“Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”

Rac Qasımov: “Əsas fəaliyyətimiz Jitomirdə soydaşlarımızın sosial, milli, mədəni hüquqlarını qorumaqdır”

Ukraynanın mərkəzində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının regional nümayəndəlikləri də fəallığı ilə seçilir. Bu baxımdan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin də fəaliyyəti təqdirəlayiqdir. UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımov Azərbaycanla yanaşı, Ukraynaya münasibətdə də öz vətəndaş borcunu tam şəkildə yerinə yetirir. Rac Qasımovın fəaliyyəti yalnız Azərbaycan diasporu üçün deyil, eyni zamanda hər bir Ukrayna vətəndaşı üçün nümunədir. Qeyd edək ki, Rac Müzəffər oğlu Qasımov 18 oktyabr 1978-ci ildə indiki Ermənistanda doğulub. 1988-ci ildə Ermənistandan məcburi köçürülən Rac Qasımovun ailəsi Bakının Qaradağ rayonunda məskunlaşıb. O, 1995-ci ildə Qaradağ rayonundakı 139 nömrəli orta məktəbi bitirib. 1995-ci ildən 1997-ci ilə qədər isə Jitomir şəhərində 17 nömrəli orta məktəbdə təhsil alıb. 1997-ci ildə Ukraynanın Xarici Ticarət Akademiyasının Beynəlxalq İqtisadiyyat və İdarəetmə fakültəsinin qiyabi şöbəsinə daxil olub və 2003-cü ildə oradan məzun olub. 2017-ci ildə Jitomir Milli Aqroekoloji Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub. Hazırda burada təhsil alır. 2014-cü ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədridir. Ailəlidir, üç övladı (Ayşə, Ruslan və İmran) var.

- Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

- UABD-nın Jitomir regional nümayəndəliyi 2014-cü ilin iyun ayında təsis edilib. Regional ofisin açılış mərasimində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin rəhbərliyi, Jitomir vilayətinin qubernatoru Sidor Kizin, Ukrayna azərbaycanlıları Birləşmiş diasporunun sədri Hikmət Cavadov iştirak ediblər. Regional nümayəndəliyin açılışı şərəfinə böyük bir konsert təşkil edilib. Bu əhəmiyyətli tədbirin aparıcısı Ukraynanın Xalq artisti Qurban Abbasov olub.

- Ukraynada Azərbaycanın təbliğ olunması istiqamətində hansı layihələr həyata keçirisiniz?

- Regional nümayəndəlik təxminən beş ildir fəaliyyət göstərir. Əsas fəaliyyətimiz soydaşlarımızın sosial, milli, mədəni hüquqlarını qorumaqdır. Diaspor olaraq ilk növbədə öz soydaşlarımızın maraqlarını dəstəkləmək və müdafiə etmək, Ukraynada Azərbaycan mədəniyyətini inkişaf etdirmək və təbliğ etmək məqsədilə fəal şəkildə məşğuluq. Bu dövrdə bir çox mədəni, təhsil, yaradıcılıq, idman və xeyriyyə tədbirləri keçirilib, əhalinin müxtəlif qruplarına dəstək və yardımlar edilib. Nümayəndəlik azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası üçün də böyük işlər görür.

- Azərbaycan mədəniyyətinin təbliğinə nə kimi töhfə verirsiz?

-12 sentyabr 2014-cü il tarixində Jitomir şəhərində 17 saylı orta məktəbin bazasında Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə Təhsil-Mədəniyyət Mərkəzi açılmışdır. Bu, artıq Ukraynada səkkizinci məktəbdir, burada uşaqlar - azərbaycanlılar öz ana dili ilə yanaşı, ədəbiyyatımızı, adət-ənənələrimizi də öyrənə bilirlər. Həmçinin, millət və ya din baxımından asılı olmayaraq, hər kəs mərkəzdə təlim keçə bilər.

Məktəbdə, həmçinin ayrıca ayrılmış otaqda azərbaycanlı uşaqlara “Bazar günü” dərsləri keçirilir. Otaq mebel, məktəb lövhəsi və digər daxili əşyalarla təchiz edilib. Burada divarlarda Azərbaycanın atributlarının, eləcə də milli mətbəxin, rəqslərin təsvirləri olan rəsmlər var.

Onu da deyim ki, Jitomir Dövlət Texnologiya Universitetində (JDTU) Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi açılıb. Azərbaycanın Respublika Günü ərəfəsində, Jitomir Milli Aqroekoloji Universitetində Azərbaycan-Ukrayna Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub.

