“Avropa
Şurasındakı böhranların əsas səbəblərindən
biri intizamsız və
işğalçı Ermənistanın cəzasız
qalmasıdır”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə belçikalı deputat Petra Sutterin “Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbuletmə prosesinin möhkəmləndirilməsinə” dair hazırladığı məruzə ciddi müzakirələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı müzakirələrdə 70-ə yaxın deputat çıxışa yazılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq, AŞPA nizamnaməsi və qaydalarında dəyişiklik etmək cəhdlərinin müsbət və mənfi tərəflərinə toxunub.
Bildirib ki, 70 yaşını qeyd edən bir təşkilatın nizamnaməsində, fəaliyyət prinsiplərində dəyişikliklər etməyə çalışması, bir tərəfdən çox yaxşıdır, digər tərəfdən isə narahatedicidir. Deputat deyib: “Yaxşıdır ona görə ki, bu, təşkilatdakı daxili dinamikadan xəbər verir. Göstərir ki, təşkilat öz işinə tənqidi yanaşmağı bacarır, yeniləşməyə, daha mükəmməl olmağa can atır. Narahatedici tərəfi isə 50-yə yaxın ölkənin ictimai-siyasi taleyi ilə bilavasitə bağlı olan bir mötəbər təşkilatın indiyədək kamil və rəvan işləyən nizamnaməsinin, qaydalarının olmamasıdır. Belə görünür ki, indiyədək müəyyən məsələlərdə yanlış yolla irəliləyirmişik”.
Yeniləşmənin, təkmilləşmənin vacibliyinə toxunan R.Hüseynov bildirib ki, yeniləşməyə meyil, müsbət dəyişikliklər etmək cəhdi məqbul gedişatdır. Lakin Avropada və dünyada müşahidə etdiyimiz oxşar islahatların öyrətdiyi təcrübə də var. Belə dəyişikliklər müəyyən qrupları, şəxsləri, dövlətləri nəzərdə tutaraq, onların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasını və ya genişləndirilməsini hədəf götürməməlidir. Dəyişikliklərdən hamı faydalana bilməlidir, bu yeniliklər hamı üçün daha yaxşı fəaliyyət imkanları təmin etməlidir.
R.Hüseynov üzv ölkələrin hər birinin bu quruma qəbul edilərkən müəyyən öhdəliklər götürdüyünü, prosedurlardan keçdiyini diqqətə çatdıraraq deyib ki, AŞPA-ya daxil olan ayrı-ayrı dövlətlərin fərdi öhdəliklərindən başqa, ortaq və mühüm öhdəlik üzvlüyün başlıca şərti kimi təşkilatın nizamnaməsinə, qaydalarına, tələblərə tabe olmaqdır, onları danışıqsız icra etməkdir. Üzv ölkə bu tələbləri yerinə yetirmirsə, hətta nümayişkaranə şəkildə bundan imtina edirsə, həm də bunu dəfələrlə edirsə, təbii ki, sanksiyalar işə düşməli, təşkilat ən azı öz nüfuzunu, ləyaqətini qorumaq naminə qəti sözünü deməlidir. Əks təqdirdə, təşkilata inam, etibar itəcək, nüfuzu aşağı düşəcəkdir.
Azərbaycanlı deputat təcavüzkar Ermənistanın AŞPA nizamnaməsi və qaydalarına zidd fəaliyyətlərindən müfəssəl danışıb. Bildirib ki, Ermənistan ötən illərdə sistemli şəkildə Parlament Assambleyasının müəyyən məruzələrinin hazırlanmasına açıq şəkildə müqavimət göstərib, maneçiliklər törədib, qəbul edilmiş qətnamələrə qətiyyən məhəl qoymayıb, illər boyu onları yerinə yetirməkdən imtina edib. Nizamnaməsinə üzv dövlətin belə açıq hörmətsizlik göstərməsinə Avropa Şurası dözüb, dözməkdə davam edir. Bütün bunlardan sonra təşkilatda böhranların ardı-arasının kəsilməməsi, arzuolunmaz proseslərin ardıcıl başlaması təəccüb doğurmur.
