Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsimüasirlik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyevin 105 illiyinə həsr olunan elmi sessiya çərçivəsində yazıçının həyat və yaradıcılığı haqqında sərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Xalq yazıçısı İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin yaradıcılığından danışıb. Qeyd edib ki, İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının inkişafında müstəsna xidmətlər göstərmiş ədiblərimizdən biridir.

İsa Həbibbəyli yazıçının çoxcəhətli yaradıcılığı, o cümlədən publisistikası, lirik nəsri və dramaturgiyası ilə ədəbiyyat tariximizdə böyük iz qoyduğunu bildirib. Qeyd edib ki, görkəmli yazıçının “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Unuda bilmirəm” pyesləri ilə ölkəmizdə lirik-psixoloji dramın əsası qoyulub və Azərbaycan dramaturgiyasında yeni mərhələ başlanıb. Yazıçının oxucular tərəfindən rəğbətlə qarşılanan bu və digər dramları dəfələrlə tamaşaya qoyulub ki, nəticədə İlyas Əfəndiyev teatr məktəbi yaranıb. Bundan əlavə, Xalq yazıçısı “Söyüdlü arx”, “Körpüsalanlar” romanları ilə bir çox tereotipləri sındırıb.

İsa Həbibbəyli ədibin, həmçinin yüksək keyfiyyətlərə malik insan olduğunu, istedadlı gəncləri hər zaman dəstəklədiyini söyləyib. Akademik rəhbərlik etdiyi müəssisədə İlyas Əfəndiyevin yaradıcılığının tədqiq olunduğunu, yazıçı haqqında monoqrafiyalar çap edildiyini bildirib.

Sonra tədbirdə ədibin oğlu, Xalq yazıçısı Elçin Əfəndiyev ədəbiyyat tarixi ilə bağlı bir sıra məsələlərə toxunub. Qeyd edib ki, tarixi ənənələri davam etdirən institut bu gün ədəbiyyatın müasir problemləri ilə geniş məşğul olur, ədəbi tənqid istiqamətində monoqrafiyalar hazırlayır. O, atasının yaradıcılığına verilən qiymətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Daha sonra Elçin Əfəndiyevə Ədəbiyyat İnstitutunun nəşrləri hədiyyə olunub.

Sessiyada XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “XX əsr tarixi prosesində İlyas Əfəndiyevin yeri” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadənin “İlyas Əfəndiyev teatrı”, filologiya elmləri doktoru, professor Nizami Tağısoyun “İlyas Əfəndiyevin nəsri”, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramovunİlyas Əfəndiyevin yaradıcılığı” mövzularında çıxışları dinlənilib.

Palitra 2019.- 31 may.- S.13.