Biz hər il milli bayramlarımızı da qeyd edir, konsertlər təşkil edirik. Belə ki, 2015-ci ildə UABD-nın Jitomir regional nümayəndəliyi olaraq Novruz bayramı şərəfinə böyük bir qala konsert təşkil etdik. Azərbaycanın estrada ulduzları, Azərbaycan televiziyası, yerli rəqs ansamblları və yerli televiziya proqramları dəvət olunmuşdu. Bayram, həqiqətən möhtəşəm idi və qonaqlarda xoş təəssüratlar yaratdı.

2018-ci ildə UABD-nın dəstəyi ilə Jitomir şəhərində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirildi. Maestronun məşhur kompozisiyalarının nümayişi Ukraynanın Xalq artisti Vladimir Qrişko tərəfindən Jitomir sakinlərinə təqdim edildi.

Qeyd edim ki, 2015-ci ildə qanlı Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar görüş-rekviyem keçirmişik. Tədbirdə UABD gənclər təşkilatının üzvləri fəal iştirak ediblər. Onlar min bir əzabla qətlə yetirilən xocalılılardan, erməni vəhşiliyindən söz açıblar. Tədbirdə Ukrayna tərəfi, o cümlədən Donbasdan olan köçkün uşaqlar bu dəhşətli faciə ilə əlaqədar Azərbaycan xalqına dəstək göstərib, onunla həmrəylik nümayiş etdiriblər. Onlar Xocalı soyqırımına həsr olunmuş plakat çəkiblər.

- Jitomirin ictimai-siyasi həyatında hər hansı fəallıq göstərirsizmi?

- UABD-nın Jitomir regional nümayəndəliyi Ukrayna üçün çətin bir dövrdə Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. Biz diaspor nümayəndələri olaraq Ukraynanın ictimai-siyasi həyatında iştirak etməkdən böyük məmnunluq duyuruq. Belə ki, UABD-nın Jitomir regional nümayəndəliyi Gənclər Günü bayramının sponsorlarından biridir. Bu tədbirdə diaspor gənclərimiz də kütləvi olaraq iştirak ediblər.

Jitomirdə Avropanın Günləri də qeyd olunur. Bu tədbirlərdə biz də fəal iştirak edirik. Diaspor üzvləri tərəfindən Azərbaycan ədəbiyyatına aid kitablar sərgilənir, milli geyim və atributlar nümayiş olunur.

Azərbaycan diasporunun nümayəndələri olaraq uşaqları idmana cəlb edir, müxtəlif idman turnirlərini də keçirməkdə kömək edirik.

- Jitomirdə keçirilən xeyriyyə aksiyalarında Azərbaycan diasporu olaraq aktiv iştirak edirsizmi?

-Bir neçə istiqamətdə xeyriyyə yardımları edirik. Belə ki, Ukraynanın şərqindəki immiqrantlara, uşaq evlərinə, internat məktəblərinə köməklik göstəririk. Korostışevdə "Teterev" sanatoriyasında yaşayan Ukraynanın şərqindəki qaçqınlara xeyriyyəçilik yardımı, demək olar ki, beş ildir davam edir. Yardım zamanı qaçqınlar bütün yeməklər və geyimlər, bütün milli bayramlar üçün şirniyyat, məktəb ləvazimatları ilə təmin edilir.

Jitomir vilayətinin Rujinskiy rayonunun ərazisindəki qaçqınların çətin vəziyyəti də bizim diqqətimizi çəkmişdi. Azərbaycan diasporunun nümayəndələri olaraq ilk yardımı onlara biz göstərdik və onlara soyuducular, televizorlar, qaz sobası, qidalar və s. təqdim etdik.

UABD-nın Jitomir regional nümayəndəliyi daima əsasən, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün köməklik edir. Yardım zamanı dərman, qida, oyuncaq, şirniyyat və meyvələr verilir.

Uşaqlara xeyriyyə yardımı ilə yanaşı, UABD-nın Jitomir regional nümayəndəliyi olaraq hərbi qulluqçulara da dəfələrlə kömək etmişik. Bununla da Ukraynanın bütövlüyü və müstəqilliyini qorumaq, həyatlarını təhlükə altına alan hər kəsə dəstək və hörmət nümayiş etdiririk.

Fuad Hüseynzadə

Palitra 2019.- 15 may.- S.7.