“Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”

 

İslam Ərzullazadə: “Xidmət səviyyəsi cənub bölgəsində normal səviyyədədir. Amma daha çox turist qarşılanması üçün hotellər yoxdur

 

Dağətəyi yerlərdə kənd sakinlərinin evlərini kirayə verməsi daha məqsədəuyğundur. Bu, həm də yerli sakinlərə əlavə gəlir əldə etməyə imkan verər

 

Bu gün ölkədə turizmin inkişafı gənclərin də bu sektora marağını artırıb. Təsadüfi deyil ki, son illər turizm ixtisası üzrə təhsil alan gənclərin sayı getdikcə artır. Gənclərimizin də bu sahəyə üstünlük verməsinin bir səbəbi, hazırda turizmin inkişaf etdiyi dünya ölkələrində olduğu kimi, bu sektorun yaratdığı imkanlarla bağlıdır. Turizm bir ölkənin tanınması, təbliği ilə yanaşı, həm də yeni iş imkanları deməkdir. Hazırda ölkəmizdə turizm ixtisası üzrə yüzlərlə gənc təhsil alır. Müsahibimiz Masallı Dövlət Regional Kollecinin Turizm və onun təşkili fakültəsinin tələbəsi İslam Ərzullazadədir:

- Mən İslam Ərzullazadə 04.12.1999-cu ildə Masallı rayonu Böyük Xocavar kəndində anadan olmuşam və ilk təhsilimi orada almışam. Sonra isə 5 sinifdə Masallı rayonunda yerləşən Dəfinə liseyində təhsilimi davam etdirdim. 2017-ci ildə Azərbaycan Universitetinə qəbul olsam da istədiyim ixtisas olmadığına görə, oranı seçmədim. Sonra isə özümü təkmilləşdirmək üzün könüllülük fəaliyyətimi artırmağa başladım. Mənim belə bir sözüm var. Yaxşı bir iş adamı olmaq üçün könüllü olmalısan. Yəni, həmin işləri daha yaxşı dərk etmək üçün bu önəmlidir.

2018-ci ildə Masallı Dövlət Regional Kollecinin Turizm və onun təşkilli ixtisasına daxil oldum. Mən istədiyim ixtisas olduğu üçün turizm və onların qolları haqqında araşdırmalar etdim. Hər bir bölgəmizlə bağlı və eləcə də qonşu ölkələrin turizm sahəsinin necə inkişaf etdiklərini araşdırdım və tapdım. Bizdə daha çox turizmin 2 qolu haqqında danışılır. Amma turizmin çoxlu sayda qolları var. Təlimlərdə və layihələrdə, əsasən 2 turizm növü haqqında danışırlar. Dini turizm və tarixi turizm. Məndə bəzi təlimçilərimizə təklif edərdim ki, Azərbaycanda Aqro turizmin inkişafı ilə bağlı da təlimlər keçsinlər.

-Niyə məhz turizm ixtisasını seçmisiniz?

- Mən ixtisasımı ona görə sevirəm ki, turistlərlə ünsiyyət, yeni şəbəkə qurmaq, onlarla qeyri-adi vaxt keçirmək maraqlıdır. Düşünürəm ki, onların məndən öyrənəcək çoxlu şeyləri olduğu kimi, mənim də eynilə. Aldığım təhsili ilk addım kimi hesab edirəm. Əlbəttə ki, hər bir fəal gəncin istəyidir ki, xarici ölkədə təhsil alsın. Və ixtisasına mükəmməl yiyələnsin. Mən də gələcəkdə kolleci bitirdikdən sonra təhsilimi Amerika və ya Türkiyədə davam etdirmək istərdim. Bunun isə səbəbi həmin ölkələrdə turizmin, demək olar ki, bütün qollarının inkişaf etməsi ilə bağlıdır. Orada bilik səviyyəmi artırdıqdan sonra layihələrimi Azərbaycanda həyata keçirmək istərdim. Məsələn, mən turizmin ən gözəl qollarından biri olan Aqro turizmlə bağlı APPLEKEŞIN keçirərdim ki, onunda adı belə olacaqdı “AGRO MAPS”.

- AGRO MAPS maraqlı layihədir, bu nə vaxt tam hazır olacaq?

- Hər bir rayonumuzda kənd təsərrüfatı inkişaf edib. Buna görə də belə biznes plan yazmağı qərara aldım. Əsas məsələ o proqramda hər hansı bir rayona “tıkladıqda” həmin rayonun fermerləri, bağbanları, bələdçilər və evlərini kirayə verən insanlar haqqında və əlaqə vasitələrinin qısa formada orada qeyd edilməsidir. Həmin proqramda öz əksini tapan məlumatlar turizm axınını yüksəldəcək. Həm dövlətimiz, həm turizmçilər, həm də kənd təsərrüfatı ilə məşğul olan insanlar qazanacaqlar. Bu, eyni zamanda yerli məhsulumuzu xarici bazarlarına daha çox çıxartmaq üçün bir şansdır. Bu layihənin reallaşması üçün maddi yardım lazımdır. Biznes planı, dizaynı hazırdır, yalnız o proqramı təkmilləşdirib, “Google play” və “Appstorye” yerləşdirmək lazımdır.

