Vaşinqtonda
Ermənistanın işğalçı və beynəlxalq
hüquq normalarına zidd olan siyasəti ifşa olunub
ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət
göstərən nüfuzlu düşüncə mərkəzlərindən
olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr
olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər
verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və
Avrasiya məsələləri üzrə köməkçisinin
müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə
bağlı çıxış edib. Sonra
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin Atlantik Şuranın Qlobal Enerji
Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri Riçard Morninqstarla müzakirəsi
baş tutub. Tədbirdə əsasən
Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
ictimai-siyasi xadimlər və regionla bağlı
araşdırma aparan analitiklər iştirak ediblər. İctimaiyyət üçün açıq olan tədbirdə,
həmçinin erməni lobbisinin xeyli sayda nümayəndələri
iştirak edib.
Əvvəlcə C.Kent çıxış edərək
Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti
barədə söhbət açıb. O, Cənubi Qafqazın əhəmiyyətini
vurğulayaraq Azərbaycanı vacib tərəfdaş kimi
xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik,
enerji və iqtisadi inkişafın təmini sahələrində
uğurla davam edən əməkdaşlıqdan
danışıb. ABŞ rəsmisi son dövrlər
iki dövlətin rəsmilərinin səfərlərinin və
dialoqunun artmasını münasibətlərin
inkişafının göstəricisi kimi vurğulayıb.
C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı
əməliyyatlarına göstərdiyi əhəmiyyətli
dəstəyə görə Azərbaycana ABŞ hökumətinin
təşəkkürünü çatdırıb. Həmçinin
o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin
tərəfdarı olduğunu, ölkəsinin ATƏT-in Minsk
qrupu çərçivəsində vasitəçilik səylərinə
sadiq qaldığını bildirib və münaqişənin
tezliklə həllinin regionda sülh və
firavanlığın təmininə imkan
yaradacağını vurğulayıb.
Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri
R.Morninqstar Hikmət Hacıyev ilə bir sıra mövzularda
müzakirələr aparıb. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesinin hazırkı mərhələsinə toxunan Prezident
Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin
göstərdiyi müdrik və təmkinli yanaşmasına
baxmayaraq, Paşinyan hakimiyyətinin münaqişənin həllində
ciddi mövqe nümayiş etdirmədiyini, əksinə, bu
vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat
və addımlarla yadda qaldığını qeyd edib. Bu xüsusda, H.Hacıyev Ermənistanın təmas xəttində
Azərbaycan hərbi qulluqçularının
ölümü ilə nəticələnən son təxribatları
barədə məlumat verib və bu addımların məhz
danışıqlar prosesini pozmağa yönəldiyini qeyd
edib. Şöbə müdiri Ermənistanın
hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq
münaqişənin həllinin, ilk növbədə, Ermənistan
üçün faydalar gətirəcəyini, Ermənistanın
bu iflasdan çıxmasının yeganə yolunun
münaqişənin həllindən keçdiyini, təəssüf
ki, hələlik Ermənistanın və erməni diasporunun
bunu anlamadığını bildirib. Həmçinin
H.Hacıyev Ermənistanın sülh
danışıqlarında iştirak etdiyi dövrdə paralel
olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri
davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama
daha çox diqqət yönəltməsinin vacib olduğunu
vurğulayıb.
Sonda Prezident Administrasiyasının rəsmisi
auditoriyanın suallarını cavablandırıb. Erməni
lobbisinin təbirdə kütləvi şəkildə
iştirak edən nümayəndələri tərəfindən
Azərbaycan rəsmisinə təxribatçı suallar
ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın
işğalçı və beynəlxalq hüquq
normalarına zidd olan siyasətini ifşa etməklə cavab
verib.
Hərbi
pilotlarımızın peşəkarlığı sayəsində
düşmən təxribatı uğursuzluqla nəticələnib
Yeri gəlmişkən, iyunun 12-də səhər
saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan
Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin
planlı təlim uçuşları həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, bu zaman Ermənistan silahlı
qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə
aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket
kompleksindən buraxılan iki raket hədəfə dəyməyərək
havada partlayıb.
Bu, hərbi pilotlarımızın ustalığı və
aviasiya vasitələrimizdə quraşdırılmış
müasir cihazlar sayəsində, digər tərəfdən isə
düşmənə məxsus hərbi texnikanın köhnə
və keyfiyyətsiz, onun idarə olunmasına təhkim
edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin
aşağı olmasını göstərir.
