhrəmanlarımız, görkəmli şəxsiyyətlər, ədiblərimiz barədə məlumat alırlar ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır. Bu gün orta təhsil müəssisələrində şagirdlərə məhz bu istiqamətdə müvafiq dərslər tədris olunmaqla yanaşı, şagirdlər əyani vəsaitlərlə tanış olmaq üçün müxtəlif abidələrimizi, muzeyləri ziyarət edirlər. Təbii ki, bu ziyarət zamanı müşahidələr onlarda böyük təəssürat doğurur ki, bu da nəticədə uşaq və gənclərin mənəvi inkişafına böyük təsir göstərir.

Təhsil Nazirliyi Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin “Gənc-diyarşünas”dərnəyinin rəhbəri Dürdanə Məmmədova da bu fikirdədir: “Hər bir uşaq, bir şəxsiyyətdir. Uşaqların mənəvi cəhətdən sağlam böyüməsi ilk olaraq onların ailədə tərbiyə olunmasından başlayır. Bəzən cəmiyyət içərisində çətin tərbiyə olunan, psixoloji cəhətdən zəif, şıltaq uşaqlarla rastlaşırıq. Bu o demək deyil ki, onları kənarda saxlamalıyıq. Öncə onları fərd olaraq öyrənməli və bacarıqlarının inkişafında onlara mənəvi dəstək olmalıyıq. Kiçik yaşlardan uşaqları istedad və bacarıqları üzrə yönləndirmək daha məqsədyönlüdür. Çünki hər bir insan öz bacardığı, sevdiyi sahə üzrə çalışdıqda mənəvi cəhətdən daha inkişaf etmiş olur. Bu baxımdan uşaqları kiçik yaşlardan mənəvi psixoloji zərbədən qorumaq, cəmiyyət olaraq onları düzgün istiqamətləndirmək, dəstək olmaq lazımdır. “Gənc-diyarşünas” dərnəyinin rəhbəri olaraq mən bu mövzuda hər zaman dərnək üzvlərinə mənəvi cəhətdən dəstək olur, onları dinləyir və bacarıqları üzrə tapşırıqlar verirəm və bu onlar üçün mənəvi cəhətdən maraqlı olur. Hətta valideynlərdən təşəkkür edənlər də olur. Onlar bildirir ki, “mənim uşağım özünə qapalı idi, sizin dərnəyə üzv olduqdan müsbət dəyişikliklər var”. Verilən tapşırıqlar valideynlər üçün də maraqlı olur və uşaqlarla birlikdə işləyənlər də olur. Bu uşaqların mənəvi inkişafına stimul yaradır. Əlbəttə uşaqların mənəvi inkişafına dəstək olmaq, mənim üçün sevindiricidir. Uşaqlar gələcək üçün yetişən şəxsiyyətdir. Onları pis amillərdən qorumaq lazımdır”.

D.Məmmədova onu da qeyd etdi ki, ilk olaraq uşaqları milli ruhda istiqamətləndirmək lazımdır. Onun fikrincə, gənc nəsil milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda yetişdirilməlidir. Onlara Vətənini, torpağını, bayrağını sevməyi, tarixini, milli irsini dərindən öyrətmək lazımdır. Vətənə məhəbbət hissi uşaq və gənclərin ana dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığına sahib olması, ölkənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsidir ki, bunları onlara aşılamaq və bu istiqamətdə bilik və bacarıqlarının inkişafında dəstək olmaq lazımdır. O da vurğulandı ki, həmçinin uşaq və gənclərin mənəvi cəhətdən zəngin olmaları üçün onları məktəbdənkənar dərnəklərə cəlb etmək məqsədyönlüdür: “Məktəblilərin asudə vaxtlarını səmərəli keçirilməsində bizdə, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzində müxtəlif profilli dərnəklər fəaliyyət göstərir. Uşaq, yeniyetmə və gənclər ölkədaxili və beynəlxalq olimpiya, Avropa və dünya çempionatlarında iştirakı təmin edilir. Belə tədbirlərin keçirilməsi, uşaq və gənclərin mənəvi cəhətdən zəngin inkişafına təkan olur”.

