Ağdamlılar doğma torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqlar

 

Ağdamın tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib

 

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 23-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv ediblər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. 26 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır. AZƏRTAC xəbər verir ki, rayonun Xaçın-Dərbəndli kəndində Qutlu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində məscid (1868-ci il), Şahbulaq kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndində məbəd (VI əsr), XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, onlarca digər abidələr erməni vəhşiliyinin qurbanına çevrilib. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparıblar. Belə muzeylərdən 3 mindən artıq eksponatı olan Ağdam tarix-diyarşünaslıq muzeyinin, Çörək muzeyinin, tarzən Qurban Pirimovun xatirə muzeyinin, şəkil qalereyasının adlarını çəkmək olar. Rayon ərazisində mövcud olan abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Bu arada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində bildirib ki, ermənilər Azərbaycanın işğal etdikləri ərazilərində xeyli sayda mədəni abidələrimizi və məscidlərimizi dağıdıblar: “Bizdə Ağdamda 17 məscidin ermənilər tərəfindən dağıdılması ilə bağlı məlumatlar var. Bu gün Ağdamın ermənilər tərəfindən işğalından 26 il ötür. Ermənilər zəbt etdikləri digər yaşayış məskənləri kimi, Ağdamda da bütün abidələri və məscidləri dağıdıblar”.

 

Erməni vandalları Ağdamın işğal altındakı kəndlərində yaşıllıqları tamamilə məhv ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytının məlumatına görə, Ağdam rayonunda təsdiq edilmiş ehtiyatları 64 milyon 863 min kubmetr olan mişar daşı istehsalına yararlı Şahbulaq əhəngdaşı yatağı, sement istehsalına yararlı Çobandağ əhəngdaşı (ehtiyatları – 140464 min ton), Boyəhmədli gil (ehtiyatları – 44708 min ton) və Şorbulaq gil (ehtiyatları 25197 min ton) yataqları, ehtiyatları 3 milyon 999 min kubmetr olanüzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı Ağdam gil (ehtiyatları 1599 min kub metr) yatağı, ümumi ehtiyatları 29 milyon 599 min kubmetr olan 2 (Xaçınçay və Qarqarçay) qum-çınqıl qarışığı yataqları var.

Ağdam şəhərində yaşı 150 ildən 250 ilədək olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 Şərq çinarı pasportlaşdırılmış təbiət abidəsi kimi qorunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyininİşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i rayonun erməni işğalı altında olan Güllücə, Qərvənd, Göytəpə, Paprəvənd, Qalayçılar, Boyəhmədli kəndlərində qəsdən yanğınların törədilməsi nəticəsində yaşıllıqların tamamilə məhv edilməsi, işğal altındakı ərazilərdən yaşı 400-ə çatan çinar ağaclarının doğranmış halda Ermənistan istiqamətinə aparılması faktını aşkarlayıb.

 

Ağdamlılar doğma torpaqlarının işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazırdırlar

Yeri gəlmişkən, ötən gün Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğalı günü ilə əlaqədar olaraq rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib. Rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Çıxışlarda vurğulanıb ki, ağdamlılar doğma torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqlar. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar. Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə başa çatıb.

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar iyulun 23-də Ağdam ictimaiyyətinin nümayəndələri Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən ağdamlı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

 

Dövlət Komitəsinin sədri köçkün vətəndaşları qəbul edib

Yeri gəlmişkən, iyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

Qeyd edilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.

Xatırladaq ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

 

Fuad Hüseynzadə

 

Palitra.-2019.-24 iyul.-S.7.