İlham Əliyev dövlətçiliyin
keşiyində, antimilli qruplar hakimiyyət eşqində...
Hər bir dövlətin idarəçilik
sisteminin effektivliyi, ilk növbədə mövcud hakimiyyətin
qəbul etdiyi qərarların düzgünlüyündən
və ölkənin strateji maraqlarına cavab verməsindən
asılıdır. Səmərəli idarəçilik,
həmçinin qəbul olunmuş qərarları icra edəcək
kadrların peşəkarlığı ilə də sıx
bağlıdır. Əgər düzgün siyasət
iqtidarın uzaqgörənliyi, praqmatizmi, qətiyyəti,
prinsipiallığı və təmkinli davranışı ilə
şərtlənirsə, kadr siyasətinin uğuru qəbul
olunmuş qərarların vaxtında və tam yerinə
yetirilməsindən, o cümlədən qarşıya qoyulan
vəzifələrin, ortaya çıxan ictimai problemlərin
həllində optimallıq, operativlik və icra intizamından
asılıdır.
Sosializmin banisi Vladimir Lenin 1917-ci il inqilabından sonra bolşeviklərin kadr siyasətini formalaşdırarkən belə bir fikir ifadə etmişdi ki, “hər bir aşpaz dövləti idarə edə bilər”. Əslində, Lenin bu fikirlə bolşevikləri başa salmaq istəyirdi ki, o zaman hakimiyyətdə kadr qıtlığı ilə bağlı yaranmış boşluğu doldurmaq üçün mövcud təcrübəli kardlar vasitəsilə qısa zamanda sadə insanları öyrətmək və dövlət idarəçiliyinə cəlb etmək lazımdır. Lakin bolşeviklər ictimai-siyasi və sosial-mədəni həyatın bütün sahələrində keçmişlə bağlı hər şeyi inkar edərək, minlərlə peşəkar siyasətçiyə, iqtisadçıya, mədəniyyət və təhsil xadimlərinə, çoxsaylı mütəxəssislərə acı bir tale yaşatdı ki, bu da sonrakı illərdə ölkəyə çox ciddi problemlər bahasına başa gəldi.
Əminliklə deyə bilərik ki, 1992-ci ildə
qısa müddətdə hakimiyyəti ələ
keçirmiş xalq cəbhəsi-müsavat hökuməti də
Azərbaycan cəmiyyətinə oxşar problemlər
yaşatdı.
O zaman müxtəlif vəzifələrdə təmsil olunan
peşəkar kadrlar təzyiq və təqibə məruz
qoyularaq iş başından uzaqlaşdırıldı. Hakimiyyətin həyata keçirdiyi “kadr siyasəti”
sayəsində təcrübəsiz populistlər, qoluzorlular,
başıpozuqlar mühüm postlara gətirildi və nəticədə
ölkə xaos və anarxiyaya sürükləndi.
Ən acınacaqlısı isə o idi ki, müharibə vəziyyətində
olan bir ölkənin yeni formalaşan hərbisinin, polisinin və
s. qurumların başına Rəhim Qazıyev, İsgəndər
Həmidov, Leyla Yunus və onlar kimi digər səriştəsiz,
iddiaları ilə imkanları uyğun gəlməyən, bəzən
xarici ölkələrin xüsusi xidmət orqanlarına
bağlı qüsurlu kadrlar təyin edildi. Azərbaycanda
hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı
silahlı dəstələrin
özbaşınalığı, cəbhədə, polis və
prokurorluq orqanlarında hökm sürən hərc-mərclik,
kütləvi xəyanət, satqınlıq, əsgər və
zabitlərin acınacaqlı durumu, laqeydlik və s. ölkədə
adi hala çevrilmişdi.
