"Pekin Ekspo 2019" Botanika
Sərgisində Azərbaycan pavilyonunun rəsmi
açılışı olub
Çin Xalq Respublikasının paytaxtında
"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində
Azərbaycan pavilyonunun rəsmi açılışı
olub.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
"Təbiəti qoruyaq, daha yaxşı
yaşayaq" mövzusunda keçirilən botanika sərgisində
Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi
ilə hazırlanıb. "Azərbaycan: təbiət və
incəsənətin harmoniyası" adlanan milli pavilyonun
ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə
sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir.
Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı,
sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan
nar ağacı isə ölkənin məhsuldar gələcəyini
xarakterizə edir.
Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini
nümayiş etdirir. Azərbaycan xalçalarının
timsalında incəsənət və təbiətin yaxın əlaqəsi
diqqətə çatdırılır, ətraf mühitin
qorunmasının vacibliyi vurğulanır. Nümayiş olunan
xalçalar Azərbaycanın xalçaçılıq məktəbləri
üzrə dörd hissəyə bölünüb:
Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər
bir bölgəyə xas xalça motivləri xüsusi
proyeksiya vasitəsilə döşəmə üzərində
əks olunur.
Bundan başqa, Xarıbülbül
gülünü rəqəmsal formatda əks etdirən
eksponat da nümayiş etdirilir.
Sərgi ziyarətçiləri Azərbaycan
pavilyonunda milli musiqi alətlərimizlə tanış ola,
videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək
və milli rəqslərimizə baxmaq imkanı əldə edə
bilərlər. Burada, həmçinin Azərbaycan milli geyimləri
də təqdim olunur.
Qeyd edək ki, pavilyonda xalçalarda istifadə
olunan rənglər əsasında landşaft dizaynı
hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib.
Burada, həmçinin Azərbaycan təbiətinə xas olan
ağac və çiçəklər təqdim olunur.
Açılış mərasimində Azərbaycan
incəsənət ustalarının ifasında konsert
proqramı təqdim olunub. Sərgi ziyarətçiləri Azərbaycan
musiqisini dinləyib, rəqslərinə tamaşa ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva "Asiya sivilizasiyalar dialoqu" konfransı çərçivəsində
iştirakçı ölkələrin mədəni irsinin
nümayiş olunduğu sərgidəki Azərbaycan stendi ilə
də tanış olub.
Palitra 2019.- 15 may.- S.2.