“Hamının tələblərinə tam cavab verən nizamnamə olmalı, onu hər yeni situasiyaya uyğun dəyişdirmək cəhdləri edilməməli, prosedur qaydalarının tələblərinə riayət də istisnasız hamı üçün eyni olmalıdır”, - deyə R.Hüseynov qeyd edib. Avropa Şurasındakı bir çox böhranların və problemlərin məhz Ermənistan kimi dövlətlərə ifrat güzəştli münasibətdən irəli gəldiyini vurğulayıb.
“Məruzənin əsas məqsədi məcburi
köçkünlərlə bağlı vəziyyəti
öyrənməkdir”
“Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnamə ilə bağlı qiymətləndirmə məruzəsini hazırlayırıq. Bu qətnamə ötən il qəbul olunub. Nazirlər Kabineti bu mövzu ilə bağlı məsələnin nəzərdən keçirilməsini istəyib”. Bu fikri isə AZƏRTAC-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” məruzəsinin hazırlığı çərçivəsində təşkil olunmuş dinləmələrdən sonra bu mövzu üzrə məruzəçi Killion Munyama söyləyib.
Bildirib ki, qətnamə və məruzədə məcburi köçkün məsələsi ilə bağlı Azərbaycanın, Gürcüstan, Kipr və Ukraynanın adı var. Qətnaməyə bu dörd ölkənin adı daxil edilib, bir az da Türkiyədəki vəziyyətə toxunulub. Qətnamədə Ermənistanın və digər ölkələrin adı olmayıb. “Düşünürəm ki, erməni deputatın müdaxiləsinin, sonradan verdiyi sualın yeri deyildi. Ermənistanın adı nəyə görə bu siyahıya daxil edilməli idi?!
Xatırladıram ki, bu qətnamə çoxdan qəbul olunub. Bugünkü dinləmədə erməni deputatın müdaxiləsi çox yersiz idi”,-deyə K. Munyama vurğulayıb.
Qeyd edib ki, ölkəmizdə məcburi köçkünlərlə bağlı dəyişiklik olsa da, bu elə də böyük rəqəm deyil. Bir neçə il əvvəl Azərbaycanda 750 mindən çox məcburi köçkün olması bildirilirdi, ancaq son illər çox kiçik sayda insanlar öz doğma yurdlarına qayıdıb. Məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salınsa da məsələ hələ də gündəmdə qalmaqdadır.
Məruzədə bu məsələnin
həllinə yardım edə biləcək daha
çox mənbələr tapmağa çalışılıb. Məruzənin
əsas məqəsədlərindən biri
məcburi köçkünlərin qayıdışına
kömək etməkdir.
“Məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər”
“Düşünürəm ki, məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər. Münaqişə olan ölkələrdə məcburi köçkün problemi də mövcuddur. Biz bu problemin beynəlxalq həllini tapmağa çalışırıq. Ancaq AŞPA-da dinləmələr zamanı bu məsələni siyasiləşdirməyə cəhd edildi. Avropa Şurası insan hüquqlarını, hüquqi dövləti və demokratiyanı təşviq edir. Çalışırıq çətin vəziyyətdə olan məcburi köçkünlərə yardım edək, bu problemə humanitar mövqedən yanaşaq”.
Bu fikirləri isə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” məruzəsinə hazırlıq çərçivəsində təşkil olunmuş dinləmələrdən sonra moderator, isveçrəli deputat Doris Fiala AZƏRTAC-a müsahibəsində söyləyib.
Deputat bildirib ki, dinləmələr zamanı o, sülh mövqeyi tutaraq vəziyyəti sakitləşdirməyə çalışıb.
Xatırladaq ki, münaqişələrdə məcburi köçkün və itkin düşmüş insanlarla bağlı təşkil olunmuş dinləmələrdə azərbaycanlı məcburi köçkünlərdən danışılanda erməni deputat məlumatları saxtalaşdırmağa, diqqəti əsas məsələdən yayındırmağa çalışsa da, moderator Doris Fiala onu susdurub və çıxışının yersiz olduğunu bildirib. “Şərh verməyin, sualınız varsa verin. Əsəbi olmaq lazım deyil, sakitləşin”, - deyə o, erməni deputatı susmağa məcbur edib.
Fuad Hüseynzadə
Palitra.-2019.-26 iyun.-S.13.