Donald Tusk işğalçı Ermənistanı
məyus edib
Bakıya səfərindən sonra Yerevanda görüşlər
keçirən Avropa İttifaqı (Aİ) Şurasının
Prezidenti Donald Tusk erməniləri
məyus edib. AZƏRTAC erməni KİV-lərinə
istinadla xəbər verir ki, Ermənistanın
baş naziri Nikol Paşinyanla görüşündən sonra
keçirilən mətbuat
konfransında Aİ rəsmisi
Dağlıq Qarabağ
probleminin yalnız sülh yolu ilə həll ediləcəyini vurğulayıb.
Ermənistan hökumətinin başçısı isə
səfərin yekunlarını
şərh edərkən
bu məsələyə
toxunmayıb.
Eyni zamanda, səfərin yekunlarını
şərh edən erməni politoloqlar Donald Tuskun bəyanatlarından məyus olduqlarını gizlətməyiblər. Siyasi şərhçi Armen Badalyan “Sputnik-Armenia” saytına
müsahibəsində bildirib
ki, avropalı siyasətçinin Bakıda
keçirilən mətbuat
konfransında Aİ-nin
Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini bir
daha bəyan etməsi, lakin nə orada, nə də Yerevanda “millətlərin öz müqəddəratını
təyin etməsi” hüququndan danışmaması
erməni ictimaiyyətində
narazılıq doğurub.
Donald Tuskun Aİ Şurasının Prezidenti
kimi artıq öz səlahiyyətlərini
başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini
dəstəkləyən bəyanatından
sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli
mövqeyin problemə
şəxsən Tuskun
deyil, Aİ-nin rəsmi yanaşmasının
nəticəsi olduğunu
unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ
münaqişəsinin nizama
salınması üzrə
vəzifədən gedən
başçının (Donald Tusk) deyil, Aİ Şurasının
yeni rəhbərliyinin
nə söyləyəcəyi
mühümdür”. Problemə dair
erməni ritorikasından
istifadə edən politoloq onu da
əlavə edib ki, problemin həlli
ilə Aİ məşğul
olmur və bu səbəbdən Donald
Tuskun mövqeyi ermənilər üçün
o qədər də əhəmiyyətli deyil.
“Əlbəttə, Tusk təsadüfi bəyanatlarla
çıxış edəcək
şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə
alaraq onun sözlərinin əhəmiyyətini
şişirtmək lazım
deyil”.
Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti
Lüksemburqda “Qarabağ”
Azərbaycan-Lüksemburq Mədəniyyət
Assosiasiyasında olub
Yeri gəlmişkən, Lüksemburqda
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) 28-ci sessiyasının işində
iştirak etmiş Bahar Muradova, Azay Quliyev, Tahir
Mirkişili, Ülviyyə
Ağayeva, Kamran Nəbizadə və Elşad Həsənovun daxil olduqları Azərbaycan Milli Məclisinin nümayəndə
heyəti Lüksemburqda
“Qarabağ” Azərbaycan-Lüksemburq
Mədəniyyət Assosiasiyasında
olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara
Mərkəzin gözəl
tərtib olunmuş və Azərbaycan rəssamlarının və
heykəltəraşlarının əsərləri, çap
materialları, milli geyimdə olan manekenlər qoyulmuş binası göstərilib.
Assosiasiyanın üzvləri azərbaycanlı
deputatlara təmsil etdikləri diaspor təşkilatının fəaliyyəti
haqqında məlumat veriblər və öz tarixi Vətənlərinin naminə
apardıqları işi
davam etdirmək arzusunu və əzmini ifadə ediblər.
ATƏT
PA-da Azərbaycan nümayəndə heyətinin
başçısı, Milli
Məclisin vitse-spikeri,
eyni zamanda Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının
üzvü olan Bahar Muradova soydaşlarımıza göstərdikləri
vətənpərvərliyə və çoxşaxəli
fəaliyyətə görə
təşəkkür edib,
bu təşkilata hərtərəfli kömək
və dəstək göstərməyə hazır
olduğunu bildirib. O, Lüksemburqdakı Azərbaycan
diasporunun fəalları
ilə bu ölkənin siyasətçiləri,
xüsusən Hersoqluğun
qanunverici orqanının
deputatları arasında
əlaqələrin genişləndirilməsinin
vacib olduğunu qeyd edib.
Lüksemburqda tanınmış şəxsiyyət
və ölkəmizin
həqiqi dostu xanım Lea Linsterin rəhbərlik etdiyi “Qarabağ” Azərbaycan-Lüksemburq
Mədəniyyət Assosiasiyası
2011-ci ildən Lüksemburq
ictimaiyyəti üçün
maarifləndirici iş
aparır, Azərbaycanın
zəngin mədəniyyətini,
qədim tarixini və ənənələrini
təbliğ edir, müxtəlif sahələrdə
dostluq əlaqələrinin
və ikitərəfli
əməkdaşlığın inkişafına kömək
edir. Bu təşkilatın
yüzə yaxın üzvü var və onların əksəriyyəti lüksemburqlulardır.