Düşmən tərəfindən buraxılan raketlərdən
birinin hərəkət traektoriyası və hədəfdən
yan keçmə anı aviasiya vasitələrimizin təlim
uçuşlarının çəkilişlərini həyata
keçirmək üçün nazirliyin havaya
qaldırılan pilotsuz uçuş aparatı tərəfindən
qeydə alınıb.
Almaniyada
yəhudi icması Xocalı soyqırımına həsr
olunmuş tədbir keçirib
Bu arada Almaniyanın Leverkuzen şəhərində Davidstern
yəhudi icmasının təşkilatçılığı
və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi
ilə azərbaycanlıların soyqırımına həsr
olunmuş anım tədbiri keçirilib.
Tədbiri
açan Davidstern təşkilatının rəhbəri Lev
İsmixanov Xocalı soyqırımını Liditse faciəsi
ilə müqayisə edib: “Liditse qətliamı 1942-ci ildə
nasistlərin törətdiyi cinayətdir. Bundan düz 50 il sonra alman nasistlərinin yolunu davam etdirənlər
Xocalı soyqırımını törətdi. Burada da etnik zəmində qocalar, qadınlar və
südəmər körpələr qətlə yetirildi.
Mənim vəziyyətimdə iki məqam birləşir
– yəhudi olaraq Holokostun xatirəsini və Azərbaycandan olan
biri kimi 90-cı illərin cinayətlərinin
ağrısını daşıyıram".
ADDF-nin icraçı direktoru Elşad Əliyev qeyd edib ki, azərbaycanlıların qətliamı Ermənistan rəhbərliyinin düşünülmüş siyasəti idi. E.Əliyev buna sübut olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın amerikalı jurnalist Tomas de Vaala müsahibəsini xatırladıb: “Orada Sarkisyan deyir ki, Xocalıyadək azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdü – biz dinc əhaliyə əl qaldırmayacağıq. Biz bu stereotipi sındırdıq”. E.Əliyev iştirakçıları bölgədə baş verənlərlə yaxından tanış olmağa və onu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çağırıb. Sonda Fondun rəhbəri tədbirin təşkilinə görə yəhudi icmasına təşəkkürünü bildirib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Qurban Ələkbərov da Azərbaycan həqiqətlərinin dünya, xüsusilə də alman ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini qeyd edib: “Ətraf aləmin ermənilərin yalan təbliğat maşınına əsaslanmış mifdən azad olması bizim üçün çox vacibdir. Hər kəs anlamalıdır ki, Azərbaycan təcavüzün qurbanıdır”. O, Bundestaqın 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməsini misal çəkərək ictimaiyyətin birtərəfli informasiyalara istinad etməsini təəssüflə bildirib.
Karl Bekker dini və siyasi araşdırmalar institutunun nümayəndəsi Mövsün Hacıyev bölgədəki həqiqətlərin qərbə çatdırılmasında subyektiv reallıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, ilk növbədə ifrat sağçıların və islamofobların artımı ilə bağlıdır: “Biz müxtəlif platformalarda ünsiyyət zamanı Xocalı haqqında məlumat veririk. Amma burada problem başlayır – Azərbaycan müsəlman ölkəsidir, Ermənistan qədim xristian dövləti”.
Tədbirin iştirakçıları erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən bannerlərlə tanış olub. Onlara Xocalı faciəsindən bəhs edən poster və albomlar paylanılıb.
Sonra tədbirdə iştirak edən alman siyasətçilərlə Azərbaycan nümayəndə heyəti arasında müzakirələr aparılıb. Xüsusilə Leverkuzen şəhərinin bələdiyyə başçısı, Sosial Demokrat Partiyasının nümayəndəsi Uve Rixarts və Xristian Demokrat Partiyasından Bundestaqın deputatı olan Rudeqer Şolts Diaspora Dəstək Fondunun rəhbəri Elşad Əliyevə bölgədəki hadisələrlə bağlı suallar ünvanlayıblar və etiraf ediblər ki, onlar indiyədək bu faktlar barədə eşitməyiblər.
Fuad Hüseynzadə
Palitra 2019.- 14 iyun.- S.11.