Söz işığında müdrikləşən şair

Razim Məmmədov

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Rəşid Təhməzoğlu poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biridir. O, Azərbaycan poeziyasının incəliklərinə yaxşı bilən, aktual mövzu seçimində öz dəsti-xətti ilə olan, müasir həyat həqiqətlərinin poetik təsvirini bacarıqla qələmə alan, orijinal ifadə vasitələri, şeiriyyəti ilə seçilən istedadlı nüfuz sahibidir. Mən Rəşid müəllimi keçən əsrin 90-cı illərindən tanıyıram. O, həm elm sahəsində, həm də poetik yaradıcılıqda yorulmaq nə olduğunu bilməyən, aktual mövzular sahəsində çox səmərəli araşdırmalar aparan, maraqlı fikirləri ilə fərqlənən elm adamı və şair kimi hər kəsin diqqətini özünə cəlb etməyi bacaran ziyalıdır. Heç vaxt öhdəsinə götürdüyü işi yarıda qoymur, səmərəli fəaliyyəti, işgüzarlığı, eyni zamanda böyük məsuliyyət duyğusu ilə bütün tapşırıqları vaxtında yerinə yetirməyə müvəffəq olur. Bu mənada Rəşid Təhməzoğlunu müsbət fərdi xüsusiyyətli, dəyişməz və fəal vətəndaş mövqeyi olan əsl Azərbaycan şairi adlandırmaq olar.

Hər bir şair poetik nümunələrinin sayı, əhatə dairəsi və həcmi ilə deyil, “ardıcıl işi, məqsədyönlü fəaliyyəti, bəlkə də bir özünə bəlli yaradıcılıq amalı və bu yolda yorulmadan çalışması, israrla inandığını başqalarını da inandırması, gerçək nəticələr qazanması ilə qiymətlidir”. Xalq yazıçısı Mir Cəlalın belə bir fikri var: “Yazı ürəkdən gələn bir səsdir, ürək isə müqəddəs hisslərin beşiyidir”. Cəsarətlə söyləmək olar ki, R.Təhməzoğlunun qələmindən çıxan bütün sözlər ürəkdən gəlir və həmişə də xalqımız üçün müqəddəs hissləri tərənnüm edir. İnanırsan ki, şair bu sözlərin ürəyində xeyli ölçüb – biçib, çək-çevir edib, qəlbinə yatdıqdan sonra onu oxucuların ixtiyarına verib. Xalqın “senzurasından” keçdikdən və xalqın ürəyinə yol tapdıqdan sonra, şair onda inanıb ki, qarşısına qoyduğu məqsədə nail ola bilib.

Müasir ədəbi prosesə daim diqqət mərkəzində saxlayan, yeri düşdükcə bu ədəbi prosesdə baş verən yeniliklərə münasibət bildirən filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov R.Təhməzoğlunu yeni strukturlu şeirlərin müəllifi, bədii təsvir və ifadə vasitələrinin ustası, bənzərsiz poetik düşüncələrin bilicisi kimi dəyərləndirmiş, bu keyfiyyətləri onun bir ədib kimi üstünlüyü və özünəməxsusluğu hesab etmişdir. “Söz çağına ucalıqda çatan şair” sərlövhəli məqaləsində professor yazır: “Rəşid Təhməzoğlu hər yazara nəsib olmayan lirik təfəkkürlə epik təfəkkürü bir arada sıxışdırıb, ayrı-ayrılıqda minillik Azərbaycan şeirinin bu iki qolunu yüksək sənət nümunəsi kimi yaşada bilir. Rəşid Təhməzoğlunu ədəbi prosesdə tanıdan, onun şair mənini təsdiqləyən də elə budur; çox şairə nəsib olmayan bu poetik tenderi onun poeziya sənətinin yaşamını şərtləndirən amillərdəndir”.

R.Təhməzoğlunun qələmi, amalı, niyyəti, arzusu saf, təmiz olduğu kimi qələmə aldığı sevgi şeirləri də oxuculara eyni saflığı, ülviliyi, digər nəcib hiss və duyğuları aşlayır, “odlara tapınan babaları kimi şair də etiraf edir ki, o da ilk sevgisinioddan almış, onun sevən ürəyi yolların, günlərinə işıq saçmışdır. Dalğın-dalğın köksü yanıb köz olan şair haqqa, düzlüyü sevənlərin sırasına düşdüyü üçün razılıq etsə də, bu yolda sevgi ağrıların, əzabların olduğunu da istisna etmir. Saf məhəbbət üçün cəfaya dözməyin şirinliyindən söhbət açır.

 

Baxışından gözlərim su içəndə,

Gülüşünü gülüşlərdən seçəndə,

İstək olub, ürəyimə köçəndə

Gözlərinin qarasına düşmüşəm!

