Azərbaycan
milli hərəkat tarixinin tədqiqatçısı
Azərbaycan
xalqının tarixinə daxil olmuş görkəmli tədqiqatçı
alimlərin elmi-pedaqoji fəaliyyətini,
yaradıcılığını və ictimai-siyasi fəaliyyətinin
ayrı-ayrı sahələrini öyrənmək, onların
mənalı həyat yolunu, zəhmətsevərliyini və vətəndaş
mövqeyini, vətənpərvərliyini və yüksək insani
keyfiyyətlərini gənc nəslə çatdırmaq
çağdaş dövrümüzdə də mühüm əhəmiyyətə
malikdir.
Xalqımızın tarixinə, milli-mənəvi dəyərlərimizə
kökündən bağlı olan belə tədqiqatçı
alimlərin qələmindən çıxan tarixi kitablar
geniş elmi ictimaiyyət və tələbələr tərəfindən
sevilə-sevilə oxunan əsərlər sırasına
daxildir. Belə
alimlərdən biri ömrünün müdrik
çağını yaşayan, tarix elmləri doktoru, professor Xəqani Məmmədovdur.
Xəqani
Məmmədov 1954-cü il iyun
ayının 18-də Ağcabədi şəhərində
dünyaya gəlib. 1970-ci ildə Ağcabədi
şəhər 1 saylı orta məktəbini bitirən Xəqani
Məmmədov elə həmin ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur.
Cəmi 16 yaşı yenicə tamam olan gənc
Xəqani tələbə yoldaşları içərisində
ən cavanı idi.
Hələ tələbə ikən gecə-gündüz
tarixi kitabları yorulmaq bilmədən kitabxanalarda fasiləsiz
öyrənən Xəqani özünün zəhməti və
elmi biliyi hesabına 1975-ci ildə fakültəni fərqlənmə
diplomu ilə bitirir. Təhsil Nazirliyinin göndərişi ilə
doğma məktəbində tarix müəllimi işləyir
və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin
aspiranturasına daxil olur. Onun istedadı və
savadı nəzərə alınaraq 1982-ci ildə tarix
fakültəsində müəllim vəzifəsinə təyin
edilir. Deyirlər ki, cəmiyyətdə
insanın mövqe tutmasının birinci amili onun öz sənətini
ürəkdən sevməsidir. Sənətini
və milli tariximizi canı qədər sevən Xəqani
müəllimə zaman keçdikcə bu peşə
şöhrət gətirdi. 1985-ci ildə
namizədlik, 1998-ci ildə isə doktorluq
dissertasiyalarını müdafiə edir və tarix elmləri
doktoru alimlik dərəcəsini alır. 2000-ci
ildə professor vəzifəsini tutur. Sürətlə
keçın bu illər ərzində Xəqani Məmmədov
zəngin və çoxsahəli bir elmi-pedaqoji
yaradıcılıq yolu keçir. Bu illər
ərzində ciddi elmi tədqiqatlar apararaq dəyərli əsərlər
yazır.
Xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl sahibi
olan Xəqani müəllimin həyatda özünəməxsus
elə bir tarixi fəlsəfəsi var ki, onun həyat
simfoniyasında mənəvi saflıq, poetik təbiət, Vətənə,
xalqa sədaqət, milli-mənəvi dəyərlərə
bağlılıq üstünlük təşkil edir.
Bu gün
respublika elmi ictimaiyyətinin görkəmli alimlərindən
biri, Azərbaycanda və türk dünyasında
tanınmış dəyərli tarixçi alim, yüzlərlə
insanın qəlbində özünə əbədi heykəl
ucaldan, sevgi və istək dolu mənalı ömür
yaşayan Xəqani Məmməd oğlu Məmmədovun anadan
olmasının 65 və elm-pedaqoji fəaliyyətinin 40 ili
tamam olur. Qəlbinin hərarətini, zəngin
elmi biliyini istəkli tələbələrinə öyrətmək,
bütün insanlara əlindən gələn köməyi
etmək, onlara mənəvi dayaq olmaq Xəqani müəllimin
elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin başlıca
amalına çevrilib. Məhəmməd Peyğəmbər
(s.) hədislərinin birində deyib: “İnsanların ən
xeyirlisi başqalarına xeyri dəyəndir”. Xəqani
müəllim həmişə belə xeyirxah insanlardan biri
olub.
Qədim Roma imperatorlarından birinin dediyi kimi, ən
böyük elm müdriklikdir, ən yüksək müdriklik
isə xeyirxahlıqdır. Bu baxımdan X.Məmmədov
yeni tarixi şəraitdə fəaliyyətə başlayarkən
bütün hərəkətlərində və
addımlarında haqqın qələbəsinə
çalışıb, təbiətindəki saflıq və
səmimiyyət, mənəvi və əxlaqi təmizlik,
ümid və arzularını həyata keçirməkdə
aparacağı mübarizə üçün ona dönməz
cəsarət və qətiyyət verib. Onun
həm rəhbər, həm müəllim, həm mütəxəssis
kadr və həm də bir ziyalı kimi həqiqət
konsepsiyası daha geniş ictimai məkan
ölçüsü kəsb edir, Vətənə və
xalqına xidmət onun başlıca amalıdır.
