Cahana və zamana sığmayan şair
Seyid İmadəddin Nəsiminin 650 illiyi münasibətilə
İmadəddin Nəsiminin (1368-1417) yaradıcılığına yaşadığı dövrün ictimai-siyasi prosesləri güclü təsir etmişdir. Hətta, onun dünyagörüşü bu təsir altında formalaşmışdır söyləsək, yanılmarıq.
Nəsiminin yaşayıb- yaratdığı illər Yaxın və Orta Şərqin, həmçinin Azərbaycanın mürəkkəb, çətin və təlatümlü siyasi dövrünə təsadüf edir. Monqolların hücumlarından və bir əsrlik (XIII-XIV əslər) agır əsarətindən sonra ölkə özünə gəlməmiş, Qızıl Orda xanı Toxtamışın (1385, 1387, 1392-ci illərdə) və Səmərqənd əmiri Teymurun (1386, 1392, 1399- cu illərdə) dagıdıcı hücumlarına məruz qalmışdır. Azərbaycanda bu zaman mövcud olan dövlətlərin hökmdarları Şirvanşah I İbrahim və Sultan Əhməd Cəlairi bu viranedici basqınların qarşısını ala bilmirdilər.
Teymurun işğalından sonra idarəsini oğlu Miranşaha tapşırdığı Azərbaycanda zülm ərşə ucalmışdı. Miranşahı əvəzləmiş oğlu Ömər Mirzənin vaxtında xalqın vəziyyəti heç də yünğülləşmədi. Bunun nəticəsində şəhərlər və kəndlər xarabazarlığa çevrilir, əhali qırılır, əsir edilib aparılır, insanların şərəf və ləyaqəti alçaldılır, ayaqlar altına atılır, onlar qul bazarlarında satılırdılar. Azərbaycan xalqı böyük maddi və mənəvi itkiyə məruz qalırdı.
Lakin xarici işğalçıların bir-birini əvəz edən dəşhətli basqınlarına baxmayaraq, xalqımızın vətənpərvərlik iradəsi sarsılmır, maqavimət göstərir, mübarizə edirdi. İnsanlar təsərrüfat və mədəniyyət sahəsində yaradıcı fəaliyyətlərindən qalmırdılar.
Akademik Məmməd Arif yazır ki, tarixin heç bir dövründə Azərbaycan xalqının vətənpərvərlik ruhu zəifləməmişdir. Onun qəhrəman və fədakar oğulları xarici işğalçılara qarşı yalnız silahlı müqavimət göstərməmiş, həm də mənəvi, ideoloji mübarizə aparmışlar.
Əmir Teymurun ilk hücumları dövründə başlanan vətənpərvərlik, həmçinin hürufilik hərəkatıTeymurun vəfatından sonra daha da qüvvətlənmişdi. Teymurdan sonra onun işğal etdiyi yerləri bölmək uğrunda başlanan qırğınlar daha dəhşətli xarakter almışdı. Əmir Teymurun nəvələri Ömər Mirzə ilə Əbubəkr, Qaraqoyunlu Qara Yusiflə Teymurilər, Cəlairilər, Şirvanşahlar arasında qanlı qırğınlar Azərbaycan xalqına yeni müsibətlər gətirmişdi.
Beləliklə, ölkənin yadelli qəsbkarlardan azad etmək və daxili çəkişmələrə son qoymaq məsələsi Teymurləngin ölümündən sonra da zehinləri məşğul etməkdə idi. Bu dözülməz vəziyyət xalqın maddi həyatında olduğu kimi, mənəvi həyatında da gərginlik və narahatçılıq yaradır, ictimai mədəni inkişafa mane olurdu.
