ADPU-da Cəfər Cabbarlının 120 illik yubiley tədbiri

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Qeyd edək ki, tədbirin keçirilməsi üçün ADPU-nun və eləcə də ölkəmizin tanınmış, nüfuzlu alim-mütəxəssislərindən, ziyalılarından ibarət Təşkilat Komitəsi yaradılıb. Tədbirdə universitetin rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təmsilçiləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, bu gün ADPU-da bir mənəviyyat, ədəbiyyat bayramıdır: “Biz görkəmli dramaturq, şairnasir Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiririk. Prezident İlham Əliyev 2018-ci il dekabr ayının 17-də Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilikmüasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb. Bizim bugünkü tədbirimiz yuxarıda qeyd etdiyim sərəncama uyğun olaraq keçirilir. Eyni zamanda bu tədbir böyük ədibə olan sevgimizdən irəli gəlir”.

Rektor çıxışında qeyd edib ki, Azərbaycan ədəbiyyatı qədim və zəngin tarixə malikdir. Xalqımızın Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə və digər böyük şairləri, yazıçıları var. Əgər buraya Sovet dövründə yaşayıb-yaratmış şair və ədibləri də əlavə etsək, geniş bir mənzərə alınar. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Cəmi 35 il yaşamış Cəfər Cabbarlı zəngin və məhsuldar yaradıcılıq yolu keçib. O, həm lirik, həm də satirik şeirlərin müəllifidir. Dramaturgiya onun yaradıcılığında xüsusi yer tutur. Xalqımızın teatr zövqünün formalaşmasında Cəfər Cabbarlının dramaturgiyasının böyük rolu olub. Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai-siyasi fəaliyyət göstərib, müstəqil dövlətin güclənməsinə dəstək verib. Buna görə təqiblərə məruz qalıb, iki dəfə həbs edilib. Böyük yazıçının zəngin bədii irsi həmişə müasirliyini, aktuallığını saxlayır. Rektor çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edibonlara uğurlar arzulayıb.

Tədbirdə Cəfər Cabbarlı haqqında videoçarx nümayiş etdirilib.

Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlu “Cəfər Cabbarlının dramaturgiyası: sənətkar dünyagörüşünün ziqzaqları” mövzusunda, həmin kafedranın dosenti Təranə Turan Rəhimli isə “Cəfər Cabbarlının poeziyası və nəsri sənət həqiqətləri konteksində” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Cəfər Cabbarlının bədii yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri geniş təhlil edilib, onun milli və bəşəri yazıçı olduğu xüsusi vurğulanıb. Dolğun və məzmunlu məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamran Əliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və başqaları çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Yazıçının nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Nigar

Palitra  2019.- 15 mart.- S.12.