ADPU-da daha bir
beynəlxalq elmi konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) görkəmli
dilçi-alim, türkoloq,
ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) müxbir üzvü,
latın qrafikalı müasir Azərbaycan əlifbasının müəllifi,
Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq
elmi konfransı keçirilib. Beynəlxalq konfransın iştirakçıları
əvvəlcə Fəxri
xiyabanda Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin məzarını
ziyarət edib, önünə əkili və gül dəstələri düzərək
xatirəsinə ehtiramlarını
bildiriblər. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın
da xatirəsi ehtiramla yad edilib,
məzarı önünə
gül dəstələri
düzülüb. Həmçinin Şəhidlər xiyabanında
Azərbaycanın ərazi
bütövlüyü və
dövlət müstəqilliyi
uğrunda həlak olmuş şəhid soydaşlarımızın məzarları
və “Əbədi məşəl” kompleksi ziyarət edilib.
Qeyd edək ki, beynəlxalq
elmi konfransın yüksək səviyyədə
keçirilməsi üçün
sədri ADPU-nun rektoru,
professor Cəfər Cəfərov
olan və tərkibinə universitetin,
respublikamızın, eləcə
də müxtəlif xarici ölkələrin tanınmış və nüfuzlu alim-mütəxəssislərinin,
ziyalılarının daxil
edildiyi Təşkilat
Komitəsi yaradılıb.
Konfransda Türkiyədən,
Rusiyadan və digər xarici ölkələrdən alimlər,
universitet rektorları,
Litvanın ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Valdas Lastauskas iştirak ediblər. Konfransdan öncə Afad Qurbanovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib, həmçinin uzun illər çalışdığı
Filologiya fakültəsinin
Azərbaycan dilçiliyi
kafedrasında alimin xatirə lövhəsinin açılışı olub.
Sonra
ADPU-nun Böyük zalında
konfransın plenar iclası keçirilib.
Konfransın plenar iclasını
giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov
qonaqları salamlayaraq
onları rəhbərlik
etdiyi universitetdə görməkdən məmnunluq
və şərəf
duyduğunu bildirib. Rektor qeyd edib ki,
böyük alim A.Qurbanovun 90 illik yubileyi münasibətilə
ölkəmizdə müxtəlif
tədbirlər keçirilir.
Görkəmli alim A.Qurbanovun
həyatının böyük
bir hissəsi ADPU ilə bağlı olub. ADPU-nun rektoru işlədiyi müddətdə
universitetin tamamilə
yenidən qurulması,
maddi-texniki bazanın gücləndirilməsi, təhsilin
keyfiyyətinin yüksəldilməsi,
yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması,
çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman respublikada yeganə olan müdafiə şuralarının
işinin keyfiyyətinin
artırılması A.Qurbanovun
adı ilə bağlıdır. Milli Məclisin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri,
latın qrafikalı müasir Azərbaycan əlifbasının
müəllifi A.Qurbanovun
ölkəmizdə əlifba
islahatının aparılmasında
misilsiz xidmətləri
olmuşdur. Professor A.Qurbanovun çoxsaylı
monoqrafiya, dərslik və dərs vəsaitləri dünya və milli dilçilik
xəzinəsinin ən
kamil, dəyərli incilərindəndir. Məşhur alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan
dilçilərinin yaradıcılığının
inkişafına güclü
təsir göstərməkdədir.
Bu gün keçirdiyimiz
beynəlxalq elmi konfransda səslənən
fikirlər, çıxarılan
nəticələr dilçilik
elmimizin inkişafına
müsbət təsir
edəcək.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva
konfrans iştirakçılarını
Təhsil Nazirliyinin rəhbərliyi adından
salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Nazir müavini
bildirib ki, çoxşaxəli və
çoxcəhətli elmi
fəaliyyəti ilə
dilçilik elmimizə
layiqli töhfələr
verən, özünəməxsus
yaradıcılıq dəst-xəttinə
malik olan A.Qurbanov elmi məktəb yaratmışdır.