Orta əsrlərdə, XIII-XIV əslərdə əsas ideologiya islamiyyətdən ibarət idi. Onun əsas hökmləri bütün ictimai-siyasi həyata öz damğasını basmışdı. Göstərilən dövrdə müsəlman Şərqində yeni yayılan hürufilik mütərəqqi bir hadisə olaraq, XIV əsrin axırlarında ölkədə gərginləşən siyasi vəziyyətlə əlaqədar idi. Eyni zamanda hürufiliyin əsas dini-fəlsəfi məzmunu İslama zidd idi, “küfr” idi, çünki hürufilik hər şeyi Allahın iradəsinə bağlayan, insanı bu iradənin qulu hesab edən , bu dünyanı fani adlandıran, hər şeyi o biri dünyaya bağlayan İslam dininin mütləq hökmlərini qəbul etmirdi. Bu təlim insana yeni münasibət konsepsiyası yaratmış, insana fəal, yaradıcı qüvvə kimi baxmış, onu öz ağlı, kamalı, mənəvi keyfiyyətləri ilə Allah səviyyəsinə qaldırmış, ona bərabər tutmuşdur.
Hürufiliyin əsas nümayəndələrindən biri olan İ.Nəsimi belə hesab edir ki, Allah hər yerdədir, bütün əşyaların mahiyyətindədir, bütün xilqətin canındadır, hər qətrədə, hər zərrədədir. O, panteist dünyagörüşünü ifadə edərək Allahı kainata, təbiətə endirir, Allahın təcəssümünü yerdə, əşyada axtarır.
Cuş qıldı əqli-küll, gəldi vücudə kainat,
Kafü nun əmrindən oldu bu cahan yekbar məst.
Yaradanın ərəb əlifbasının hüruflarında (hərflərində) özünü ifadə etdiyinə toxunaraq yazır:
Gər dilərsən xaliqi etmək əyan,
Hərfi sözsüz necə eylərsən bəyan.
Hərfən özgə xaliqə yoxdur nisan
Gər tapıbsan, gəl eylə bəyan.
Tədqiqatçı K.Bünyadzadə yazır: “Ayrı-ayrı hərflər, yaxud sözlər vasitəsilə öz fəlsəfəsini – Yaradanın məhz onun ruhuna üflədiyi həqiqətini bəyan etməyə başqa süfi mütəfəkkirlərdə də rast gəlmək mümkündür. Nəsimi də öz düşüncəsini çatdırmaq üçün ərəb əlifbasının hərflərindən açar kimi iatifadə edib. Müəllifliyi İbrahim peyğəmbərə şamil edilən qədim “Yaradış kitabı”nda (Yetsin səfəri) Allah Təalanın məhz 32 yolla (22 hərf və 10 gizli yol) xəlq etdiyi deyilir. Ərəb əlifbası 28, bu əsasda yaradılmış fars əlifbası 32, Azərbaycan dilinin əlifbası da 32 (9 sait 23 samitdən) hərfdən ibarətdir. Nəsimi dönəmində də 32 hərfdən ibarət idi.
Hürufilər insanın sifətində 7 xətt olduğunu göstərirdilər: 4 kiprik, 2 qaş, 1 saç. Bunlar 4 ünsürdən yaranıb: od, su, torpaq, hava. Yeddinin dördə vurulmasında 28 alınır, saç ortadan ikiyə ayrılır. Onda insan simasında xətt səkkiz olur, səkkizi dördə vuranda da otuz iki edir”.
Qaşü kirpik oldu saçilə,
Həq kitabı uş bu babdan açıla
Çünki bir sirr kəşf oluban saçıla,
Məğbun ola ol bu təhlu
xaçilə.
Sair insan simasındakı yeddi xəttə işarə vuraraq yazır:
Hər dedi kim,
yer qıldivü göy yedi,
Laməkan təxtində gizlidir
yedi,
Gizlü
aləmdə əyan oldu yedi,
Dörd yedi, bir kəznədən
oldu yedi.
Nəsimi
məhz müvəhhid,
yəni Allahın vahid olduğunu qəbul edən insan mövqeyindən yazır:
Üzündə gərçi ayəti
oldu otuz iki,
Hər birisi müvəhhidə yüz min nisan
olur.
Nəsimişünas alim M.Quluzadə yazır: “Nəsimi Allahı ilkin yaradıcı qüvvə kimi tanıyır ”:
Kafilə
nundan yaratdı aləmi,
Ərbəin gündə yogurmuş
Adəmi,
Dəm bu dəmdir, dəm bu dəm,
bil bu dəmi,
Adəmə urdu bu dəmdən hərdəmi.
