…Hər sözdə vətən
axtaran soydaşımız
Onun yaradıcılıq nümunələri
xalqımız, dövlətimiz, eləcə də
Belarusdakı diasporumuz üçün
mənəvi sərvətlərdir
Öz səmimiliyi, dürüstlüyü, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanmaq hər insana nəsib olmur. Bu dəyərləri özündə yaşadanlar, sanki ətrafa pozitiv enerji yayırlar. Belə nümunəvi keyfiyyətlərə sahib olan insan hansı ölkədə yaşamağından asılı olmayaraq insanların qəlbinə yol tapır. Çünki səmimiyyətin, düzlüyün və əməksevərliyin hansısa xalqa, mentalitetə məxsusluğu olmur. Bu insani dəyərlər heç bir dövlətin qanunvericiliyilə belə, tənzimlənmir. Bir çox şəxsi keyfiyyətləri ilə mənəvi olaraq bütün sərhədləri aşan Belarusdakı ağsaqqal diaspor üzvü Məzahir Yusifov da bu baxımdan nümunə göstərilə bilər.
Xatırladaq ki, Məzahir Səməd oğlu Yusifov 20 may 1953-cü ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi qızıl medalla Şəmkir rayonunda bitirib. Sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Daha sonra Moskva Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb. İxtisasca iqtisadçı olan Məzahir Yusifov 1994-cü ildən Belarus Respublikasında yaşayır. Belarusda milli diasporun formalaşmasında onun da xidmətləri var. O hazırda Belarus-Azərbaycan İcmaları Konqresinin təftiş komissiyasının sədridir. Ümumiyyətlə, Yusifovlar ailəsi diaspor sahəsində aktiv çalışırlar. Belə ki, Məzahir müəllimin oğlu Vüqar Yusifov Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavinidir.
Məzahir Yusifovun diaspor sahəsində gördüyü işlər konqres rəhbərliyi və kollektivi tərəfindən də yüksək qiymətləndirilir. Belarusda ağsaqqal diaspor üzvü olaraq hər zaman ona sayğı və ehtiram göstərilir.
Onu da əlavə edək ki, Məzahir Yusifov həm də söz, şeiriyyat adamıdır. Onun sözlərinə bir çox musiqi bəstələnib. Məzahir müəllim, əsasən mahnı yaradıcılığı ilə məşğuldur. Şairlərin sözlərinə bəstələdiyi onlarla mahnıları var. Həmin mahnıları tanınmış müğənnilərimiz; Gülyaz və Gülyanaq Məmmədova bacıları, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Mətanət İskəndərli, Eldəniz Məmmədov, Aşıq Zülfiyyə, Kamilə Nəbiyeva və başqaları ifa edirlər.
“Onunla yaxından
tanış olanda daxilində necə böyük vulkanın olduğunu
hiss edirsən”
Məzahir müəllim yaradıcılıq işləri ilə bağlı Azərbaycanda bir çox söz adamları ilə əməkdaşlıq və dostluq edir. Məzahir müəllimin ad günündə bu dostlardan bir neçəsi onunla bağlı arzu və istəklərini bizimlə bölüşdülər. Filologiya üzrə fəlsəfə doktoru, şair Tofiq Xəlil dedi ki, Məzahir Yusifov çox səmimi dostlarından biridir: “Dost kimi çox diqqətli, qayğıkeşdir. Bizi təkcə dostluq telləri deyil, eyni zamanda yaradıcılıq sahəsində əməkdaşlıq telləri bağlayır. Məzahir müəllim ildə bir neçə dəfə Azərbaycanda olur. Lakın biz, demək olar ki, hər gün bir-birimizlə əlaqə saxlayırıq. Açığı deyim, onun qürbətdə olduğunu hiss etmirəm. Çünki özü də qaynayıb-qarışan, dost axtaran insandır.
Məzahir müəllim həm lirik, şən, həm də hərbi vətənpərvərlik mövzusunda olan mahnıların müəllifidir. Onu da deyim ki, Məzahir müəllim hərbi vətənpərvərlik mövzusuna yaradıcılığında daha çox yer ayıran ziyalılarımızdandır. Təxminən hərbi vətənpərvərlik mövzusunda 10-dan çox mənim şeirlərimə mahnı bəstələyib. Hətta bir neçə mahnı müsabiqəsində bizim mahnımız birinci yer tutmuşdu.