Bildirildi ki, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi 1923-cü ildən fəaliyyət göstərən 8 mərkəzin birləşməsindən yaradılan məktəbdənkənar təhsil müəssisəsidir. Burada gənc ekoloq, eko klub, gənc turist, gənc bələdçi, gənc diyarşünas, rəsm - rəngkarlıq, cücələrim ansamblı, çalğı alətləri, teakvondo, cüdo, idman turizmi, səmti müəyyənetmə, şahmat, gənc riyaziyyatçılar, aviamodelçilik, robottexnika və.s bu kimi bir çox müxtəlif profilli dərnəklər fəaliyyət göstərir. Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin (RUGİM ) direktoru Firuzə Sultan-zadənin təşkilatçılığı və dəstəyi ilə il ərzində ölkədaxili və ölkə xaricində uşaq və gənclərin yarışlarda, tədbirlərdə, sərgilərdə, festivallarda iştirakları təmin edilir. Həmçinin cücələrim ansamblı, teakvondo idman növünün dərnək üzvləri ölkədaxili və xarici tədbirlərdə, yarışlarda iştirak edərək ölkəmizi təmsil edirlər. Onlar qızıl, gümüş, bürünc medallarla Vətənə dönürlər. D.Məmmədovanın sözlərinə görə, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi olaraq il ərzində məktəblilər üçün “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin Respublika festivalı, “Yaşıl-məktəb ekolojiyönümlü və enerji effektli pilot təhsil müəssisəsi” adlı layihə ilə məktəblilər üçün konfrans, “Gənc-diyarşünas”dərnək üzvləri tərəfindən hazırlanmış “Nənəmin sandığı” genoloji ailə şəcərəsinin dəyərli əşyaları adlı sərginin nümayişi, Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Gənc-partizan Mixaylo” adlı hərbi vətənpərvərlik oyunu təşkil olunub. Bundan başqa, Milli irsimiz “Kəlağayı dünən, bu gün, sabah”adlı sərgidə məktəblilərin iştirakı, Ümumdünya Kosmonavtika gününə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında “Gələcəyin mühəndisi” adlı müsabiqə, 9 May Faşizm üzərində Qələbənin 74-cü il dönümünə həsr olunmuş Böyük Vətən Müharibəsinin veteranları ilə görüş, ”Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi, Umumdünya Səmti Müəyyənetmə Gününə həsr olunmuş, eko klub üzvləri arasında səmti müəyyənetmə idman növü üzrə yarışda iştirak, Breyn-rinq intellektual oyunlar, Məktəblilərin Respublika Yaradıcılıq Festivalı və.s bir çox müxtəlif növ tədbirlər həyata keçirilir.

Əlbəttə, bu kimi tədbirlərin təşkilində məqsəd uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmək, Vətəninə, xalqına sağlam düşüncəli şəxsiyyətlərin yetişdirməkdir.

 

Məlihə Əsədova: “Şagirdlərin mənəvi inkişafı ilə bağlı müxtəlif səpkidə layihələrin yazılmasını təklif edərdim”

 

