“Malayziya
Dağlıq Qarabağ məsələsində
Azərbaycanın mövqeyini dəstəkləyir”
Malayziyanın Bernama Dövlət İnformasiya
Agentliyi: “BMT Təhlükəsizlik
Şurasının ərazi bütövlüyünü
təsdiq edən dörd qətnaməsinin
qəbulu zamanı da Malayziya
Azərbaycanı dəstəkləyib”
Malayziyanın Bernama Dövlət İnformasiya Agentliyi Azərbaycanın Malayziyadakı səfəri Qaley Allahverdiyevin müsahibəsini üç dildə yayıb. “Azərbaycan Dağlıq Qarabağ məsələsində Malayziyanın dəstəyini yüksək qiymətləndirir” adlı ingilis, malay və ərəb dillərində yayımlanan müsahibədə ölkəmizin ərazisinin 20 fazinin hələ də Ermənistanın işğalı altında olduğu xatırladılır. Bildirilir ki, Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Malayziya tərəfinin tutduğu ədalətli mövqeyi yüksək qiymətləndirir. Kuala Lumpur ilə Bakı arasında diplomatik münasibətlərin 1993-cü ildə qurulduğunu bildirən səfir ötən dövrdə Malayziyanın həmişə Azərbaycanın yanında olduğunu, BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazi bütövlüyünü təsdiq edən dörd məlum qətnaməsinin qəbulu zamanı da Malayziyanın Azərbaycanı dəstəklədiyini qeyd edir. Eyni zamanda, bildirir ki, Malayziya Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini Qoşulmama Hərəkatı və İslam Əməkdalıq Təşkilatı (İƏT) çərçivəsində də həmişə müdafiə edib. Cari il fevralın 14-də Malayziya parlamentinin spikeri Dato Mohamad Ariff bin Md Yusofla görüşünü xatırladan səfir bu görüşdə də iki ölkə arasında əməkdaşlığın indiki səviyyəsindən razılığın ifadə olunduğunu bildirib. Qeyd edib ki, görüş zamanı yeni formalaşan Malayziya parlamentində parlamentlərarası dostluq qrupunun tezliklə yaradılması barədə razılıq da əldə edilib. Sonra erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında Xocalı şəhərində törədilən soyqırımı xatırladan diplomat bildirir ki, bu faciə nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla 613 dinc sakin qətlə yetirilib. Həmin gecə girov götürülən 1275 sakindən 150-si hələ də itkin sayılır. Dünyanın bir çox dövlətləri tərəfindən Xocalı soyqırımının tanındığını qeyd edən səfir Almaniya, Türkiyə, Niderland, Meksika, Bosniya və Hersoqavina kimi ölkələrdə faciə qurbanlarının xatirəsinə abidə ucaldıldığını da bildirir. Ermənistanın Azərbaycan ərazilərini işğlı nəticəsində bir milyondan çox insanın öz ata-baba yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyi xüsusi vurğulanır. İƏT-in 2013-cü ildə Qahirədə keçirilən 12-ci sammitini xatırladan Q.Allahverdiyev onun yekun bəyanatında iştirakçı ölkələr tərəfindən Xocalı faciəsinin tanınması üçün müvafiq səylərin göstərilməsinin əksini tapdığını da bildirib. Qeyd edib ki, bu, ədalətin bərpa olunmasına və belə halların dünyanın istənilən yerində bir daha təkrarlanmamasına şərait yaradar. Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri barədə də geniş məlumat verilir. Qeyd edilir ki, Ermənistanın əsassız torpaq iddiaları nəticəsində başlanan münaqişə nəticəsində Dağlıq Qarabağ ilə yanaşı, daha yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bütün bu ərazilər beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınır. Məhz həmin işğala görə bu gün Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil. Əlavə olaraq ermənilərin Azərbaycan ərazilərinə 1828-ci ildən sonra kütləvi şəkildə köçürüldüyü faktı da müsahibədə öz əksini tapıb. Məhz bundan sonra burada ermənilərin əsassız torpaq iddiaları fonunda azərbaycanlılara qarşı zaman-zaman soyqırımı halları törədilib. Qeyd edilir ki, 1998-ci ildə Azərbaycan xalqının ümimmilli lideri Heydər Əliyevin Sərəncamı ilə 31 mart “Dünya Azərbaycanlılarının Soyqırımı Günü” elan edilib. Müsahibədə vurğulanır ki, sürətli iqtisadi inkişafa və güclü orduya malik olan Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç vaxt razılşamayacaq.
Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyada Vaşinqtonda və onun ətrafında yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı barədə faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb. ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, ABŞ Helsinki Komissiyasının sədri konqresmen Elsi Heystinqzin cari il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı ilə əlaqədar yaydığı bəyanatı oxuyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 mülki şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyi qeyd olunub. Sonra bu soyqırımı törədilən zaman 11 yaşında olan Xocalı sakini Anar Usubov həmin hərbi cinayət nəticəsində 27 yaxın qohumunun öldürüldüyünü bildirib. O, bu hərbi cinayətin təqsirkarlarının hüquqi məsuliyyətə cəlb olunmasını tələb edib. Bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Aksiya zamanı "Ermənistan qeyri-müstəqil nökər dövlət", "Erməni terrorunu pisləyin!", "Xocalı qırğını bir daha təkrarlanmamalıdır!", "Ermənistan etnik təmizləmədə təqsirkardır!", "Ermənistana ar olsun!", "Ermənistan, Qarabağdan rədd ol!", "Uşaq qatilləri!", "Ermənistan vassal dövlətdir!", "Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!", "Biz Xocalını unutmayacağıq!", "Azərbaycan torpaqlarından əl çəkin!", "Ermənistan, beynəlxalq hüquqa riayət et!", ”Paşinyana ar olsun!”, "Köçaryan, Sarkisyan, Ohanyan cinayətkardırlar!" və sair şüarlar səsləndirilib. Etirazçılar Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər. Etiraz aksiyasının sonunda Azərbaycan əsgərinə həmrəylik və dəstək əlaməti olaraq azərbaycanlı fəallar “Əsgər marşı”nı və Azərbaycanın dövlət himnini oxuyublar. Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanıdılması üçün hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 12 ildir ki, Amerika ictimaiyyətini Xocalı soyqırımı və erməni silahlı birləşmələrinin digər hərbi cinayətləri barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirir.
A.
Miriyev
Palitra 2019.- 1 mart.- S.11.