Onun çox qəribə, özünəməxsus xüsusiyyətləri, yaradıcılıq cəhətləri var. Çox sakit təbiətli adamdır. Amma onunla yaxından tanış olanda daxilində necə boyük vulkanın olduğunu hiss edirsən. Çünki o daim düşünür, daimi yaradıcılıq axtarışlarındadır. Onu bəlkə də cavan saxlayan məhz bu keyfiyyətləridir. Məzahir müəllim həm də prinsipialdır. Yəni həqiqi sözü deyən adamdır. Özü necədirsə, dediyi kəlmələr də xarakterini ifadə edir.
Məzahir müəllim kövrək, həssas yaradıcı adamdır. O, həm həyatda, həm də yaradıcılıqda çox tələbkar insandır. Məsələn, mahnıda adi bir söz yerinə düşməyəndə dəfələrlə müzakirə edir. Yəni sözün mahnıda çəkisini, yerini bilir.
O, böyük humanist keyfiyyətlərə malik insandır. Bəlkə də onu söz sənətinə meyil etdirən məhz onun bu keyfiyyətləridir.
Məzahir müəllim Azərbaycanı Belarusda vicdanla, məhsuldar təmsil edən diaspor üzvlərindəndir. Qürbətdə yaşadığına görə hər sözdə, kəlmədə vətən axtarır. Mənim "Qəribəm" adlı şerim var. Elə, əslində, qürbətdə yaşayan belə insanlara bu şeiri həsr etmişəm. Bir gün zəng vurdu ki, bu şeirin sözlərinə mahnı yazmışam. Bu mahnını Kamilə Nəbiyeva ifa edib.
Məzahir müəllim mənim xeyli sayda şeirlərimə mahnı bəstələyib. Onlardan "Əsgər oğluyam", "Şuşam mənim", "Gələrəm görüşə", "Belə dayanıb baxma" kimi şeirlərimin adını çəkə bilərəm. Bu mahnılar hazırda tanınmış müğənnilərin ifasında səslənir.
Məzahir Yusifov gözəl
saz ifa edir,
amma aşıq deyil.
O çox mənalı sözlər deyə
bilir, amma şair deyil. Amma sazdakı pərdələrdən,
sözdəki kəlmələrdə o ən
incə mətləbləri duya bilən həm
aşıqdır, həm də şairdir.
O, gözəl ailə başçısıdır. Bu gün nəvələri
ilə nəfəs alır. Mən Məzahir müəllimə
uğurlar arzu edirəm”.
Bir melodiya
kimi...
Yazıçı Firuz Mustafa da yaxın dostu Məzahir müəllim haqda xatirələrini bizimlə bölüşdü. O, dedi ki, Məzahir Yusifov Azərbaycandan kənarda yaşasa da ürəyi Vətənlə bir döyünən, daim doğma ocağa bağlı olan Vətən övladıdır: “Məzahir müəllim uzun illərdir ki, bizə dost olan Belarus Respublikasında yaşayır. Yaşadığı ölkədə vətənimizlə bağlı bütün tədbirlərdə fəal iştirak edən Məzahir Yusifovu həmyerlilərimiz də yaxşı tanıyır, ona ehtiram göstərirlər.
Mən Məzahir müəllimi daha
çox bir mədəniyyət,
mənəviyyat adamı kimi
tanıyıram. O, həm də bizim ədəbiyyatımıza
bağlı bir insandır. Artıq dediyim kimi, o,
bir neçə ildir ki, dost ölkədə məskunlaşıb.
Amma Azərbaycan efir və
ekranında vaxtaşırı onun
adını eşitmək olar. Bu, nə ilə bağlıdır? Məsələ
burasındadır ki, Məzahir Yusifov həm də istedadlı bəstəkardır.
Doğrudur, o, özünü
professional musiqi xadimi deyil, həvəskar hesab edir. Lakin ortada
olan melodiyaları onun maraq göstərdiyi
sahəyə necə məsuliyyətlə yanaşdığını
sübut edir.
Məzahir Yusifovun musiqi yaradıcılığından Vətən və vətənpərvərlik mövzusu
qırmızı bir xətt kimi keçir. O, qəhrəman
əsgərlərimiz, zabitlərimiz
haqda bir neçə maraqlı musiqi parçaları yazıb, sevdiyi şairlərin sözlərinə
melodiyalar bəstələyib.
Bu gün Məzahir
müəllim ömrünün
müdriklik çağını
yaşayır. İllər bir-birini sürətlə
qovur, biz zamanın axarı ilə keçmişdən gələcəyə
doğru addımlayırıq.
Amma bəzən bu zaman sanki bir
anlığa dayanır,
nəfəs dərir.