Hər kəsi səbirlə dinləmək, hadisələrə
doğru-düzgün qiymət vermək, mühakimələrində
obyektivlik, sərbəstlik, ardıcıllıq və qətiyyətlilik
Xəqani müəllimin həyat kredosudur.
Xəqani
Məmmədov müdrik alim, dəyərli ziyalı, gözəl
təşkilatçı, əvəzsiz dost, minlərlə
insanın və tələbə dünyasının sevdiyi
istəkli müəllim, təcrübəli pedaqoq,
xalqını və Vətənini canı qədər sevən
insandır. Yaxşılıq və
xeyirxahlıq onun qanında və canında, bütün elmi və
pedaqoji yaradıcılığında, praktik əməllərində
və mənalı ömür bioqrafiyasındadır.
X.Məmmədov Azərbaycan tarix elmində öz
sözünü deyən yaradıcı və məhsuldar tədqiqatçı
alimdir. Mənim yaxşı yadımdadır. Xəqani müəllim Bakı Dövlət
Universitetinin aspiranturasına daxil olduğu ilk günlərdən
elmi tədqiqatlara böyük həvəs və istəklə
yanaşırdı. Məhz həmin istək arzusu ilə Xəqani müəllim
respublikanın, o zamankı İttifaq dövlətinin mərkəzi
şəhərlərinin kitabxanalarında, arxivlərində
yorulmaq bilmədən axtarışlar aparır, yeni-yeni arxiv
materiallarını elmi dövriyyəyə cəlb edirdi.
Həmin ciddi elmi axtarışların məntiqi nəticəsidir
ki, onun qələminin məhsulu kimi Azərbaycanın XIX əsrin
sonu - XX əsrin əvvəllərini əhatə edən milli
hərəkat tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil,
elm və mədəniyyət sahələrində fəaliyyəti,
Türkiyədə və Azərbaycanda erməni quldurları
tərəfindən törədilən soyqırımlar və
digər sanballı tədqiqat əsərləri
yazıldı və geniş elmi ictimaiyyətin istifadəsinə
verildi. Xəqani müəllim doktorluq
dissertasiyasını müdafiə etməklə kifayətlənmədi.
Müdafiədən sonra onun ali məktəblər
üçün dəyərlı dərs vəsaiti və
monoqrafiyası, bir çox elmi əsər və məqalələri
işıq üzü gördü. Onun Azərbaycan tarixi
elminin müxtəlif sahələrinə dair çoxlu elmi əsərləri,
dərslikləri və monoqrafiyaları, ali
məktəblərimizdə tədris edilən və sevilərək
oxunan kitabları var.
Xəqani Məmmədovun elmi-tədqiqat sahəsi
çox genişdir. Zəhmətkeşlərin əmək tərbiyəsi
ilə elmi yaradıcılığa və araşdırmalara
başlayan və elmlər namizədi alimlik dərəcəsi
alan (1985-ci ildə) X.Məmmədov,
sonradan daha aktual problemləri tədqiq etməyə və Azərbaycan
tarixinin sovet dövründə yasaq edilmiş problemlərini
araşdırmağa başladı. Azərbaycan
xalqının milli azadlıq mübarizəsinin məntiqi nəticəsi
kimi dövlət müstəqilliyinin bərpasının
böyük əhəmiyyəti həm də o oldu ki, qədim
və zəngin dövlətçilik tariximizin obyektiv
yazılmasına əlverişli şərait yarandı.
Azərbaycan tarixinin yeni təfəkkür tərzində,
doğru-düzgün yazılmasına xüsusi diqqət və
qayğı göstərən Ümummilli Lider Heydər
Əliyev 1993-cü il sentyabrın 21-də və 1997-ci il
yanvarın 31-də ziyalılarla, AMEA-nın rəhbərliyi
ilə görüşündəki nitqində Azərbaycanın
XIX-XX əsrlər tarixinin yenidən yazılmasının
vacibliyini qeyd etdi və bu istiqamətdə elmi-tədqiqat
işlərinin genişləndirilməsinin zəruri olduğunu bildirmiş,
tarixçilərə dəyərli məsləhətlərini,
tapşırıqlarını və tövsiyələrini
verdi. Azərbaycan tarixi elminin gələcək
inkişaf strategiyasını müəyyənləşdirmək,
tarixçilər ordusunu səfərbər etmək və
istiqamətləndirmək baxımından Heydər
Əliyev bu tarixi görüşləri ilə Azərbaycan
tarixçilərinə hər hansı bir problemin dərindən
və obyektiv araşdırılması üçün
dövlət səviyyəsində hərtərəfli şərait
yaratdı. Eyni zamanda, XIX-XX əsrlər Azərbaycan
tarixinin yazılmasını daim nəzarətdə
saxlayacağını, bu vacib məsələyə hərtərəfli
kömək və yardım edəcəyini bildirdi. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan
tarixinə dövlət siyasəti səviyyəsində diqqət
və qayğısının parlaq ifadəsi, tarixçilər
qarşısında duran fəaliyyət proqramı idi.