Assosiasiya hər il Azərbaycan
rəssamlarının və
heykəltəraşlarının sərgilərini, musiqiçilərin
və rəqs qruplarının konsertlərini
təşkil edir, filmlər nümayiş etdirir. Bundan başqa, bu
təşkilat illik beynəlxalq yarmarkada da iştirak edir.
Heydər Əliyev Fondu Assosiasiyaya kömək məqsədilə çoxlu
sayda kitab, jurnal və kompakt-disklər göndərib. 2014-cü ildə Assosiasiyanın evi olan “Qarabağ”
Mərkəzinin açılışı
olub. Qeyd etmək lazımdır
ki, Mərkəz Lüksemburqun mərkəzində
yerləşir.
“TRT World”ün Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı hazırladığı sənədli
film Hollivud Beynəlxalq
Film Festivalının mükafatını
qazanıb
Bu arada“Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri”
(Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı
sənədli film ABŞ-ın
Los-Anceles şəhərində
keçirilən Hollivud
Beynəlxalq Qısametrajlı
Film Festivalında “Ən
yaxşı qısa sənədli film” mükafatına
layiq görülüb.
AZƏRTAC xəbər verir ki, sənədli
film daha dörd nominasiya üzrə beynəlxalq mükafatlara
(Amsterdam, Los-Anceles, Nyu-York
film festivallarının mükafatları
da daxil olmaqla) namizəddir və bu mükafatların
qazanılması şansı
çox yüksəkdir.
“Ən yaxşı qısa sənədli film”
mükafatının təqdim
edilməsi mərasimi
gələn il
yanvarın 25-də Hollivudda
keçiriləcək.
Qeyd edək ki, Türkiyənin
ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı -
“TRT World” tərəfindən hazırlanan filmin rejissoru və prodüseri Ataxan Kərküklü (Türkiyə),
ssenari müəllifi Oubai Şahbandardır
(ABŞ).
Bu il fevralın
26-da efirə gedən
iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri,
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
tarixi, səbəb və nəticələri,
Xocalı soyqırımı
barədə tamaşaçılara
ətraflı məlumat
verilir.
Çəkilişlərinin əsasən cəbhə bölgəsində
aparıldığı sənədli
filmdə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində
Azərbaycanın çox
çətin vəziyyətlə
üzləşdiyi, ölkədə
son ümidlərin də
itirildiyi bir vaxtda Heydər Əliyev hakimiyyətə
qayıtmaqla xalqın
ümidini bərpa etməyi bacardı.
Filmdə Xocalı soyqırımı
şahidlərinin, məcburi
köçkünlərin, hərbçilərin, eləcə
də rəsmi şəxslərin müsahibələrinə
yer verilib. Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin torpaqlarımızın düşmən
tapdağından azad ediləcəyi ilə bağlı fikirləri də filmdə əks olunub.
Qeyd edək ki, bu
sənədli filmin hazırlanması üçün
“TRT World” kanalının çəkiliş
heyəti dəfələrlə
Azərbaycana səfər
edib, cəbhə bölgəsində, Naxçıvan
Muxtar Respublikasında
olub. Həmçinin çəkiliş qrupu filmin hazırlanması
ilə əlaqədar
Amerika Birləşmiş
Ştatlarında, Rusiyada
olub, həmin ölkələrdə diplomatlardan,
tanınmış ekspertlərdən,
tarixçi alimlərdən
müsahibələr götürülüb.
Xüsusilə qeyd edilməlidir
ki, Dağlıq Qarabağ münaqişəsinin
şahidi olmuş yeganə əcnəbi, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalisti olan Tomas Qolts filmin çəkilişi
ilə əlaqədar
Azərbaycana gəlib,
Bakıda, cəbhə
bölgəsində onunla
söhbətlər aparılıb.
Tomas Qolts Azərbaycanda
erməni təcavüzkarlığı,
xüsusilə də Xocalı soyqırımı
ilə bağlı şahidi olduğu faktları filmdə tamaşaçıların diqqətinə
çatdırır.
Sənədli filmdə Azərbaycan Ordusunun qüdrətindən,
xüsusilə də
2016-cı ilin Aprel döyüşlərindən, uğurlu
Naxçıvan əməliyyatından
ətraflı bəhs
edilir.
Fuad Hüseynzadə
Palitra.- 2019.- 12 iyul.- S.6.