“Təhsil işçilərinin
sosial rifahı ilbəil
yaxşılaşır”
İbtidai sinif
müəllimi Pəri Qasımova: “Müəllimlərin
maaşının artırılması təhsil siyasətinin
məntiqi davamıdır”
“Doğurdan da
bu, bizim əməyimizə
verilən böyük dəyərdir. Eyni zamanda mənim valideynlərim
də müəllim olduğu üçün bu sərəncam
bir müəllim ailəsinin əməyinə
verilən qiymətdir”
Ölkədə təhsilin inkişafı məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqaməti, keyfiyyətin dayanıqlılığını təmin etməyə və müasir dövrün çağırışlarına əsaslanmaqla mühüm dəyişikliklərə nail olmağa imkan verir. Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi, həmçinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin sərəncamları bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunun göstəricisidir. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli addımın atıldığını göstərir. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamda həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması tapşırılır. Bu sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.
Ölkə başçısının bu sərəncamı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımova ölkə başçısının sərəncamından çox razı olduğunu bildirdi: “Aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər sayəsində bu gün ölkənin bütün sahələrində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə marağın artmasına səbəb olur. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə böyük maraq göstərirlər. Son illərdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb, onların işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. İnanırıq ki, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sistemimizin hərtərəfli inkişafını təmin edəcək yeni-yeni layihələr reallaşdırılacaq. Bu da Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirəcək”.
P.Qasımova onu da qeyd etdi ki, Prezidentin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması aparılan təhsil siyasətinin məntiqi davamı olmaqla yanaşı, müəllim peşəsinə diqqət və qayğının bariz nümunəsidir: “Doğurdan da bu, bizim əməyimizə verilən böyük dəyərdir. Eyni zamanda mənim valideynlərim də müəllim olduğu üçün bu sərəncam bir müəllim ailəsinin əməyinə verilən qiymətdir. Bir müəllim ailəsi olaraq ölkə başçısına təşəkkür məktubu ünvanlamışıq. Məktubda da qeyd etmişəm ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla və dinamik şəkildə davam etdirilməkdədir. “Ölkədə sabitliyin yaradılması, Azərbaycanın inkişafı və dünya ölkələri sırasında özünə layiqli yer tutması istiqamətindəki fəaliyyətinizi alqışa layiqdir. Siz Azərbaycanımızın qarantısınız. Cənab Prezident, Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” imzaladığınız sərəncama əsasən, yaradılmış şərait və dövlət qayğısı biz təhsil işçilərini ruhlandırır, öz fəaliyyətimizə daha yaradıcı yanaşmağa sövq edir. Ölkənin sosial-iqtisadi və mədəni inkişafına, bilikli cəmiyyətin formalaşmasına istiqamətlənmiş bu mühüm addımlar biz müəllimlərə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir. Azərbaycanın işıqlı gələcəyə doğru inamla addımlaması yolunda Sizə və ailənizə uğurlar, möhkəm cansağlığı arzulayıram. Müstəqil Azərbaycanımızın daha da inkişafı üçün gördüyünüz əvəzsiz işlərə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun. Dərin hörmətlə, Qasımovlar ailəsi”. Bir daha qeyd etmək istərdim ki, ölkə başçısının növbəti sərəncamı məni daha çox öz işimdə məsuliyyətimi artırmağa və inamla işləməyə həvəs yaradır”.
Nigar Abdullayeva
Palitra 2019.- 25 iyun.- S.5.