Həmin dövrdə dövlət katibi postunu tutan
Əli Kərimlinin özü parlamentin tribunasından idarəçiliyin
acınacaqlı vəziyyətini etiraf etməyə məcbur
olmuşdu. Bu etiraf, əslində o dövrdə onun mənsub
olduğu hakimiyyətin təkcə hərbi və inzibati sahədə
deyil, ictimai-siyasi, sosial-iqtisadi, ümumiyyətlə, cəmiyyət
həyatının bütün sahələrində
nümayiş etdirdiyi yarıtmaz dövlət idarəçiliyinin
göstəricisi idi. Çünki həmin
dövrdə nəzarətsizlik, nizam-intizamsızlıq
ölkənin bütün daxili həyatına hakim kəsilmişdi.
İnkarçılıq prinsipi və
emosiyalarla dövləti idarə edənlərin qüsurlu və
ziyanlı qərarlarının həm də mənəm-mənəmlik
iddiası ilə alışıb-yanan qeyri-peşəkarlar tərəfindən
həyata keçirilməsi başqa nəticə verə də
bilməzdi. Acınacaqlı nəticələr
özünü çox da gözlətmədi. Cəmi
bir il müddətində bolşevik təfəkkürlü
cəbhə hakimiyyəti Azərbaycan dövlətini anarxiya və
xaosa sürükləyərək ciddi təhlükə ilə
üz-üzə qoydu...
Sonrakı tarix də hər kəsə bəllidir. Xalq
özünün xilaskarına üz tutdu və Elçibəy
hakimiyyətini təcrübəli siyasi və dövlət
xadimi Heydər Əliyevi təcili şəkildə Bakıya
dəvət etməyə məcbur etdi. Heydər
Əliyev Bakıya qayıtdı və qısa zaman kəsiyində
Azərbaycanı düçar edildiyi o dərin və ciddi
böhrandan, milli-vətəndaş qarşıdurmasından
çıxarmaq, layiq olduğu inkişafa və rifaha
qovuşdurmaq üçün tarixi missiyasını həyata
keçirməyə başladı.
Ulu
Öndər Heydər Əliyev ölkədə törədilmiş
vətəndaş qarşıdurmasını dayandıraraq,
daxili sabitlik və milli birlik yaratmaq, Qarabağ münaqişəsi
zamanı xalqımızın aldığı dərin yaraları
sağaltmaq, qaçqın və məcburi
köçkünlərin çoxsaylı problemlərini həll
etmək, ölkənin dayanıqlı sosial-iqtisadi
inkişafını təmin etmək, qonşularla və beynəlxalq
aləmlə hərtərəfli tərəfdaşlıq münasibətləri qurmaq və bu kimi digər
mühüm strateji vəzifələrin həlli
üçün çox ciddi işlər gördü. Peşəkar kadrları hakimiyyət strukturlarına
cəlb edərək dövlət quruculuğu prosesinə
başladı, respublikanın geniş maddi və insan
resurslarını hərəkətə gətirdi, sistemli və
ardıcıl islahatlar apardı və arzu etdiyimiz Azərbaycan
dövlətini qurdu.
Bu gün
əminliklə söyləmək olar ki, 1993-cü ildə
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
qarşıya çıxan əksər problemləri həll
etməyə, müstəqil dövləti qurmağa və
inkişaf etdirməyə ona görə nail ola bildi ki, o, həm
böyük siyasətçiyə xas olan bütün idarəçilik
xüsusiyyətlərinə malik idi və buna görə də
düzgün qərarlar verirdi, həm də
formalaşdırdığı komanda qarşıya qoyulan vəzifələri
tələb olunan səviyyədə icra etməyi bacaran
peşəkarlardan ibarət idi. Məhz Heydər Əliyevin
düzgün daxili və xarici siyasəti və həmin siyasəti
həyata keçirən komandanın peşəkarlığı
sayəsində dağılmaq və dövlət müstəqilliyini
itirmək təhlükəsi qarşısında qalan Azərbaycan
xilas edildi və cəmi 10 il ərzində sürükləndiyi
mürəkkəb durumdan uğurla çıxaraq, sabit və
dayanıqlı inkişaf yoluna qədəm qoydu.
