Vahid Rzayev:”Səhər
gördük ki, ermənilər arxiv sənədində
özlərinə sərf etməyən hissəni
qayçı ilə kəsiblər”
“Naxçıvanda qız
gimnaziyası açıldı. O zaman Hacı
Zeynalabdin Tağıyevin Bakıdakı 7 illik məktəbi
var idi. Onu da açana qədər Peterburqda kilsələri
belə, təmir etdirdi. Yəni o, icazəni zülmlə
aldı”
(müsahibənin
davamı)
Müsahibimiz Pedaqogika üzrə fəlsəfə
doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Vahid
Rzayevdir:
- İrəvanda çox
sayda məscidlərin olması ilə bağlı faktlar var.
Bu qədər məscidi olan bir şəhəri necə erməni
şəhəri kimi təqdim etmək olar?
- İrəvanın bütün mahallarında məscidlər
olub, məktəblər fəaliyyət göstərib. Bu faktların
o torpağın bizimki olduğunu sübut etmək
üçün çox böyük faydası var. Şopenin
məşhur əsəri var və orada göstərir ki,
İrəvanda 12 böyük şəhər məscidi olub.
Bunlar cümə məscidləri idi ki, müsəlmanlar
cümə günləri namaza dururdular. Arxivdə
bir fakta rast gəldim ki, həmin 12 məscidin baş mollalarının
adları verilib. Bu faktlar sübut edir ki, bu
torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Şopen fransızdır, amma savadlı tarixçi
idi. Knyaz Paskeviç, İrəvanski ləqəbini
götürmüşdü və onun təşəbbüsü
ilə Şopeni birbaşa bura göndərmişdilər. Yəni
bu, hazırlanmış bir iş idi. Şopen
rus da deyildi, başqa millətdən idi, gəlib burada
yaşamaq istəyib. Pyotrun dövründən
Avropadan Rusiyaya axın olub, o, istəyirdi ki, alimlər,
savadlı adamlar ölkəsinə gəlsinlər və
Şopen də elə gəlmişdi, İvan
İvanonoviç adını götürmüşdü.
Bu adam təbii ki, ona verilən
tapşırığa əsasən erməniləşdirmə
işində müəyyən rol oynamalıydı. 1828-34-cü illər kameral siyahıyaalmaya bilavasitə
o rəhbərlik eləmişdi. O, əsərlərində
ermənini yerli əhali kimi təsvir etmək istəyir və
heç bir vasitə tapa bilmirdi, alban kilsələri, atəşpərəstliyə
aid qədim abidələri göstərərək, “bu, ola bilər
ki, erməni kilsələrinin qalıqlarıdır” deyirdi. Ermənilər üçün münbit bir zəmin
yaratmaq istəyirdi. Bununla yanaşı,
onun yaxşı cəhətləri də var. Həmin
dövrdə real faktlara baxanda görürsən ki, nisbətən
obyektiv yanaşma da var. O deyir ki, “belə baxıram ermənilərin
heç musiqisi olmayıb, burada yaşayan tatarların (azərbaycanlılara
tatar deyirdilər) musiqisindən istifadə edirdilər”. Ümumiyyətlə, görürsən ki, bu yerlər
həqiqətən də Azərbaycan torpaqlarıdır.
Prezidentimizin də gözəl bir ifadəsi var
ki, “Ora qədim Azərbaycan torpaqlarıdır, onların rəsmilərinə
də çatdırıram ki, biz o torpaqlara
qayıdacağıq”.
- O dövrdə fəaliyyət
göstərən məktəblərdə ermənilər
üstünlük təşkil edirdimi?
-
Ümumilikdə, Naxçıvan, İrəvan tarixi, mədəniyyəti,
məktəb təhsilinin tarixi mütləq öyrənilməlidir.