-Bu gün turizmdə daha çox şikayət edilən sahə xidmət səviyyəsi ilə bağlıdır. Cənub bölgəsində bu sahədə vəziyyət necədir? Nə etmək lazımdır ki, turizm sahəsində xidmət sektoru inkişaf etsin?

- Xidmət səviyyəsi cənub bölgəsində normal səviyyədədir. Amma daha çox turist qarşılanması üçün hotellər yoxdur. Cənub bölgəsində, demək olar ki, hotellərin azlığından şikayət oluna bilər. Digər xidmətlərimiz digər rayonlarımıza baxdıqda yüksək səviyyədədir. Bildiyiniz kimi, cənub bölgəsinin mərkəzi Lənkəran şəhəri sayılır. Cənub bölgəsində ən çox hoteli olan şəhər də oradır. Digər rayonlarımızda isə azdır. Məsələn, Masallı rayonunda 4 hotel var, halbuki yeni yol açıldıqdan sonra turistlərin cənub bölgəsinə marağı artıb.

Turistləri ən çox cəlb edən insanlarımızın gülərüz və mehriban olmasıdır. Yeməklərimizi, milli mədəniyyətimizi, mentalitetimizi bəyənmələridir.

Mən bələdçi olaraq onu demək istərdim ki, hotellərin, kiçik “koteclərin” və dağətəyi yerlərdə kirayə evlərin olması önəmlidir. Məsələn, Masallı, Yardımlı, Lerik kimi rayonlarımızda dağətəyi yerlərimiz var. Masallı rayonunun bir qismi dağ istiqamətindədir. Xarici turistlərimizin rahatlığına gəldikdə məsələn, onlar 5 ulduzlu otel istəmirlər. Onlar kəndə yaşayan insanların həyat tərzini bir neçə gün ərzində də olsun yaşamaq istəyirlər. Ona görə də dağətəyi yerlərdə kiçik evlər və kənd sakinlərinin evlərini kirayə verməsi daha məqsədəuyğundur. Bu həm də yerli sakinlərə əlavə gəlir əldə etməyə imkan verər. Bunlar reallaşarsa, fikrimcə, şimal bölgəmizdən sonra bura ən çox turist qəbul edən bölgə olacaq.

-Siz həm də könüllü kimi fəaliyyət göstərirsiniz. Bununla bağlı nə deyərdiniz?

-Bəli, mən Nayora könüllüsü, “Asan xidmət” könüllüsü, Masallı İcra Hakimiyyətində Riib könülüsü və. s. kimi fəaliyyət göstərmişəm. İlk könüllük fəaliyyətim 2017-ci ildə “Asan xidmət”də olub. O zamandan sonra ünsiyyət bacarığım inkişaf etdi. Yeni şəbəkə qurmağa başladım. Necə deyib, bir mühitdən tamamilə başqa bir mühitə düşdüm. Vaxtın düzgün istifadə qaydasını öyrəndim.

Orada “k93 m1” könüllüsü olmuşam, yeni başlayan gündən sənədləri öyrənməyə başladım. 4 gün ərzində bütün sənədləri yazmağı bacardım. 15 gündən sonra “K93 m1” könüllülərin koordinatoru oldum. Sonra bütün könüllülərin qrup rəhbəri oldum. Sonra “Asan xidmət”də oldum. Oranı bitirdikdən sonra öz-özümə dedim ki, ilk könüllülüyüm bu olsun, amma sonuncu bu olmasın. Təlimlərə, konfranslara gedərək özümü inkişaf etdirdim. Cənub bölgəsində bütün təlimlərdə, layihələrdə iştirak etdim. Yeni layihələr olan zaman gedəcəyəm. 21 yasım var və hələ mənim öyrənəcək çox şeylərim var.

Bir də hər bir gənclərimizə məsləhətim var. Problemdən əsla qorxmayın. Problem olmasa irəli gedə bilməzsiniz. Problem olmalıdır ki, arxaya baxanda harada səhv etdiyinizi biləsiniz.

-Turizmlə bağlı bir gənc kadr kimi daha hansı təkliflər irəli sürərdiniz?

- Turizmin inkişafı üçün ixtisasına yiyələnən və sevən kadrlar olmalıdır. Ən əsası cənub bölgəsi İrana yaxın ölkədir. Bilirsiniz ki, cənub bölgəsində dini turizmlə yanaşı, tarixi və aqro turizmi inkişaf etdirmək, ən əsası da turların sayını çoxaltmaq lazımdır. Simal bölgəsində bilirsinizz ki, qış turizmi inkişaf edib. Qışda ora ayda ən azından 7 və ya 8 turlar təşkil olunur. Bir şirkət deyil, 4 şirkət 7 tur təşkil etsə, görün ayda nə qədər turist gələr. Bizdə, cənub bölgəsi də yay turizminə görə əlverişlidir. Qışda şimal bölgəsinə turların sayı qədər cənub bölgəsinə də turlar olsa çox yaxşı olar. Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq . Onun üçün ilk öncə ixtisaslı kadr, sonra şəbəkə, güclü reklam, ən sonunda turların sayını çoxaltmaq lazımdır.

 

 

Nigar Abdullayeva

                                     

Palitra.-2019.-23 iyul.-S.5.