“Diplomatik
həmlələr nəticə verirr”
Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşə dair bəyanat yayıblar. Bu bəyanatı şərh edən Azərbaycan Respublikası Xarici İşlər Naziriyinin Mətbuat Katibi Leyla Abdullayeva deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüşünə dair təklifləri olmuşdur: “Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutmuşdur”.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə AZƏRTAC-a açıqlamasında deyib ki, Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq. Çünki Azərbaycan buna əsaslı imkan verməyəcək və ən son həyata keçirilən diplomatik həmlələr qısa müddətdə öz nəticələrini verməkdədir: “ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını da elə bu kontekstdə qiymətləndirmək lazımdır. Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illüziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipulyasiya edə biləcək”.
“Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək”
Deputat qeyd edib ki, Paşinyan baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri-ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç işğalçı ölkənin özündə inanmırlar. Bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgəri Ermənistan vətəndaşıdır.
Paşinyanın diplomatiyada autizm-simuliyasiya deyilən xəstəliyə düçar olduğunu deyən H.Babaoğlu bildirib ki, onun iddialarına özündən başqa heç kəs reaksiya vermir. Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatında da onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəçilikdən irəli gəlir.
“BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək. Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və münaqişənin həlli uzanır”,- deyə Milli Məclisin deputatı əlavə edib. O bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqı rəsmiləri ilə son görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı ciddi narahatlığını bildirdi və dərhal sonra biz həmsədrlərin bəyanatının şahidi olduq. Bəyanatda bir daha bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz. Bu bəyanat və onun məzmununda ifadə olunan fikirlər Paşinyanın populist siyasətinin iflasıdır və bundan sonra substantiv danışıqlar baş tutmazsa Azərbaycan tərəfi daha radikal addımlar ata bilər. Belə addımlara isə işğalçı ölkə yaxşı bələddir, çünki 2016–cı və 2018–ci il hadisələrini unutmaq mümkün deyil.
“ATƏT-in Minsk qrupu da Azərbaycanın mövqeyini müdafiə edir”
Politoloq Qabil Hüseynli isə SİA-ya açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərin son bəyanatının müsbət tərəfi münaqişə tərəflərinin danışıqlara dəvət edilməsi və danışıqlar formatının müəyyənləşdirilməsidir: “Paşinyan tez-tez qondarma separatçı rejimin danışıqlara dəvət edilməsi və danışıqlar formatının dəyişdirilməsini ilə bağlı fikirlər irəli sürürdü. Hətta təkidlə bildirirdi ki, bu format olmasa, danışıqlara getməyəcək. Amma həmsədrlərin son bəyanatı bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır”. Bəyanatda bir sıra məsələlərin sadalandığını deyən politoloq söyləyib ki, həmsədrlər sənəddə Dağıq Qarabağ hüdudlarından kənarda yerləşən 7 rayonun işğaldan azad edilməsi, bunun müqabilində Dağlıq Qarabağa keçici statusun verilməsi, həmçinin bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi ilə bağlı fikirlər sadalanır”.
Q.Hüseynlinin sözlərinə görə, əsas məsələ danışıqların formatının dəyişdirilməsi ilə bağlı məsələ idi ki, bəyanat göstərdi ki, ATƏT-in Minsk qrupu da Azərbaycanın mövqeyini müdafiə edir: “Amma bütövlükdə proseslərin sonrakı inkişafı, xüsusilə ərazi bütövlüyü məsələsi ilə millətlərin öz müqəddəratının təyin etməsi prinsipi çox ciddi sürətdə vurğulanır. Bəyanatda ərazi bütövlüyü məsələsi ön plana çəkilir”.
Politoloq qeyd edib ki, Avropa İttifaqı, ATƏT-in Minsk qrupu qabaqcadan irəli sürülən şərt olmadan tərəflərin əvvəlki formatda danışıqlara getməsini tövsiyə və hətta tələb edir: “ Bu isə Paşinyanın səfeh fikirlərini alt-üst edilməsi deməkdir. Bütün bunlar bir daha göstərir ki, şərt qoyulmadan danışıqlara başlanılmalıdır. İndi hər şey Ermənistanın Minsk qrupunun tələbinə necə cavab verməsindən asılı olacaq”.
Ermənistanın bundan sonra da qeyri adekvat addımlar atmasının istisna edilmədiyini dilə gətirən Q. Hüseynli vurğulayıb ki, çünki Paşinyan dəfələrlə bildirib ki, o, Qarabağ ermənilərinin adından danışa bilməz: “Bu, əlbəttə ki boşboğazlıqdır. Əgər Ermənistan ordusu işğal prosesində iştirak edibsə və Azərbaycanın 20 faiz torpaqları onların nəzarəti altındadırsa o zaman Paşinyanın fikirləri onun nə qədər prinsipsiz olduğunu aydın şəkildə ortaya qoyur”.
Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünə gəlincə, politoloq bildirib ki, Azərbaycan tərəfi həmsədrlərin bəyanatını müsbət qarşıladığını bildirsə də, Ermənistan tərəfi hələ də buna reaksiya verməyib: “ Əgər qısa zamanda Ermənistan tərəfindən cavab verilməsə, bu o deməkdir ki, onlar tamamilə başqa taktika seçiblər və danışıqlar prosesinə etiraz edirlər. Azərbaycan bu gündən başlayaraq çox geniş miqyaslı təlimlərə başlayıb. Bu o deməkdir ki, ölkəmiz Paşinyana zaman vermək fikrində deyil, artıq əsəblər tarıma çəkilib və bölgədə müharibə riski artır”.
Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş
və nəzarət olunan Azərbaycan ərazisində
monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika aparacaqlar.
Fuad Hüseynzadə
Palitra.-2019.-12 mart.-S.11.