“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı videomüraciət ünvanlayıb. Trend-in məlumatına görə, ingilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə qeyd olunur ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb. Qarabağ atları barədə qədim yunan tarixçisi Herodotun məşhur “Tarix” əsərində, Kitabi-Dədə Qorqud dastanında, rus rəssamı Vasili Vereşşaqinin qeydlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı videoçarxda bu atların keçmişindən də bəhs olunur:

Qarabağ xanı İbrahimxəlil xanın təşəbbüsü ilə ildə iki dəfə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. Burada həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki, Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-ci ildə UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi”.

Video çarxda daha sonra vaxtilə bu atların iştirak etdiyi sərgilərdən və Böyük Britaniya kraliçasına hədiyyə edilən Qarabağ atından bəhs olunur. Qeyd edilir ki, XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edirdi. 1866, 1869 və 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə keçirilən sərgilərdə Qarabağ atları xüsusi mükafatlara layiq görülüblər. 1956-cı ildə isə Qarabağ atlarının tarixində önəmli hadisə baş verib. Kraliça II YelizavetayaZaman” adlı Qarabağ atı hədiyyə edilib. Bununla da Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayıb. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib.

Video çarxda Qarabağ atlarının xüsusiyyətləri haqda da danışılır. Vurğulanır ki, çaparaq yerişi, çevikliyi, qızılı rəngi, ayağında və alnında mil şəkilli qaşqası ilə tanınan Qarabağ atları digər at cinslərindən fərqli olaraq öz sahiblərinə daha çox sadiq olurlar. Bu atlar heç vaxt döyüş meydanında yaralı sahibini atıb getməyib. Qarabağ atını digər at cinslərindən fərqləndirən başlıca xüsusiyyət isə bu atların qapalı şəraitdə yaşamağı sevməməsidir. Qarabağ atları əsrlər boyu Roma, Ərəb, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da öz spesfikliyini qoruyub saxlayıb.

Videoçarxın müraciət bölümündə isə bildirilir ki, bu gün Qarabağ atlarının yetişdirilməsi üçün Azərbaycan dövləti müxtəlif proqramlar həyata keçirir. Təəssüflər olsun ki, min illər boyu Qafqazın Şərq ətəyində yetişdirilən Qarabağ atları indi nə Qarabağın suyundan içə, nə də onun səfalı təbiətində gəzə bilirlər: “Ümid edirik ki, münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək. Biz öz yurdumuzda yenidən məşhur Qarabağ atlarını yetişdirəcəyik. Cıdır düzü isə yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq”.

 

 

Erməni saxtakarlığının növbəti ünvanı Roma oldu

Türkiyə, Azərbaycan və yaxın Şərqdə tarixi abidələri və coğrafi məkanları saxtakarlıqla mənimsəmək istəyən erməni mətbuatının növbəti ünvanı Roma olub. AZƏRTAC xəbər verir ki, erməni jurnalistləri İtaliyanın ANSA informasiya agentliyində mayın 24-də dərc olunmuş xəbəri özünəməxsus “erməni uydurması” prizmasından təhlil edib və belə qərara gəliblər ki, Romanın mərkəzində - imperator Trayanın adını daşıyan forumunonun məşhur sütunlarının yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılan heykəl başı da “əzabkeş millətin” uydurma ilahəsinə məxsus imiş.

ANSA agentliyinin xəbərində bildirilir ki, Roma Arxeologiya İdarəsinin apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən mərmər heykəlin başının neçənci əsrə və kimə aid olduğu məlum deyil. Arxeoloqları təəccübləndirən isə, bu heykəl başının ideal vəziyyətdə qalması, yalnız burnunun qırılmasıdır. Təxminən 50 gündən sonra bu xəbəri təhlil edən ermənilər öz adətləri üzrə onu “özəlləşdirmək” qərarına gəliblər. Onlar iddia ediblər ki, romalıya məxsus olan bu heykəl başı Yaxın Şərq panteonları ilahəsi və guya erməni olmuş Anaitə bənzəyir. Bu minvalla “əzabkeş xalqın” mətbuatının tezliklə Amerikadakı qədim mayaların və inklərin tarixi-mədəni abidələrini də öz adlarına çıxacağı təəccüblü olmayacaq.

 

Erməni terrorçu tərəfindən qətlə yetirilən türkiyəli diplomat anılıb

Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoyun ASALA erməni terror təşkilatının silahlıları tərəfindən qətlə yetirilməsindən 36 il ötür. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar bir sıra yerlərdə, o cümlədən Türkiyənin Brüsseldəki səfirliyi tərəfindən qanlı hadisənin törədildiyi yerdə anma mərasimləri təşkil olunub.

Qeyd edək ki, Dursun Aksoy xidməti müddətinin bitməsinə 15 gün qalmış, 1983-cü il iyulun 14-də BrüsselinFranklin Roosevelt” prospektində, yaşadığı evin qarşısında erməni terrorçu tərəfindən amansızcasına qətlə yetirilib. Şəhid diplomatın qatili yaxalansa da, saxta bəraətlə azadlığa buraxılıb.

Yeri gəlmişkən, Rusiyanın MeqaFon mobil operatoru Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib. Rusiya Azərbaycanlılar İttifaqı bununla bağlı bəyanat yayıb: “Rusiyanın ikinci böyük mobil operatoru MeqaFon növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirib. Beynəlxalq hüquqa, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluqstrateji tərəfdaşlıq münasibətlərinə məhəl qoymayan MeqaFon Ermənistan tərəfdən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib. Şirkət Azərbaycanla Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün danışıq tariflərini uyğun olaraq hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib. Rusiya Azərbaycanlıları İttifaqı Rusiyanın ən nəhəng rabitə şirkətlərindən olan MeqaFonun bu qərarından hiddətləndiyini bildirir, baş verənləri erməni separatçılarının lehinə provakasiya sayır”. Rusiyanın ən iri rabitə şirkətlərindən olan MeqaFon-un qərarına etiraz edən RAİ mobil operatoru beynəlxalq hüquq normalarına əməl etməyə çağırır: MeqaFon şirkətinə xatırlatmaq istəyirik ki, ərazisində hüquqi şəxs kimi fəaliyyət göstərdiyi Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, eyni zamanda Azərbaycanı özünün Cənubi Qafqazda ən etibarlı tərəfdaşı hesab edir. Vurğulayaq ki, MeqaFonun Rusiya Federasiyasının dövlət maraqlarını aşaraq maraqlarına xidmət etdiyi Ermənistanın parlament nümayəndə heyəti üzvlərinin yarısı bu qərarının əleyhinə səs verib. Bir daha mobil operator rəhbərliyinin diqqətinə çatdırırıq ki, Dağlıq Qarabağ Respublikası adlı dövlət yoxdur, dövlət kimi göstərilən ərazilər Azərbaycan Respublikasının Ermənistan tərəfdən işğal olunan əraziləridir. Beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır və BMT-nin Ermənistan qoşunlarının işğal edilən Azərbaycan torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan çıxarılması ilə bağlı bağlı 4 qətnaməsi var”.

 

Fuad Hüseynzadə

 

Palitra.-2019.-16 iyul.-S.6.