Heydər Əliyev deyirdi: “...Tariximizin parlaq səhifələri
də, qaranlıq səhifələri də var. Tariximizin hər
bir səhifəsinə hörmətlə, ehtiramla
yanaşaq... Biz qısa vaxtda heç olmasa XX əsrin
tarixini yazmalıyıq».
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin
xalqımızın tarixinin yeni təfəkkür tərzində
araşdırılmasına dair tapşırıqları və
göstərişləri tarixçi alimlərin
qarşısında bir proqram sənədi oldu. Tarixçi alimlər
yeni-yeni aktual mövzularla araşdırmalara başladılar.
Geniş araşdırmalara başlayan X.Məmmədov 1998-ci ildə “Azərbaycanda maarifçilik və milli hərəkat (XIX yüzilliyin sonları-XX yüzilliyin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi aldı. Onu da qeyd etməliyik ki, iki il əvvəl, yəni 1996-cı ildə onun tərəfindən “Azərbaycan milli hərəkatı(1875-1918-ci illər)” adlı monoqrafiyanın nəşr olunub geniş ictimaiyyətə çatdırılması respublika tarix elmində böyük marağa səbəb oldu və görkəmli tarixçi alimlər həmin kitaba yüksək qiymət verdilər. Arxiv sənədləri və milli-azadlıq hərəkatının görkəmli xadimlərinin, qabaqcıl ziyalılarının əsərləri, dövrü mətbuat materialları əsasında, geniş araşdırmalar nəticəsində yazılan həmin monoqrafiyada ilk dəfə idi ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatının sosial-iqtisadi və siyasi təməli, maarifçilik hərəkatı və milli-mədəni inkişaf, milli-demokratik ideyalar, erməni-azərbaycanlı münaqişələrinin milli-azadlıq hərəkatına təsiri, qabaqcıl ziyalıların türkçülük və demokratik dəyərlərə söykənən istiqlal mübarizəsinin ümummilli xalq hərəkatına çevrilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və s. məsələlər ətraflı tədqiq edilirdi.
X.Məmmədov həmin kitabda
ilk dəfə olaraq Azərbaycan milli hərəkatının
mərhələlərini müəyyənləşdirmiş,
həmin hərəkatın təkamül tarixini izləmiş,
hər bir mərhələnin də özünəməxsus
xüsusiyyətlərini səciyyələndirmiş,
milli hərəkatın daxili və xarici amillərini faktlar və
sənədlər əsasında müəyyənləşdirmişdi.
Azərbaycan milli hərəkatı probleminin tədqiqi
ilə bağlı arxiv materiallarının, habelə xarici
sovetoloqların və azərbaycanşünas alimlərin bir
çox tədqiqatlarının ilk dəfə elmi dövriyyəyə
cəlb edilməsi kitaba elmi marağı daha çox
artırmış, onun elmi-nəzəri və əməli əhəmiyyətini daha da
yüksəltmişdi.
X.Məmmədovun ömür kitabının və elmi araşdırmalarının hər hansı bir səhifəsinə diqqət yetirərkən, onun sözun əsl mənasında dəyərli və istedadlı bir alim olması dərhal təsdiqlənir. Ona görə ki, X.Məmmədov tədqiqatçı alim kimi Azərbaycan tarixinin bir çox məsələlərini araşdırmış və yorulmaq bilmədən yeni-yeni əsərlər və elmi məqalələr yazıb. “Azərbaycanda maarifçilik və milli hərəkat” (Bakı, 1998, doktorluq dissertasiyası), ”Aydınlarımızın istiqlal mücadiləsi” (Bakı, 1999), “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyəti” (Bakı, 1999), “Azərbaycan xalqının milli istiqlal mübarizəsi” (Bakı, 2005, dərs vəsaiti), “Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri” (Bakı, 2007, monoqrafiya), “Erməni iddiaları və Azərbaycanlıların soyqırımı” (Bakı, 2008, dərs vəsaiti) və digər elmi əsərlər X.Məmmədovun qələminin məhsuludur. Bunlardan başqa X.Məmmədov “Azərbaycan tarixi” XI sinif, “Siyasi tarix” ( I və II hissələr), “Azərbaycan tarixi” ( Ali məktəblər üçün dərslik , Bakı, “ Bakı Universiteti Nəşriyyatı “, 2014, 2015 və 2017-ci illər) və başqa dərsliklərin həmmüəllifidir.
X.Məmmədov yaradıcı alimdir. Bu vaxta qədər
onun 15 adda monoqrafiyası, dərsliyi, dərs vəsaiti,
elmi-metodik kitabçaları, proqramları, 120-dən artıq
elmi əsərləri və məqalələri çap
olunub. Onun əsərləri Polşa, İsveç, Türkiyə
və başqa xarici ölkələrdə
nəşr edilib.
Məmmədov NURU
Tarix elmləri doktoru, professor
Palitra 2019.- 19 iyun.- S.10.