2003-cü
ildən sonrakı dövrdə Azərbaycanda Prezident İlham
Əliyevin rəhbərliyi altında Heydər Əliyevin
siyasi kursu dönmədən həyata keçirildi, Ulu Öndərin
başladığı mühüm transmilli layihələrin
icrası davam etdirildi, ölkəyə daxil olan xarici valyuta səmərəli
şəkildə respublikanın ictimai-siyasi və
sosial-iqtisadi həyatının bütün sahələrinin
modernləşməsi və inkişafına istiqamətləndirildi,
vəsaitin böyük bir qismi gələcək nəsillər
üçün qorunub saxlanıldı. Bütün
bu işlər, qarşıya qoyulmuş vəzifələr, qəbul
olunmuş mühüm dövlət proqramları qlobal aləmdə
və regionda cərəyan edən mürəkkəb geosiyasi
proseslərin fonunda yerinə yetirildiyinə görə,
mövcud hakimiyyətdən daha çevik və praqmatik siyasət
sərgiləmək tələb olunurdu. Odur ki, son 16 ilin
uğurlu nəticələri təkcə qısa zamanda Azərbaycanın
qarşısında duran strateji vəzifənin yüksək
peşəkarlıqla icrası ilə
ölçülmür, həm də Prezident İlham
Əliyevin uğurlu bir dövlət rəhbəri olaraq siyasi
gücünü, qətiyyətini,
prinsipiallığını nümayiş etdirir.
2003-2019-cu
illərdə Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan 1990-cı illərin ortalarında təməli
qoyulmuş enerji layihələrini tamamladı, yeni-yeni
transmilli layihələrin təşəbbüskarı və
fəal iştirakçısı kimi öz liderlik keyfiyyətlərini
bütün dünyaya nümayiş etdirdi, tərəfdaşları
ilə birlikdə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsinin
yaradılmasına mühüm töhfələr verdi. Bu dövrdə ölkənin sürətli
və dayanıqlı inkişafı təmin edildi, iqtisadi,
sosial, mədəni həyatda inqilabi dəyişikliklər
baş verdi. Ən vacibi isə,
bütün bu məsələlərə Azərbaycan
Prezidentinin müstəqil qərar verməsi, onun hər
addımında milli maraqların qorunması, ölkəyə
daxil olan vəsaitlərin ilk növbədə milli
inkişafa, xalqın rifahına yönəldilməsi idi.
Göründüyü
kimi son 25 ildə Azərbaycanda bir tərəfdən hakimiyyətin
yürütdüyü düzgün siyasət, onu idarə edən
rəhbərlərin güclü iradəsi,
prinsipiallığı və qətiyyəti, digər tərəfdən
də komandanın peşəkarlığı irəli
sürülən ən mürəkkəb planların
reallığa çevrilməsini təmin etdi və ölkəni
davamlı inkişaf yoluna çıxardı.
2003-cü ildə “mən hər bir azərbaycanlının
prezidenti olacağam” deyən cənab İlham Əliyev
keçən illər ərzində hər bir vətəndaşın
probleminə xüsusi qayğı və həssaslıqla
yanaşır.
Xalqın problemlərini həm
bütövlükdə həll edir, həm də hər bir vətəndaşa
fərdi qaydada lazımi qayğı göstərir. Bu dövr ərzində ictimai maraq kəsb edən elə
bir məsələ olmayıb ki, cənab Prezident ona diqqət
yetirməsin, öz nəzarətinə götürüb cəmiyyətin
maraqlarına uyğun həll etməsin. Elə
bir ictimai rezonans doğuran hadisə yoxdur ki, dövlət
başçısı ona öz prinsipial münasibətini
bildirməsin. Elə bir qərar olmayıb
ki, onun qəbulunda ilk növbədə dövlətin,
xalqın və hər bir vətəndaşın maraqları
nəzərə alınmasın.
Hazırda Azərbaycan təkcə Cənubi Qafqazın
deyil, postsovet məkanının özünü tam təmin
edən qüdrətli bir dövlətinə çevrilib. İndi bu dövlət həm
bölgədə, həm də dünyada milli maraqlarına az və ya çox dərəcədə xələl
gətirən istənilən təşəbbüsə rahatlıqla
“yox” deyə bilir. Bütün bu reallıqlar
ölkəmizin nümunəsində güclü lider və
peşəkar komandanın necə böyük imkanlara malik
olduğunu, ən mürəkkəb vəzifələri belə
yerinə yetirmək iqtidarını nümayiş etdirir.
