“Ermənistan tərəfi
danışıqlarda irəliləyişin əldə edilməsinə
maneçilik törədir“
ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində
yerləşən Azərbaycan və Ermənistan
qoşunlarının təmas xəttində keçirilən
monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.
Yeri gəlmişkən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.
“Dağlıq Qarabağ problemi üzrə
danışıqlar münaqişənin birbaşa
iştirakçıları olan Ermənistan
və Azərbaycan arasında aparılır”
Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı cəfəng fikirlər söyləyib. Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Ermənistan XİN-in mətbuat katibi tərəfindən qondarma "DQR" kimi təqdim edilən ərazi bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir: “Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir.
Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib. Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları-Ermənistan ilə Azərbaycan arasında aparılır. O ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu haqda ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm.
Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərdən etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan sonra və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə azərbaycanlı və erməni icmalar tərəfindən birgə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir.
Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir.
Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir" (AZƏRTAC).
“Avstraliyanın Rayd şəhər Şurasının qəbul
etdiyi sənəd hüquqi
baxımdan heç bir
əhəmiyyət kəsb etmir”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avstraliyanın Rayd şəhər Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul etməsi ilə də bağlı KİV-in sualını cavablandırıb. AZƏRTAC xəbər verir ki, mətbuat katibi deyib: “İlk növbədə qeyd etmək istərdim ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir. Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər Şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib.
Xatırlatmaq istərdim ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir, yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.
Metsamor AES-in dünya və region üçün
hansı riskləri var?
Məlum olduğu kimi, Metsamor AES-in dünya və region üçün
hansı riskləri
var. Təhlükəsizlik məsələləri
üzrə ekspert Elmar Nurəliyev KİV-ə
açıqlamasında təhlükəli
vəziyyətdə olan
AES-lərin risklərindən
danışıb. Ekspert hesab edir ki,
regionda və dünyada beynəlxalq təhlükəsizliyin və
sülhün, ekologiya
təhlükəsizliyinin təmini
üçün Atom Elektrik
Stansiyalarının təhlükəsizliyi
təşkil edilməlidir:
“Atom Elektrik Stansiyalarının
təhlükəsizliyinin yüksək
səviyyədə təşkil
edilməsi bəşəriyyət
üçün qlobal
xarakterli olmaqla, həm region dövlətlərinin,
həm də dünyanın bütün
ölkələrinin siyasi
və iqtisadi maraqları baxımından
həmişə diqqət
mərkəzində olan
məsələdir. Ümumilikdə dünyanın 30-dan çox
ölkəsində AES-lər
fəaliyyət göstərir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin
məlumatına görə,
2030-cu ilə qədər
dünyada AES-lərin
sayı 700-ü keçəcək.
Bunların demək olar
ki, çoxu inkişaf etmiş ölkələrin payına
düşür. Siyahıda ABŞ birinci yeri, ikinci
və üçüncü
yerləri isə Fransa və Yaponiya tutur. Ümumiyyətlə, dünyada enerji
asılılığını aradan qaldırmaq üçün daha ucuz başa gəldiyinə görə
nüvə enerjisindən
istifadə edilir.
Lakin nüvə reaktorunda olan radioaktiv şüalanma həm
AES-in yerləşdiyi ölkə,
həm region, həm də bütün bəşəriyyət üçün
ciddi təhlükə
mənbəyidir. Bunu Atom Elektrik
Stansiyalarında baş
verən qəzaların
nəticələrindən də açıq-aydın
görmək olar”.
Ekspert vurğulayıb ki, AES-lərdə baş verə biləcək qəzalardan heç bir dövlət sığortalanmayıb: “1948-ci il SSRİ-nin Çelyabinsk rayonunun Mayak kombinatında,
1986-cı ildə Ukraynada
Çernobl şəhərində,
eləcə də Yaponiyada Fukusima faciəsini xatırlamaqla
AES-lərdə baş
verən qəzaların
necə böyük faciələrə gətirib
çıxardığını daha aydın təsəvvür edə bilərik. Təəssüf ki, bütün
dünya, o cümlədən
Cənubi Qafqaz və ətraf regionlar üçün potensial təhlükə mənbəyi olan Ermənistandakı Metsamor
AES qəzalı vəziyyətdə
ola-ola fəaliyyətini
davam etdirir. Qərb buna görə narahatlığını bildirmir.
Hətta
region dövlətləri belə,
bu məsələyə
diqqətsiz yanaşır.
Keçmiş Sovet hakimiyyəti
bu Metsamor AES-in işləməsinə, onun
təhlükəsizlik fəaliyyətinə
inanmayaraq onun istifadə olunmasını
dayandırmışdı. Ermənistan
1995-ci ildən həm
yerli, həm də beynəlxalq dairələrin narazılığına
baxmayaraq ölkədə
ciddi enerji böhranının olduğunu
əsas gətirərək
Metsamor AES-i işə saldı”.
Fuad Hüseynzadə
Palitra.- 2019.- 26 iyul.- S.6.