Bir məsələni də deyim ki, ruslar burada məktəb
açanda, 1829-cu ildə ilk Zaqafqaziya məktəblərinin
nizamnaməsini elan etdilər. Orada
Gürcüstanda və Azərbaycanda qəza məktəblərinin
açılması irəli sürüldü. İlk qəza məktəbi 1830-cu ildə
Şuşada açıldı. İndiyədək
buna diqqət yetirilməyib. Bir faktı da
qeyd edim ki, adətən bizdə yerli dillər kimi
gürcü, erməni, Azərbaycan dilləri tədris
olunurdu. Ancaq orada bir maddə var ki, Azərbaycan
dili bütün Zaqafqaziyada məcburidir, gürcülər
yaşayan ərazidə də gürcü dili məcburidir,
ermən dilinin öyrədilməsi ancaq ermənilər
üçündür. Bəzi alimlər
deyirdilər ki, qəza məktəblərində Azərbaycan,
gürcü, erməni dili öyrədilirdi, o hansı məqsədlə
öyrədilirdi, onu aça bilmirdilər. Hətta Stavropolun özündə Azərbaycan
dilinin öyrədilməsi üçün ayrıca bir dərslikdən
istifadə edilirdi.
Azərbaycanlılar əvvəllər o məktəblərdə
azlıq təşkil edirdilərsə də sonralar sayları
artmışdı. Xüsusilə Ordubad şəhər
ibtidai məktəbi azərbaycanlıların ən çox təhsil
aldığı məktəblərdən biri idi. Baxmayaraq ki, rus dövlətinin məktəbi idi.
90-cı illərin sonlarında kəndlərdə
“Zemstvo” məktəbləri açıldı. Bunlar yerli idarəçilik orqanlarının
yaratdığı məktəblər idi ki, onlar ianələrlə
yaşayırdılar, orqanların köməyi ilə yaranan
məktəb isə dövlətin rəsmi məktəbləri
idi. Orada azərbaycanlılar
üstünlük təşkil edirdilər. Nehrəm məktəbində çox cüzi sayda
rus uşaqları təhsil alırdı. Orada
erməni uşaqlarına rast gəlmək olmurdu. Bundan başqa, 1887-ci ildə Sultan Məcid Qənizadə,
Həmid bəy Mahmudbəyov Bakıda rus-tatar məktəbləri
açdılar, o da sonralar bütün ölkəyə
yayıldı. Həmin rus-tatar məktəblərində
ermənilər də öz uşaqlarını oxudurdular.
Yəni bu, erməni məkri, siyasəti idi.
Bütün bunları açmaq,
araşdırmaq, publikaya çatdırmaq çox vacibdir.
Mövcud faktlar da erməni siyasətinin
saxtakarlığını göstərir.
- Bəlkə
də zamanında mövcud faktlar aşkarlansaydı, daha
çox qabardılsaydı sonrakı nəsillər də ermənilərlə
bağlı daha dəqiq məlumata malik olardılar...
- Mən
tarixçi kimi danışa bilmərəm. Lakin
deyim ki, rus çarizmi 1917-ci ilə qədər də
onları müdafiə edirdi. Doğrudur, qəza
məktəblərini yaradanda deyirdilər ki, hansı millətdən
olursa-olsun, amma gəlsin oxusun. Bu, onların
siyasətinin tərkib hissəsi idi. 1920-ci
ildən sonra sovet hökuməti elə bil ki, o dövrün
üstünə bir pərdə çəkdi. Biz təhsil alanda, 70-ci illərdə təzə-təzə
müəllimlərimiz bizə başa salmağa
çalışırdılar ki, İrəvan, o torpaqlar
bizimdir. O da, ancaq şifahi şəkildə deyilirdi. Onlara hüquq vermirdilər ki, onun mahiyyətini
açsınlar. Mən İrəvan
arxivində işləyəndə, orada bir faktla
qarşılaşdım. Belə ki, Kəlbəli xan və
İsmayıl xan Naxçıvan qəza məktəbinə hər
il gümüş pulla 200 manat ianə
verirdilər və bu, dövrünə görə
böyük məbləğ idi. Azərbaycan dili müəlliminə
il ərzində 200 manat verirdilər və
o da kifayət qədər idi. Onlar həm də
200 manat İrəvan qəza məktəbinə ianə vermək
istəyirdilər. Bəzi tarixçilər
