“Milli
geyimlərimiz Beynəlxalq Moda
Festivalında hər kəs tərəfindən çox bəyənildi”
Laləndar Novruzova: “Bizi digər qürurlandıran hadisə isə festivalın jurnalında “Me Marelli” haqqında olan bölməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın milli geyimdə şəklinin olması oldu”
Xəbər verildiyi kimi, bugünlərdə İranın cənub-şərqindəki
Sistan və Bəlucistan əyalətində-
Çabaharda təşkil edilən 8-ci Fajr Beynəlxalq Moda və
Geyim festivalı keçirilib.
Festivalda ölkəmizi yeganə olaraq “Me Marelli”
moda evinin həmsədri
(digər sədr Məryəm Əliyevadır), “Mədəniyyətlərin
təbliği və xalq
yaradıcılığına dəstək” İctimai
Birliyinin isə sədri Laləndar Novruzova təmsil edib. Laləndar
Novruzova festivalla ilə
bağlı öz təəssüratlarını
özəl olaraq “Palitra”ya bildirib. Qeyd
edək ki, Laləndar Novruzova
Mədəniyyət Nazirliyinin təşkil
etdiyi Respublika sərgilərində
"Milli Qadın Geyim
Dəsti" əsərləri ilə iştirak
edib və Fəxri Fərmanlarla təltif olunub. “Me Marelli” isə 10 dekabr 2018-ci ildə Pulman Oteldə keçirilmiş
“Wedding Fashion” yarışmasında ilin moda evi
seçilib. Laləndar Novruzova və
Məryəm Əliyeva
Türkiyə, Rusiya və ABŞ-da moda sərgilərinin aktiv iştirakçıları
olublar. Laləndar və Məryəm
xanımlar peşəkar
səviyyəni hər
zaman artırmaq üçün mütəmadi
olaraq beynəlxalq seminarlarda iştirak edirlər.
Hazırda Laləndar Novruzova Respublika İncəsənət
Gimnaziyasının Təsviri
sənət bölməsində
müəllimə olaraq
sənət və pedaqoji fəaliyyətini davam etdirir. Azərbaycan Rəssamlar
İttifaqının və
"Qadınlar Cəmiyyəti”nin
aktiv və daimi üzvü və "Mədəniyyətin
təbliği və xalq yaradıcılığına
dəstək" ictimai
birliyin sədridir.
Məryəm Əliyeva isə
Türkiyənin Beykent
Universitetinin Tekstil, moda və dizayn
fakültəsində təhsilini
davam etdirir.
-Öncə festivalla bağlı təəssüratlarınızı
bilmək istərdik.
- 13-17 fevralda İranın cənub-şərqindəki Sistan
və Bəlucistan Əyalətində-Çabaharda təşkil edilən 8-ci
Fajr Beynəlxalq Moda və Geyim
festivalına Azərbaycanı
təmsilən xüsusi
dəvət aldıq.
Fürsətdən istifadə edib
İranın Azərbaycandakı
səfirliyinə, o cümlədən
İran Mədəniyyət
Mərkəzinə bu
dəvətə görə
təşəkkür edirəm.
Festivaldan çox razı qaldıq. Bizi çox böyük
hörmətlə qarşıladılar.
Festivalın təşkilatçılığı
da çox gözəl idi. Bizə festivaldan əlavə gəzinti də təşkil edildi. Bölgənin gəzməli-görməli yerlərinə bizi apardılar. İranlıların
əl işləri ilə də tanış olduq. Onların özlərinəməxsus maraqlı əl iləri var idi.
-Festivalda hansı ölkələr
iştirak edirdi?
-8-ci Fajr Beynəlxalq
Moda və Geyim festivalına 20 ölkə qatılmışdı. Beynəlxalq
festivalda Azərbaycan,
Kanada, İtaliya, Fransa, İspaniya, Çin, Türkiyə, Qazaxıstan, Qırğızıstan,
Rusiya, Suriya, Oman,
Tunis, İraq, Pakistan, Hindistan
və digər ölkələrin təmsilçiləri
iştirak edirdilər.
-Siz festivalda hansı formalı geyimlərimizi nümayiş etdirdiz?
- Festivalda həm müasir, həm də milli geyimlərimiz
nümayiş olundu. Bu möhtəşəm festivalda “Me Marelli” komandası olaraq öz milli geyimlərimizlə
Azərbaycanı layiqincə
təmsil etdik. Azərbaycanımızı bu böyük
beynəlxalq festivalda təmsil etdiyimiz üçün qürur hissi keçiririk.
Bizi digər qürurlandıran hadisə isə festivalın jurnalında “Me Marelli” haqqında olan bölməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, hamımızın sevimlisi Leyla Əliyevanın milli geyimdə şəklinin olması oldu. Müasir və gənc Azərbaycan xanımları öz milli adət-ənənələrinə, dəyərlərinə, həmçinin milli geyim ənənəsinə hörmətlə yanaşır və bu ənənəni yaşadırlar. Bizi ilhamlandıran və ruhlandıran da məhz bu xüsusiyyətdir. Milli geyimlərimiz bizim sərvətimiz və tarixi yaddaşımızdır.
-Bizim geyimlərə orada maraq necə oldu?
- Milli geyimlərimizə maraq daha çox
idi. Milli geyimlərimiz festivalda
hər kəs tərəfindən çox
bəyənildi. Əl işlərimizi
çox sevdilər.
Xüsusən milli geyimlər
üzərində olan
folklor tipli toxumalara böyük maraq oldu.
Fuad Hüseynzadə
Palitra.-2019.-2 mart.-S.7.