 

Təhməzoğlu, duyğu səni aldadır,

Sevgi çağı açılıq da bal dadar.

Ağrılarım, yanğılarım daldadır,

Mən odla su arasına düşmüşəm!

 

R.Təhməzoğlunun poeziyasında vətən sevgisi, vətən məhəbbəti xüsusi önəm kəsb edir. Şair uşaqlıq illərində gəzib dolaşdığı yerləri indi xəyalən seyr edir, böyük məhəbbətlə sevdiyi ana yurdun dağlarını, meşələrini, yamaclarını, çaylarını, bulaqlarını həsrətlə xatırlayır və bu həsrətin vüsalını doğma Azərbaycanımızın başlarının qoynunda bərq vuran Göy gölün qoynunda tapır. Onun büllur sularının güzgüsündə özünün uşaqlığını görür.

 

İstədim, meşədən dərim böyürtkən,

Kollar ətəyimi, dartdı böyürdən

Qoymadı qapqara salxımı üçüm

Boyandı barmağım, xallandı üçüm.

 

Yaşıllıq içində açdım cığırı,

Yaşıllıq otlara axanda gördüm.

Böyürtkən boyalı uşaqlığımı

Göy göl güzgüsünə baxanda gördüm.

 

R.Təhməzoğlunun vətənə bəslədiyi sevgi təbiiliyi, səmimiliyi, saflığı ilə seçilir, özü də bu sevginio oxucuya çatdırarkən şair hər kəsin deyə bilmədiyi bir tərzdə çatdırır. Bu sahədə şairin orijinal təsvir üslubu var, hiss olunur ki, şairin bu mövzuda qabiliyyəti bənzərsizdir. Yadıma müəllifini unutduğum bir cümlə düşür. “Vətən sevgisini hər bir insan öz taleyi ölçüsündə sənətində, əməlində yaşadır”. Cəsarətlə yazmaq olar ki, R.Təhməzoğlu məhz, “öz taleyi ölçüsündə” vətən sevgisini şeirlərində məharətlə inandıırıcı şəkildə təsvir etməyə müvəffəq olur. Əsl poeziya həyatın, sənətin gerçəkliklərini qarşısına məqsəd qoymalı, cəmiyyətdən bəhs etməli, reallıqdan uzaq olmamalıdır. Odur ki, şair “güzgüdə” gördüyü uşaqlığını müdriklik çağında bir daha xatırlamaq məcburiyyətində qalır, xəyalən doğma ellərin seyrinə çıxır, o ulu torpağın dünyada belə tayı olmadığını vurğulayır.

 

Bir gün yolum düşdü Qırız Dəhnəyə,

Daldım əlvan-əlvan min bir səhnəyə,

Mən göz yetirsəm də kənddə hər nəyə,

Doğma Girətağım burda tapılmaz,

O ulu torpağım burda tapılmaz!

 

Hanı Buzxananın qarı, sal buzu,

Gəzbel obasında mələşmir quzu,

Heyf o yerlərin çörəyi, duzu,

Ulduzdan çırağım burda tapılmaz,

Şimşəkdən yarağım burda tapılmaz!

 

R.Təhməzoğlu lirik şeirlərlə yanaşı, həm də “Qaraqapı”, “Açlıq”, “Dədəm Qorqud”, “Qorxu” və s.kimi dərin məzmunlu poemaların bu poemalara ömrünün böyük bir hissəsini sərf etmiş, indi də sərf etməkdədir. Bu poemalar mükəmməl bədii sənət nümunələridir. Onlar şairin həyata baxışının, duyğusunun münasibətinin təcəssümüdür, olduqca məntiqli, inandırıcı və şəffaf səciyyə daşıyır. Bu poemaların əksəriyyətində qəm hikməti, kədər fəlsəfəsi üstünlük təşkil edir. Poemalardan çıxarılan nəticə mükəmməlliyi ilə də diqqəti cəlb edir. Sanki bu nəticə R.Təhməzoğlunun deyil, bütün vətənpərvərlərin, valideyn sevərlərin, haqqa, ədaləti tələb edənlərin mövqeyidir, daha doğrusu insaniyyətin gəldiyi qənaətdir.

R.Təhməzoğlu olduqca qayğıkeş, mehriban, səbrli və sədaqətli bir dostdur. O, çox söhbətcil, həm də çox çalışqan, zəhmətkeş, gecəni-gündüzə qatan, heç vaxt yorulmaq bilməyən bir insandır. Onun şirin, məntiqli, səmimi söhbətlıərindən doymaq olmur, söhbət əsnasında ömrünü müdriklik çağında dəfələrlə “”uşaqlığının” şahidi olmuşam. Müdrik söz demək, müdrik insanlara xasdır. Rəşid Təhməzoğlu kimi insanlara

Palitra  2019 28 may.- S.12.