qeyd edirlər ki, bu ianə ancaq Naxçıvan qəza məktəbinə
verilib. Ancaq onların ayrıca ərizəsi
var ki, öz xətləri ilə yazılıb. Onu götürdüm. Lakin o vaxt
arxivdə işlədikdən sonra bizə deyirdilər ki,
axşam sənədlərə baxacağıq ki, görək
nə götürmüsünüz. Mən
həmin vaxt o sənədə baxsam da, səhər gəlib
gördüm ki, həmin hissəni qayçı ilə kəsib
götürüblər. Mən akademik
İsa Həbibbəyli ilə birlikdə getdim direktorun
yanına və nə qədər dediksə də onu bizə
qaytarmadılar. Lakin sonradan dolayı
yollarla başqa şeylər götürə bildim. Fakt bu idi ki, onlar özləri deyiblər ki, “bizim
İrəvan camaatının da uşaqlarının təhsilini
yaxşılaşdırmaq üçün 200 manat
gümüş pul ianə veririk”. Ermənilər
görürdü ki, bu fakt onların ziyanınadır, dərhal
arxivlərdə onu kəsib götürürdülər.
- Siz uzun müddət arxivlərdə
araşdırmalar aparmısınız. Hazırda necə,
arxivlərdə araşdırmalar aparırlarmı, yoxsa bəzi
müəlliflər sadəcə internetdən istifadəyə
üstünlük verirlər?
- Mən arxiv materiallarını öyrəndikdən sonra, təbii ki, mənə qədər kimlər bu məsələ ilə maraqlanıb, nəyi öyrəniblər, nəyi səhv söyləyiblərsə, mən bunlara baxmalıydım. Çoxlu faktlar aşkarlandı. Bir nəfər akademikimiz deyir ki, Naxçıvanda qız gimnaziyası açıldı. O zaman Hacı Zeynalabdin Tağıyevin Bakıdakı 7 illik məktəbi var idi. Onu da açana qədər Peterburqda kilsələri belə, təmir etdirdi. Yəni o, icazəni zülmlə aldı. 1901-ci ildə onu aça bildi. Azərbaycanlı qızlarımız üçün onlar gimnaziya açmağa imkan verməzdilər. Naxçıvanda isə C.Məmmədquluzadə Nehrəmdə müəllim işləyərkən 8 nəfərdən, öz bacısı və əlavə 7 nəfərdən ibarət dövlət məktəbinin tərkibində bir qrup kimi qız məktəbini açır. Sonra isə Məmmədtağı Sidqi özünün tərbiyə məktəbində bir qız qrupu aça bilir. Maraqlıdır ki, arxivlərdə bunu tapmaq olmur, ancaq onların öz əsərlərindəki fikirlərlə bunu təsbit etmək olur. Sonradan Əhməd Ağayevin o zamankı “Kaspi” qəzetində bir məqaləsi əlimə düşdü. Orada belə bir fikir var ki, “İrəvanda qız məktəbi açılıb, 1900-cü ildə Haşımbəy Nərimanbəyovun rus-tatar məktəbində qızlar üçün qrup var idi. Hacının da məktəbi açılacaq. Naxçıvanda da qız məktəbi açmaq üçün layihə hazırlanıb və o əldən -ələ gəzir”. Bu, elə bil ki, mənə yol açdı. Şəkidə Şəfiqə Axundzadə qızlar üçün məktəb yaratmışdı. İrəvanda da, Naxçıvanda da qoymurdular ki, qızlar üçün milli məktəb açılsın. Adı Rus-Azərbaycan məktəbi olsa da, dərs deyənlərin hamısı milliyətcə ruslar idi. Yalnız Azərbaycan dilini öyrədənlər azərbaycanlı idilər. Bu siyasətin bir tərkib hissəsi də o idi ki, çalışırdılar milli məktəblər açılmasın. Məhəmmədtaği Sidqinin açdığı tərbiyə məktəbi milli məktəb idi və oraya 100-dən artıq uşaq cəlb edə bildi. Ətraf ərazilərdə yaşayanlar böyük məmnuniyyətlə uşaqlarını o məktəbə qoyurdular. Bilirdilər ki, bura milli məktəbdir, azərbaycanlı uşaqlar oxuyacaq, müəllimlər də azərbaycanlı idi, ancaq təhsil alanlar oğlanlar idi. Lakin M.Sidqinin özü qızlar üçün dərslik yazıb.