Daha doğrusu, bu “dayanmalar” vaxtı həmin sürətli və sürəkli zamanın ayrı-ayrı anları musiqi notlarına çevrilir.
Məzahir Yusifovun qəlbindən
qopan o notlar insanların yaddaşına
hopur, ürəklərdə
əks-səda verir.
Məzahir müəllimlə hər
görüş bir yaddaqalan xatirəyə çevrilir. O, dostluğa sədaqətli bir insandır. Və bütün müdrik
insanlar kimi, Məzahir Yusifov da dostluğa bir sənət əsəri kimi yanaşir, onu qoruyur, onun dəyərini
yüksək qiymətləndirir.
Düzdür, biz dostları onu sıx-sıx görə bilmirik. Amma onun melodiyaları
bir dostluq körpüsü kimi, daim insanları bir-birinə yaxınlaşdırır,
könülləri bir-birinə
qovuşdurur. Elə
dostumuzun adı da bizim ürəyimizdə
bir melodiya kimi səslənir, etibar və sədaqət melodiyası
kimi...
Mən dostumuz Məzahir müəllimə
bundan sonra da ilhamlı yaradıcılıq, işlərində
uğurlar, möhkəm
cansağlığı arzu
edirəm. Qoy onun bütün
arzuları çin olsun”.
“Məzahir müəllimin mahnılarında onun ruhu iştirak edir”
Məzahir Yusifovun yaradıcılığında
vətənpərvərlik mövzusunda mahnılar üstünlük təşkil
edir. Onun bu mövzuda
bəstələrini, əsasən
müğənni Cahangir
Qurbanov ifa edir. Cahangir müəllim da öz yaradıcılıq
yoldaşının ad gününü
təbrik etməkdən
məmnunluq duyduğunu
dedi: "Məzahir müəllim həyatımda
gördüyüm ən
diqqətcil, səmimi
dostumdur. O, həqiqətən
mənim üçün
dəyərli ağsaqqaldır.
Bizim aramızda o qədər səmimi münasibət var ki, mən
onun oğlanlarına qardaş deyə müraciət edirəm.
Çox
ailəcanlı, tərbiyəli,
vətənpərvər, savadlı
və mərd insandır. Ona görə də onunla iş birliyimiz alınıb. Mən onun bir neçə
mahnısını oxumuşam.
Bunların hamısı hərbi
vətənpərvərlik ruhunda olan mahnılardır.
Məsələn, "Əsgər oğluyam" mahnısını
Müdafiə Nazirliyinin
hərbi orkestrinin müşaiyətilə mən
ifa etdim. Hətta, o mahnıya klip də çəkilib.
Ümidvaram ki, dinləyicilər
bu mahnını da bəyənərlər.
Məzahir müəllimlə bizim əməkdaşlıq ona
görə yaranıb
ki, onun özü də ehtiyatda olan zabitdir. Mən də zabitəm.
Bizim ruhumuz birdir. Mən bu mahnıları ifa edəndə əsgərlərin gözündə
parlayış, işıltı
görürəm. Hiss edirəm ki, bu mahnılar onlarda böyük ruh yüksəkliyi yaradır.
Məzahir müəllimin mahnılarının
özəlliyi ondadır
ki, onun hər bir sözündə,
mahnısında Vətən
sevgisi var. Biz də vətənimizi sevdiyimiz üçün o gözəl,
dəyərli sözləri
ifa etməyi özümüzə borc bilirik. Həm bir dost kimi, həm bir vətən oğlu kimi özəlliyi ondadır ki, Məzahir müəllimin mahnılarında
onun ruhu iştirak edir. Məzahir müəllimin hər bir kəlməsində
onun ruhun hiss etmək olur. Onun necə səmimi, gözəl xasiyyətli insan olduğunu mahnılarını dinləyəndə
bilmək olur.
Məzahir müəllimə arzum odur ki, özünü
qorusun. O bizə lazımdır. Ona uzun ömür,
cansağlığı, yaradıcılığında
uğurlar arzu edirəm. İlham pəriləri heç
zaman onu tərk etməsin".
Məzahir Yusifov vətən sevgisini pafos şəklində sözlə
deyil, işi, yaradıcılığı ilə
yaşadan soydaşlarımızdandır. Bunun sübutu
isə onun ortaya qoyduğu yaradıcılıq nümunələridir.
Bütün bunlar həm
də Məzahir müəllimdən xalqımız,
dövlətimiz, eləcə
də Belarusdakı diasporumuz üçün
qalan mənəvi sərvətlərdir.
Fuad Hüseynzadə
Palitra 2019.- 21 may.- S.9.