Beynəlxalq birlik
tərəfindən Ermənistana ciddi təzyiqlər
göstərilməlidir
Ermənistan tərəfindən
substantiv danışıqların aparılması
üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistan
danışıqlar prosesini pozmağa çalışır
Miroslav Layçak:
“ATƏT Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üçün
bütün gücünü
səfərbər etməlidir”
“Avropa
Parlamentində çıxışı zamanı
Dağlıq Qarabağın gələcəyini orada yaşayan
insanların müəyyən etməli olduğunu
və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistanın baş
nazirinə belə bir sual
ünvanlamaq istərdim. Əgər belədirsə,
o zaman Ermənistan vətəndaşı
olan gənclərin digər ölkənin
torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
nə işi var? Nə
səbəbdən bu gənc insanlar öz həyatlarını
itirməli olurlar?”
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlət başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırıb, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını deyib. Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını bildirib.
Azərbaycan bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəfdir
Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlət başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir. İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlət başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirib. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlət başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirib. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib. Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparılıb.
“Gələn həftə Yerevana səfərim zamanı bu müzakirələri davam etdirəcəyik”
Qeyd edək ki, Slovakiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bakıda keçirilən mətbuat konfransında deyib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün gücünü səfərbər etməlidir: "Bizim fəaliyyətimizin əsas istiqaməti - insanlar, sabitlik, dialoqdur və biz bütün gücümüzü bu istiqamətdə səfərbər edəcəyik". ATƏT sədri qeyd edib ki, Bakıda keçirdiyi görüşlər zamanı müxtəlif məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub: “Gələn həftə Yerevana səfərim zamanı bu müzakirələri davam etdirəcəyik və münaqişənin nizamlanması yollarını axtarmağa davam edəcəyik”. Layçak vurğulayıb ki, Slovakiyanın Bakıda səfirliyinin açılması planlaşdırılır, bu da iki ölkə arasında münasibətlərin genişləndirilməsinə kömək edəcək.
XİN: “Ermənistanın baş nazirinin əsassız bəyanatları erməniləri aldatmaqdan başqa bir şey deyil”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə Ermənistan baş nazirinin Avropa Parlamentinin xarici əlaqələr komitəsində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edib. XİN rəsmisi bildirib: “Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistanın baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?”. Leyla Abdullayeva deyib: “Ermənistanın baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda, Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir. Bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəyəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim”.
A.Miriyev
Palitra.-2019.-6 mart.-S.10.