Oğlanlar üçün Sidqinin
yaratdığı məktəbin çar Rusiyası tərəfindən
bağlanmasının ilkin səbəbi də onun məktəbdə
rus dilinə o qədər əhəmiyyət verməməsi
idi. Həftədə bir saat rus dilinə, 6 saat
Azərbaycan dilinə ayrılırdı. İdarəçilik
orqanları buna göz yuma bilməzdilər və iki ildən
sonra bəhanə gətirdilər ki, məktəbi rus-tatar məktəbi
edirik, sənin müəllimlik üçün attestatın
olmadığına görə, müdir ola bilməzsən.
O gedib imtahan verib,
attestat alsa da, yenə də onu məktəbə qoymadılar.
Onu dövlətə etibarsız adamlar
siyahısına saldıqlarına görə, icazə vermədilər.
Mirzə Ələkbər Süleymanov Qori
Müəllimlər Seminariyasını bitirmişd, ona görə
də onu məktəbə direktor təyin etdilər. 1904-cü ildə M. Sidqi qəflətən vəfat
etdi. Bu proseslərin hamısına yanaşmalarda səthilik
var. Xüsusilə 7 cildlik “Azərbaycan tarixi” kitabında
Naxçıvan qız məktəbi haqqında tamamilə səhv
fikirlər yer alır. O dövrün qadın hərəkatı
haqqında tarixçilərin yazdığı monoqrafiya,
dissertasiyalarda da səhv müddəalar yer alır.
Naxçıvan qız məktəbində Fatma Sultanova adlı Azərbaycan dili üzrə ilk qadın müəllimə çalışıb. Lakin internetə, xatirələrə əsaslanmaqla bu adamı Nazlı Nəcəfova kimi göstəriblər. Ancaq faktlara əsaslanmaq lazımdır. Belə səhvlər var, bunlar da ictimaiyyəti çaşdırır. Olmayan şeyləri demək lazım deyil. Bunları yeni-yeni tədqiqatlarla, baxışlarla aradan qaldıra bilərik. Belə cəhətlər çoxdur. Bundan başqa, Cəhri kəndindəki məktəblə bağlı maraqlı faktlar tapılıb. Camaatın ermənilərə qarşı çıxışı var. Orada təkcə erməni və rus deyil, başqa bir millət də var idi, onlar çalışırdılar ki, azərbaycanlılar təhsil almasınlar. Azərbaycanlılar isə İrəvan qubernatoruna ərizə yazıblar. Çox gözəl bir ərizə yazıblar. Yəqin ki, o dövrün ziyalıları yazıb. belə faktlardan, arxivlərdən, ən azından o dövrün statistik kitablarından istifadə etmək lazımdır. “Qafqaz kalendarı” vardı, orada bütün məktəblərin illik fəaliyyəti, müəllimləri ilə bağlı yığcam məlumatlar verilirdi. Qafqaz məktəbləri haqqında xülasələr var. O dövrdə bütün məktəblərin yaranma tarixi, dərs deyən müəllimlər, şagirdlər, hansı dərslər keçirilir, hamısı haqqında müxtəlif rəsmi nəşrlərdə məlumat verilir. Arxivə getməsələr də materialları əldə etmək olar. Öyrənilməmiş səhifələr çoxdur. Gənc tədqiqatçılar hazırlamaq, onlara maddi-mənəvi kömək etmək lazımdır. XIX-XX əsr tariximiz çox mürəkkəb tarixdir. Ziddiyyətli bir dövrdür. Maraqlı faktlar çoxdur.
Nigar
Palitra.-2019.-24 may.-S.9.