Nəsimi humanizminin başlıca fərqləndirici özəlliyi
onun insana böyük məhəbbət
duyguları ilə yoğrulmasıdır. Məhz bu
cəhətinə görə
Nəsimi özündən
əvvəlki Azərbaycan
poeziyasının, xüsusən
dahi Nizami Gəncəvinin birbaşa
varisi kimi çıxış edərək
ona qədər irəli sürülmüş
bədii obrazlı düşüncələri daha
da inkişaf etdirir.
Nəsimi hümanizmində insana məhəbbət ucdantutma
deyil. Nəsiminin sevdiyi və hörmət etdiyi insan kamil insandır,
insanlıq adına
layiq olan fizioloji ictimai varlıqdır.
Mərhəba, insani-kamil, canımın
cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?
Nizami, ibn Xəldun və başqa proqressiv duşuncəli şair və sələflərinin ardınca
Nəsimi də bütün insanların
Allah dərgahında bərabər
olması, dini-ideoloji baxışlarına və
əqidəsinı görə
kimsənin kimsədən
üstun olmaması ideyasını irəli sürür:
Bu Həqi hər yerdə deyən əgrinəzər,
Bəs nə mənidən seçərsən
Kəbədən bütxanəyi?
Nəsimi
humanizminin cağdaş
dünyamız üçün
önəmli cəhətlərindən
biri də konkret insan münasibətlərinin
real insan gözəlliklərini
əks etdirməsidir:
Afərin
olsun nigarin zülfü ilə qaşinə,
Gər macal bulsam, həbibin çevriləydim başinə.
İnsanpərvər şair öz təsirli bədii ifadə vasitələri ilə müasirlərinin şüuruna
qayğıkeşlik, xeyirxahlıq,
sədaqət ideyaları
aşılamağa çalışırdı:
Dərdü qəm ilə yandı, könül, yar bulunmaz.
Çox darü diyar istədi, dəyyar bulunmaz.
Yarəm
deyici çoxdurur, amma behəqiqət,
Fürsət gəlicək yari-vəfadar
bulunmaz.
Yaxud da:
Sadiq oldur dilini könlünü
bir eləyə,- deyir.
Şair
zalımları insanlara
zülm etməkdən
əl götürməyə
çağırır, əks-
təqdirdə:
Zalim oldun, zülm əkərsən yenə kəndi tarlana,
Zalimin zülmü
şərindən tarlada
üsyan bitər.
O, insanları vəzifəpərstliyə,
cəh-cəlala, sərvətə
çox bağlanmamağa
çağırır:
Dunyanın nazü nəimi
cifədir, yəni nəcis,
Ey könül
tahirsən axır, sunma muradına.
Səltənətü əmarətə
eşq ilə təkyələnmə kim,
Beş gün imiş bu dünyanın
səltənətü əmarəti.
“Lütf əgər hərdən umarsan, göstər ehsan, lütf qıl,”- deyən Nəsimi şahlara müraciət edərək:
Ey qılan
dəva ki, şahəm, ədlü insafın qanı- yazırdı.
Nəsimi
öz zəmanəsinin
haqsızlıqlarına qarşı
etirazını böyük
bir qüvvət və ehtirasla ifadə etmişdir:
Qanda var bir ari
batin, doğru yar,
Qanı insafü mürüvvət,
kimdə var?
Zəmanəsinin nahaq qanlar tökən, torpaqlar işğal edən, evlər yıxan, insanları olmazın müsibətlərə düçar
edən hökmdarlarını
görən şair yüksək mənəvi
keyfiyyətlərə məxsus,
əldalətli, elmli,
haqqın tərəfini
tutan insan-hökmdar axtarışındadır:
Çünki həqqi görmüşəm eynül-yəqin,
Olmuşam elm ilə həm elmül-yəqin.
Həqqilə gün vasil oldum mən yəqin
Tanıdım, bildim səni həqqül-yəqin.
Yer üzündə zülmün və şərin aradan qaldırılmasını, “cənnət yaradılması” kimi humanist amallar Nəsimini əbədiləşdirmiş, mənən yaşatmışdır və yaşadacaqdır.
Zakir Kərimov
ADPU-nun Azərbaycan tarixi
kafedrasının
dosenti
Palitra 2019.- 11 iyun.-
S.10.