Azərbaycan Prezidentinin və onun peşəkar komandasının
sistemli siyasəti, bütün məsələlərdə
nümayiş etdirdiyi prinsipial mövqe, əlbəttə ki, bəzən
gündən-günə inkişaf edən dövlətimizə
rəqib kimi yanaşan xarici aktorların ürəyincə
olmur və zaman-zaman ölkəmizə qarşı müəyyən
arzuolunmaz təxribatlar törədilir. Əminliklə
demək olar ki, dövlət sərhədlərimizdə
yaşanmış ən son hadisə olan
“Keşikçidağ” insidenti də bu qəbildən olan təxribat
idi. Bununla bağlı bir həftə əvvəl
kütləvi informasiya vasitələrinə açıqlama
verdiyimdən, bir daha həmin mövzuya qayıtmaq istəmirəm.
Lakin bu günün özündə də həmin
təxribatı səsləndirdikləri yeni-yeni bəyanatlarla
davam etdirən AXCP sədri Əli Kərimli və yaxın ətrafının
mövqeyi ilə bağlı bəzi məsələlərə
qısaca münasibət bildirməyi zəruri hesab edirəm.
Keçən
dövrün ictimai-siyasi proseslərinin təhlili bir daha
göstərir ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli
böhrana sürükləyən və hakimiyyəti itirdikdən
sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli
və yaxın ətrafı ötən müddətdə də
öz səhvlərindən heç bir nəticə
çıxarmayıblar, əksinə radikal antimilli və
qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər.
Bu düşərgənin əsas simaları bəhs
etdiyimiz “Keçikçidağ” insidenti zamanı öz mənfur
xislətlərini bir daha ortaya qoydular. Hazırda
onların gündəlik davranışı sübut edir ki,
ümumiyyətlə, bu insanlarda keçən 30 ildə
heç bir pozitiv keyfiyyət dəyişikliyi baş verməyib,
bütün məsələlərə yenə də eyni
prizmadan, yalnız mənfi rakursdan yanaşma xəttini davam
etdirirlər. Əli Kərimli və ətrafının
bir dəfə də olsun mövcud iqtidarın əldə
etdiyi və bütün dünyanın diqqətini çəkən
hər hansı bir uğurunu etiraf etməyə cürətləri
çatmayıb. Öz
inkarçılıq xəttlərini şiddətlə davam
etdirərək hər şeyi qaralayan, bütün müsbət
nəticələri inkar edən bu qaragüruh dəstə elə
öz hərəkətlərinə görə də ölkə
əhalisinin etimadını qazana bilmir. Azərbaycanda
hardasa bir ağacın budağı qırıldı, hardasa
leysan yağdı və yaxud sel gəldi, dolu düşdü
və əkin-biçinə ziyan dəydi, zəlzələ
oldu və hansısa ev xəsarət aldı, elektrik
stansiyasında qəza baş verdi, yanğın oldu, avtobus
aşdı, xəstəxanada ölüm halı baş verdi,
bir vətəndaş intihar etdi - bir sözlə, ölkədə
və bütün dünyada mənfi yönlü nə olursa,
“mövcud iqtidar günahkardı, hakimiyyət hara baxır”,- deyə haray-həşir salırlar, kampaniya
aparırlar. İqtidara qarşı təkidlə
həyata keçirdikləri belə inkarçılıq xətti
onların xislətində elə mənfi fəsadlar
yaradıb ki, artıq hakimiyyətlə dövlət
arasındakı sərhədləri də çoxdan itiriblər.
