Fransa məhkəməsinin qərarı beynəlxalq hüquqa uyğundur
Fransa ədliyyə orqanları bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib. Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir.
Cergy-Pontoise İnzibati Məhkəməsi “Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir” və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentlərini rəhbər tutaraq, sözügedən xartiyanı ləğv edib.
Xatırlatmaq lazımdır ki, 20 dekabr 1993-cü ildə Fransa ilə Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürüblər.
Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ilk növbədə vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.
Bundan başqa, suveren dövlətin milli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan, eyni zamanda qovma və ya etnik təmizləmə həyata keçirməklə bir araya sığmadığı yenidən təsdiqlənmiş “xalqların öz müqəddaratını təyinetmə hüququ”ndan istifadəyə icazə verməyən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək lazımdır.
Münaqişənin ədalətli həlli
yalnız region ölkələrinin deyil, Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı üçün əlverişli şərait yaradacaq
Bununla yanaşı, işğal olunmuş ərazilərdən zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tələb edən insan hüquqları prinsipi və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmət edilməli, onlar öz yurdlarına, evlərinə geri qaytarılmalı, kəndlər və şəhərlər ən qısa zamanda bərpa edilməlidir. Söhbət 1989-cu ildə əhalinin təqribən 24%-i təşkil edən 40 min azərbaycanlının Dağlıq Qarabağdan, həmçinin, 1992-1993-cü illərdə işğal edilmiş Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan qovulmuş azərbaycanlılardan gedir.
Bu şərtlər altında seçkili və ya yerli hakimiyyət orqanları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış və Fransa tərəfindən tanınmayan qeyri-qanuni separatist qurum olan qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən yerli orqanlarla “dostluq xartiyaları”nın imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcıllığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın təməlini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin inkişafının harmoniyasını təhdid edir.
1997-ci ilin yanvarından bəri ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın öhdəlikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və “qanunsuz xartiyaların” ləğvinə dair Fransa hökumətinin möhkəm mövqeyi təkcə Ermənistan və Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan uzun müddət davam edən bu çıxılmaz vəziyyəti irəli apara bilər.
Münaqişənin ədalətli həlli yalnız region ölkələrinin deyil, Fransa da daxil olmaqla Avropalı tərəfdaşların faydalanacağı Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı və geniş regional əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.
Pakistanın nüfuzlu KİV-lərində Dağlıq Qarabağ münaqişəsindən yazılıb
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır”.
Bu arada Pakistanın nüfuzlu KİV-lərində Azərbaycan haqqında məqalə yayılıb. Pakistanın “The News International” qəzetində və internet saytında, eləcə də “Diplomatic News Agency” agentliyində və digər informasiya mənbələrində Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadənin “Diplomatik məqsədlər” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 1919-cu il iyulun 9-da Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin təsis olunmasından, müasir Azərbaycanın Cümhuriyyətin varisi kimi müstəqilliyini bərpa etdikdən sonra çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq, qısa zamanda çoxlu uğurlar əldə etməsindən bəhs olunur.
Məqalədə bütün xalqlar və dövlətlər ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasının Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət prioritetlərindən biri kimi müəyyən edildiyi, aparılan çox çətin, lakin uğurlu siyasət nəticəsində respublikanın de-fakto dünya dövlətləri tərəfindən tanındığı və Paris Sülh Konfransının Ali Şurasına dəvət aldığı, həmin dövrdə Cümhuriyyətin xaricdə 16 diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi vurğulanır.
Yazıda ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və xidmətləri nəticəsində müstəqilliyimizin qorunub saxlandığı, bu böyük siyasətçinin müəyyən etdiyi müdrik daxili və xarici siyasətlə başlanan dövlət quruculuğu prosesinin Azərbaycana böyük uğurlar gətirdiyi, cəbhədə atəşkəsə nail olunduğu, beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bildirilir.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil, demokratik Azərbaycanın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə artan nüfuzu ilə Cümhuriyyətin arzu və ideyalarını reallığa çevirdiyi faktlarla diqqətə çatdırılır.
Səfir Azərbaycanın Pakistanla əlaqələrindən də bəhs edir. O, Pakistanla əlaqələrin daha da inkişafının Azərbaycanın xarici siyasət prioritetlərindən birini təşkil etdiyini, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyən qardaş, dost ölkə və strateji tərəfdaş olduğunu vurğulayır.
Yazıda Azərbaycanın hazırda 70-dən çox xarici ölkədə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə rolunun hər il daha da artdığı vurğulanır.
Qeyd edək ki, yüz minlərlə internet izləyicisi ilə yanaşı, “The News International” qəzeti Pakistanın ən çox oxunan, ölkənin 4 böyük şəhərində, eləcə də Londonda gündəlik təxminən 140 min tirajla yayılan ingilisdilli qəzetlərindəndir. “Diplomatic News Agency” informasiya agentliyi isə çoxsaylı yerli oxucularla yanaşı, Pakistanda fəaliyyət göstərən diplomatik korpusun da izlədiyi informasiya agentliklərindəndir.
Fuad Hüseynzadə
Palitra 2019.- 11 iyun.- S.11.