Nəsiminin 650 illiyi ölkəmizdə və xaricdə rəngarəng
tədbirlərlə qeyd olunacaq
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi (1369-1417) klassik Azərbaycan poeziyasında öz dəstxəti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.
Dövlət başçısının
İmadəddin Nəsiminin yubileyinin
keçirilməsi haqqında Sərəncamının
icrasını təmin etmək məqsədilə Mədəniyyət
Nazirliyinin əmri ilə tədbirlər
planı hazırlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər
planında şəhər (rayon) mədəniyyət
müəssisələrində Nəsiminin 650 illik
yubileyinə həsr olunmuş ədəbi-bədii
gecə, konfrans, dəyirmi masa,
seminar, kitab sərgisi,
bədii qiraət və rəsm müsabiqələrinin
keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilmişdi. Bu il təşkil ediləcək “Nəsimi - şeir, incəsənət və mənəviyyat” II Beynəlxalq festivalı yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq.
Heydər Əliyev Sarayında şairin
yubileyinə həsr olunan tədbirlər
çərçivəsində musiqi
kollektivləri və solistlərin iştirakı ilə bədii-musiqili
gecə keçiriləcək.
Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması əsasında konsert-tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və UNESCO-nun baş qərargahında nümayiş olunacaq. Həmçinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi məqsədilə qeyd olunan tamaşanın rəqəmsallaşdırılması da həyata keçiriləcək. Bundan əlavə, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi” xoreoqrafik tamaşasının Azərbaycan, Rusiya, Almaniya və Türkiyədə və TÜRKSOY təşkilatında nümayişi təşkil ediləcək. Bu tamaşanın da rəqəmsallaşdırılması nəzərdə tutulur. TÜRKSOY təşkilatında da yubiley tədbirləri keçiriləcək.
Almaniyanın Frankfurt və
Türkiyənin İstanbul şəhərlərində
ənənəvi beynəlxalq kitab sərgilərində
Nəsiminin yubileyinə həsr olunmuş
tanıtım tədbirlərinin keçirilməsi
planlaşdırılır.
Beynəlxalq Muğam Mərkəzində qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil ediləcək. Azərbaycan Dövlət “Yuğ” Teatrında isə Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya nümayiş olunacaq.
Şairin əsərlərinin
Azərbaycan və xarici dillərdə çap olunması, eləcə də “Nəsimi
irsi UNESCO-da” adlı nəşrin
hazırlanması da tədbirlər
planında yer alıb. Sənəddə,
həmçinin söz ustadının
yubileyinə həsr olunmuş respublika rəsm müsabiqəsinin keçirilməsi
də qeyd olunub.
Palitra 2019.- 28 mart.- S.15.