Məsələn,
baş vermiş son “Keşikçi dağ” insidenti barədə
müvafiq dövlət qurumları anındaca Azərbaycan
Prezidenti cənab İlham Əliyevə məruzə etmiş,
məsələ dövlətimizin başçısı tərəfindən
xüsusi nəzarətə götürülmüş və
lazımi tədbirlərin görülməsi
üçün tapşırıqlar verilmişdir. Bundan
başqa, respublikamızın Dövlət Sərhəd Xidməti,
Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar
bütün zəruri tədbirləri həyata
keçirmiş, “Keşikçi dağ” məntəqəsində
hadisələrin nəzarətdən çıxmasına
imkan verməmiş, orada xidmət göstərən sərhəd
dəstəsinin ahəngdar fəaliyyətini bərpa
etmişlər. Müvafiq dövlət
qurumları baş vermiş hadisə və
görülmüş işlər barədə zamanında
ictimaiyyətə açıqlamalar verərək, hadisənin
təxribat məqsədi ilə törədildiyini
vurğulamışlar. Gürcüstanın
bir qrup öyrədilmiş vətəndaşı tərəfindən
törədilən həmin hadisə barədə ölkəmizdə
fəaliyyət göstərən kütləvi informasiya vasitələri
cəmiyyətimizi dərhal yetərincə məlumatlandırmış,
ictimaiyyətin fəal nümayəndələrinin Azərbaycan
əsgərinin təxribata çəkilməsinə
qarşı səsləndirdiyi haqlı etirazlarını
bütün dünyaya yaymışlar. Bəyanatlarda həm
Azərbaycan iqtidarı və cəmiyyətinin, həm də
Gürcüstan hökuməti və vətəndaşlarının
mütləq əksəriyyəti tərəfindən təəssüflə
qarşılanan bu təxribatın xalqlarımız və
dövlətlərimiz arasında tarixi qonşuluq münasibətlərinə,
strateji tərəfdaşlığa, birgə həyata
keçirilən transmilli layihələrə, əməkdaşlıq
və yaxşı gələcək uğrunda birgə imkanlara
zərər vurmaq üçün
planlaşdırıldığı və həyata
keçirildiyi qeyd olunmuşdur.
Bir
faktı da yada salmaq istəyirəm ki, 2005-ci il
oktyabrın 12-də Prezident İlham Əliyev həmin ərazidə
Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi
ilə şəxsən tanış olmuş və lazımi
tapşırıqlarını vermişdir. 2007-ci il dekabrın 19-da isə Azərbaycan
Prezidentinin sərəncamı ilə Ağstafa rayonu ərazisindəki
"Keşikçidağ" silsiləsinin bir hissəsini əhatə
edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət
Qoruğu elan edilmişdir. Bu faktlar bir daha onu
göstərir ki, Əli Kərimli və tərəfdarlarının
yalançı bəyanatlarının əksinə olaraq,
Prezident İlham Əliyev həmişə Azərbaycan
torpaqlarının hər qarışına böyük məsuliyyət,
məhəbbət və qayğı ilə yanaşır.
Elə bu məsuliyyətin, böyük vətən sevgisinin
nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri
keçmiş hakimiyyətlər dövründə olduğu
kimi, “pərakəndə və nizamsız bir hərbi birləşmə”dən
ibarət deyil, müasir maddi-texniki təchizata malik olan
dünyanın ən güclü əlli ordusu sırasında
yer alan ordudur.
İlham Əliyev prezident seçildiyi gündən bəri
Azərbaycan əsgəri xalq cəbhəsi hakimiyyətinin
dövründən fərqli olaraq bir metr də olsun torpaq itirməyib,
əksinə, şanlı ordumuz 2016-2018-ci illərdə
xalqımızın iftixarla xatırladığı hərbi əməliyyatlar
keçirərək, işğal olunmuş ərazilərimizin
xeyli hissəsini azad edib. İndi Naxçıvanda və Füzuli
rayonunda müqəddəs bayrağımızın
dalğalandığı strateji yüksəkliklər gələcək
döyüşlərdə Azərbaycan əsgərinin
qısa vaxt ərzində qələbə qazanması
baxımından böyük əhəmiyyətə malikdir.