Şərəfli-müəllim alim ömrü
yaşamış A. Qurbanov
bacarıqlı və
təcrübəli elm və
təhsil təşkilatçısı
olmuşdur. Vətənpərvər ziyalı A. Qurbanov ölkəmizin ictimai-siyasi
həyatında fəal
iştirak etmişdir.
A.Qurbanov
kimi ziyalılar xalqımızın mənəvi
sərvətidir. Belə ziyalıların
zəngin elmi irsini öyrənmək hər birimizin müqəddəs mənəvi
və vətəndaşlıq
borcumuzdur.
Türk
Dil Qurumunun sabiq sədri, Hacətəppə Universitetinin
Sözlükçülük Mərkəzinin sədri,
professor Şükrü Halük
Akalın çıxışında
bildirib ki, professor A.Qurbanov bütün Türk dünyasında, o
cümlədən Türkiyədə
yaxşı tanınan
nüfuzlu bir alim olmuşdur. Böyük alimlə bağlı xatirələrini bölüşən
professor Şükrü Halük
Akalın vurğulayıb
ki, A.Qurbanov gözəl ailə başçısı, qayğıkeş
ata olub. 5 övladını faydalı insan, həqiqi vətəndaş,
yüksək səviyyəli
elmi mütəxəssislər
kimi yetişdirib.
O, konfransın keçirilməsinə
görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür
edib.
Plenar iclasda A.Qurbanovla bağlı sənədli film nümayiş
etdirilib.
AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli, İ.Cavaxişvili adına
Tbilisi Dövlət Universitetinin
Türk dili və ədəbiyyatı
kafedrasının müdiri,
professor Marika Jikia, Serbiya Elmlər və İncəsənət
Akademiyasının Serb Dili
İnstitutunun İdarə
Heyətinin üzvü,
professor Marija Dindic və başqaları çıxış edərək
A.Qurbanovun yüksək
intellekt səviyyəsinə,
geniş dünyagörüşünə,
zəngin mənəviyyata
malik alim, təmkinli və müdrik ziyalı olduğunu xüsusi vurğulayaraq türkologiya
elminin inkişafına
dəyərli töhfələr
verdiyini bildiriblər.
Qeyd edilib ki, professor A.Qurbanovun əsərləri
Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan,
Özbəkistan və
digər ölkələrdə
yayılıb. Məşhur dilçi-alim son 50 ildə
dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə,
xüsusilə türkologiyaya
dair keçirilən konfransların əksəriyyətində
aktual və orijinal məruzələrlə
çıxış edib.
İclasda A.Qurbanovun fəaliyyətini
əks etdirən
www.afadgurbanov.az internet səhifəsinin və ingilis, rus, türk dillərində çap edilmiş seçilmiş
əsərlərinin təqdimatı
da keçirilib.
Bakı
Slavyan Universitetinin dekanı, professor Fidan Qurbanova A.Qurbanovun nəşr edilmiş elmi əsərləri barədə
məlumat verib.
Professor Yaqub Qurbanov
ailə üzvləri
adından çıxış
edərək tədbirin
keçirilməsinə verdiyi
dəstəyə görə
Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə
təşəkkür edib.
Sonra konfrans öz işini 4 elmi bölmədə- Ümumi
dilçilik, Türkoloji
dilçilik, Onomalogiya,
Praktik dilçilik / Azərbaycan ədəbi dili (Müasir Azərbaycan Əlifbası)
bölmələrində davam
etdirib. Bölmə iclaslarında ümumilikdə
140-dan çox məruzə
dinlənilərək müzakirə
edilib.
Konfransın bağlanış iclasında
sertifikatlar təqdim edilib. Qeyd etmək lazımdır
ki, beynəlxalq konfrans elm və təhsil ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilib, elektron
və çap mediasında, sosial şəbəkələrdə, televiziya kanallarında geniş işıqlandırılıb.
Nigar
Palitra 2019.- 11 iyun.- S.12.