Daşa dönməsin insanlar

Yağış yağır

nur kimi,

bir payız gecəsində...

Yadıma

mavi göylərin

qərib ulduzları düşür,

bir ucqar dağ kəndində.

İnsanları görürəm,

hərəsi bir biçimdə -

hərəsi bir rəngdə.

Onsuz da insanların

Taleyi də özləritək

müxtəlifdi əzəldən,

biri bahar rəngində -

biri payız rəngində.

Kaş bircə

istəyim odur,

soyuqqanlı

daşa dönməsin insanlar

Xatirəsi yaşasın

hər insanın

bu dünyada,

başdaşı üstündə deyil,

xoş bir söhbət şəklində.

Ürəklərin dili

Bir dənizdi ürəyin,

dalğaları

duyğuların – hisslərin.

Sərhədində durmusan,

bir sevgi dənizinin.

Danışırsan

dalğalarla səhər-axşam,

Məhəbbət dilində -

Sevgi dilində.

Ancaq bircə bilmədiyin,

quşların dilidi sənin.

O dili təkcə dünyada,

Körpələr bilir sanki

böyüyüncə unudurlar,

Mələklərin dilini.

Kaş öyrənə biləydik,

O dili öyrənə-öyrənə

həm məhəbbət dilini

həm sevgi dilini.

Onda bəlkə biryolluq,

tapa bilərdik dünyada

Könüllərin dilini

ürəklərin dilini.

Həqiqətin dilini.

 

Dünyam

 

Səhər-axşam yol gedirəm,

Yol üstəyəm anam dünyam.

Ot üstündə, kol üstəyəm,

Leyləyimsən sonam dünyam.

 

Solan deyil yaraşığın,

Məskənisən hər aşığın.

Tükənməyəcək işığın,

Sərvətindi inam dünyam.

 

Şairlərin söz dastanı,

Aşıqların yüz dastanı,

Ürəklərin göz dastanı,

Məhvərindi iman dünyam.

 

Söz yazanın çox olubdu,

Hər sözü bir ox olubdu.

Dərdin mənə yoluxubdu,

Dərdlərimə həyat dünyam.

 

Bağçaların gül bitirir,

Uşaqların dil öyrənir.

Birin gedir, yüzün gəlir

Ha çalxalan-dolan dünyam.

 

Göyə uçan dünya

 

Yuxudayam elə bil,

yuxu kimi görürəm

qoca dünyanı.

Dağları özündən

uca dünyanı.

Qorxuram bir quş kimi,

alıb qanadlarına

uça birdən-birə

bu dəniz,

uça dünyanı.

Sirrini

bir sehir kimi

sirdaşına verməyib,

istəyir qanad açıb

uça gözlərimdən

uça inanın...

Ona görə

çox sevirəm,

sehir dolu-sirr dolu

qoca dünyanı

dərdləri dərdimə

həyatım kimi,

hər gecə yuxularımda

quş olub

göyə uçan dünyanı.

Yox olaydı kədərim

 

Min il ömür istəsəm ,

bircə gündü qədərim.

Bir kəpənək ömrü qədər,

uzanacaq səfərim.

Olmayacaq bir gündə

səhərimdən xəbərim.

Çalınacaq geci-tezi

ulduzlarda zəfərim.

Hərəmizin bir yolu var,

bu da mənim qədərim.

Çəməndə bir gül kolu var,

O da mənim gözəlim.

Kaş nəfsimin qədərini,

işlərimin dəyərini,

Nəfsimin əməllərini,

özüm bir gün biləydim.

Texnik olub

bir stəkanı

kipləşdirməyə var!?

Çətin olan nəfsinin

qədərini bilməkdi,

O da mənim ilan kimi

dilimdəki

zəhərimdi-zəhərim.

Dərdi dərdimdən ağır,

hər insan övladı mənim

həm dostumdu əzəldən,

həm dərdi betərim.

Dərdi dərdimdən

betərim.

Allah ona da yar olsun,

Mənə bir günlərim

yox olardı ah,

kədərim...

 

Ålsevər Məsim

Palitra  2019.- 12 mart.- S.15.