Bakı şəhəri Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlihə Əsədova da bildirdi ki, bir müəllim kimi uşaq və gənclərin mənəvi tərbiyəsində ilk olaraq daxili zənginliyi əsas götürür: “Buraya milli-mənəvi sərvətlərimizə olan hörmət, ehtiram, onların dünyagörüşündə xoş bir dəyişikliyə səbəb olan bütün amilləri misal göstərərdim. Onlarda gördükləri, seyr etdiklərinə yetərincə dəyər verə bilmək qabiliyyəti olmalıdır. Burada onların bizim tarixi abidələrimizlə tanışlığı, tarixi məkanlarımız haqqında kifayət qədər informasiyanı dinləyib dərk etmə qabiliyyəti, cəmiyyətdə özlərini apara bilmək qabiliyyətinin formalaşmasını əsas götürərdim. İstərdim ki, gənclər öz asudə vaxtlarını səmərəli, faydalı yerlərdə keçirsinlər. Hansı ki, bu onların daxilində müsbət bir çevriliş edərdi. Danışıqlarında, sivil qaydalara uyğun düşünmələrində, zamanın nəbzini tutmaqda yardımçı rol oynayardı. Güman edirəm ki, bu cür faydalı məkanlar kifayət qədərdir. Sadəcə nəinki gənclər arasında, eləcə də məktəblilər arasında da bu təbliğat güclü olmalıdır. Məktəblilər çayın axarına bənzəyirlər. İlk öncə maraq dairələri nəyə güclü olursa, sonralar da ona doğru can atırlar. Odur ki, məktəblilər, eləcə də gənclər arasında sağlam həyat devizini möhkəmləndirmək, sağlam həyat tərzini təbliğ etmək lazımdır. Məktəblərdə artıq belə bir dərnəklər fəaliyyətə başlayıb. Məsələn, bizim məktəbimizdə rəsm, rəssamlıq, şahmat, rəqs və idman dərnəklərinin fəaliyyətə başlaması məni sevindirir. Şagirdlər özlərini sağlam mühitdə kəşf edə bilərlər. Öz potensial imkanlarını, əyləncə kimi baxdığı hər hansı bir idman növü ya da digər sahədə uğurlar qazana bilərlər. Odur ki, sağlam düşüncələri ilə həyata atılmalarını dəstəkləyirəm. İstərdim ki, internetə cəlb olunmaqdansa faydalı işlərlə məşğul olsunlar”.

Mənəvi inkişafla bağlı bu gün dərsliklərimizdə olan mövzular onu qane etdiyini deyən M.Əsədova qeyd etdi ki, bu gün Azərbaycan dili dərslikləri yalnız qrammatikadan ibarət deyil, burada dostluq, mənəviyyatın inkişafı ilə bağlı bir çox dəyərli materiallar var: “Burada həm tariximizlə, keçmişimizlə, nağıllarımızla, Milli Qəhrəmanlarımızla sözün əsl mənasında sağlam vətəndaş olmağın sirləri aşılanmışdır desəm yanılmaram. Çox sevinirəm ki, dərsimizin bir saatı da şagirdlərlə nitqin, zəkanın inkişafına səbəb olan məhz belə mənəvi söhbətlərə köklənib. Bunu alqışlayıram. Milli Qəhrəmanlarımızı tanıyırlar, onlar haqqında maraqlı esselər yazırlar. Demək ki, onlarda dünənimiz, bu günümüz haqqında müəyyən fikirlər formalaşıb. Şagirdlərin mənəvi inkişafı ilə bağlı müxtəlif səpkidə layihələrin yazılmasını təklif edərdim. Hansı ki, şagirdlər özləri bu layihələrin iştirakçısına çevrilmələrinə cəhd edib mütaliələrə cəlb olunardılar. Bədii, tarixi mövzularda, lirik şeirlərin oxunmasında onları cəlb edərdik. Çünki daxili zənginlik yalnız səyahətlərlə kifayətlənmir, dünyagörüşünün formalaşmasında mütaliə də mütləqdir”.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində hərtərəfli addımların atılması vacibdir. Gələcək nəslin sağlam formalaşmasında psixoloji hazırlıq, sosiallaşma, cəmiyyətə inteqrasiya olunmasında düzgün istiqamətləndirmə, təhsil, mədəniyyət və incəsənət, idmanın mühüm rolu var. Bu gün həm orta, həm də ali təhsil müəssisələrində onlara düzgün dəyərlərin aşılanması gələcəkdə problemlərdən uzaq olmasına imkan verir.

 

Nigar Abdullayeva

 

Palitra.-2019.- 9 iyul.-S.5.