Tərəfdarlarının
sayı “Keşikçidağ”da Azərbaycan əsgərini təxribata
çəkmək istəyənlərdən bir o qədər
də çox olmayan AXCP sədri Əli Kərimli və ətrafı
neçə gün dalbadal həmin insidentin böyüməsinə
dəstək verərək, sosial şəbəkələrdə
“zəif və iradəsiz hakimiyyət” obrazı yaratmağa
çalışdı, dövlət rəsmilərinin bu
istiqamətdəki soyuqqanlı qərarlarını, təmkinli,
ölçülü-biçili bəyanatları
və fəaliyyətini təhrif etdi, əllərinə
fırça alaraq Silahlı Qüvvələrimizin
reputasiyasına qara yaxmaq istiqamətində xarici şəbəkələrdə
əməlli-başlı “rəssamlıq” etdilər.
Açıq desək, Azərbaycanı və
Gürcüstanı qarşıdurmaya, konfliktə
sürükləyərək zəiflətmək, bununla
özlərindən asılı vəziyyətə salmaq istəyən
qüvvələrin qurduğu bu oyuna əyinlərinə
“Milli Şura” forması geyinən Əli Kərimli və dəstəsi
məhz təxribatçı rolunda qatıldı. Odur ki, mən ilk növbədə, siyasi
davranışları dövlət və idarəçilik
zehniyyətinə tərs mütənasib olan, “bir dövləti
qurmağa uzun illər, dağıtmağa isə bir neçə
saat lazımdır” həqiqətini hələ də dərk
etməmiş Əli Kərimliyə həmin aforizmin müəllifi,
məşhur ingilis şairi və siyasətçisi Lord
Bayronu oxumağı yox, daha çox öz keçmişinə
nəzər salmağı tövsiyə edirəm.
Heç kim unutmayıb ki, Əli Kərimlinin təmsil
olunduğu hakimiyyətin Surət Hüseynovun hərbi
qiyamının qarşısını almaq üçün Gəncəyə
göndərdiyi bütün yüksək vəzifəli şəxslər
bir neçə günün içərisində bir-birinin
ardınca əsir düşdülər. Onlar
heç də sərhəddə keşik çəkən gənc
əsgər deyildilər, hər biri onlarla silahlı cangüdənlərin
müşayiətilə gəzən, dövlətin,
xalqın təhlükəsizliyinə cavabdehlik daşıyan
“məsuliyyət sahibləri” idilər. Nədənsə,
709 saylı hərbi hissənin heç həndəvərinə
çatmamış məsuliyyət hisslərini də,
silahlarını da, bəziləri hətta simalarını da
itirdilər. Hər halda, Əli Kərimli çox
yaxşı xatırlamalıdır ki, onun dövlət katibi
olduğu hakimiyyətin baş prokuroru bir sillədən sonra
öz prezidentinin həbsinə sanksiya verdi.
Elə, silahdaşlarının məlumatına görə, Əli Kərimlinin özü də Əbülfəz Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola öz sədrinin əleyhinə “Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Əlbəttə, bu faktdan sonra Əli Kərimli ilə həmin baş prokuror arasında hansısa mənəvi keyfiyyət fərqinin olmadığı aydın görünür. Elə cəsarət fərqindən də çox danışmağa, məncə, ciddi lüzum yoxdur. Çünki 1993-cü ilin yayında Əli Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlarla cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənə-gizlənə xidməti avtomobilinə oturaraq qaçmasının şahidləri hələ ki, sağdırlar...
Bəli, Prezident İlham Əliyev və onun sadiq komandası, Azərbaycanın əksər dövlət qurumları, bütün silahlı qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də müstəqilliyimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində möhkəm dayanıblar, Əli Kərimlinin timsalında fərarilikləri və xəyanətləri külli-aləmə bəlli olan antimilli qruplar və xarici ölkələrin iaşə obyektlərində vurnuxaraq anti-Azərbaycan fəaliyyəti sərgiləyən bəzi azərbaycanlı adını daşıyanlar isə yenə də hakimiyyət eşqindədirlər! Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən əksər sağlam müxalifətçilərdən və xaricdə yaşayan vətənsevər soydaşlarımızdan söhbət getmir. Onlar da bu reallığı yaxşı görür və dərk edirlər.
Əli Həsənov,
Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Palitra.- 2019.- 26 iyul.- S.4.