Ukraynalı rəqqaslar
Bakıda Azərbaycan rəqslərini ifa
ediblər
Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 8 və 16 iyunda Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçirilib. Bu festivalda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş etdirib, bundan əlavə isə bulvarda açıq dərslər keçirilib. Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olub. Konsertdə isə bir-birindən fərqli rəqslər və musiqili proqramlar olub.
Qeyd edək ki, bu il “Baku Soul of Art and Dance” festivalına bir sıra ölkələrdən, o cümlədən Ukraynadan “Qafqaz” xalq ansamblı, “Günəş” Krım tatar ansamblı və “Deti qor” uşaq ansamblının üzvləri də qoşulub. Ukraynadakı “Qafqaz” xalq ansamblının, Qafqaz Rəqsləri məktəbi və “Gənclər Dünyası” İctimai Birliyinin rəhbəri Nicat Mirzəyev “Palitra”ya bu festivalda iştirak etməkdən məmnun olduqlarını dedi: “Ukraynadan 35 nəfərlik heyətlə Azərbaycana gəlmişik. Məqsədimiz həm festivalda iştirak etmək, həm də ukraynalı qonaqları Azərbaycanla tanış etməkdir”.
ARA-nın prezidenti və AGİ-nin ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov bildirib ki, festivalda rəqqaslar tərəfindən möhtəşəm çıxışlar olub: “Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdi”.
Fuad Hüseynzadə
Palitra 2019.- 19 iyun.- S.7.