ABŞ-da erməni yalanlarını ifşa edən etiraz
aksiyası keçirilib
Xəbər verildiyi kimi, oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirib (AZƏRTAC).
Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı “nümayəndəliyi”, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunub.
Tədbirlə eyni vaxtda Reybörn binasının qarşısında Azərbaycan icması tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayiş iştirakçıları əllərində erməni liderlərinin – Bako Saakyanın, Serj Sarkisyanın və digərlərinin hərbi cinayətkar olmalarını təsvir edən plakatlar tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassal dövlət olması, müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar.
Qondarma rejimin tədbirinin başlanmasından bir neçə dəqiqə əvvəl erməni lobbi təşkilatının üzvlərindən biri azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxaraq qondarma “erməni soyqırımı”ndan danışaraq təxribata cəhd edib. Lakin polis əməkdaşları təxribatın qarşısını dərhal alıblar.
Ermənilərin bu tədbiri Konqresin binalarından birində keçirmələri onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin tədbirinin Konqresin binalarının birində keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu kiçik tədbirin əhəmiyyətini şişirtmək olub, habelə Ermənistanın işğal olunmuş ərazilərdəki qondarma rejimə “legitimlik” qazandırmağa xidmət edib.
Erməni lobbi təşkilatları son həftə ərzində qanunvericilərə məktublar göndərərək onları şirnikləndirmək yolu ilə bu tədbirə dəvət ediblər. Lakin onların səyləri puç olub. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanunvericiləri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib.
Milli Qəhrəman Əsəd
Əsədovun anım günü qeyd edilib
Yeri gəlmişkən, Bakıda Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədovun anım günü qeyd edilib. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayonu üzrə sədri Ədhəm Məmmədov tərəfindən təşkil edilən tədbirdə Əsəd Əsədovun yaxınları, şəhid ailələri, Qarabağ qaziləri, iş adamları, QHT və KİV nümayəndələri qatılıblar.
Gələn tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət etdikdən sonra akt zalında Milli Qəhrəmanı, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğurunda dünyasını dəyişən digər şəhidlərimizi anıblar və ruhlarına dua ediblər.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayonu üzrə sədri Ədhəm Məmmədov çıxış edərək tədbir iştirakçılarını İctimai Birliyin sədri Elşən Uluxanlı adından salamlayıb. Ədhəm Məmmədov Milli Qəhrəman Əsəd Əsədov haqqında geniş məlumat verib: “Əsəd Əsədov 1956-cı il mart ayının 22-də Zəngilan rayonunun Turabad kəndində sadə bir ailədə doğulub. 1963-1973-cü illərdə Mincivan qəsəbəsində orta məktəbi bitirib. 1975-ci ildə Əsəd Əsədov Sovet Ordusunda qulluğa çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətində Krasnokutsk şəhərində Təyyarəçilik məktəbinin mülkü aviasiya şöbəsinə daxil olub. 1976-cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülkü Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlayır.
Çox qısa bir müddətdə Ə. Əsədov kollektivin rəğbətini qazanır.
Erməni işğalçıları torpaqlarımıza təcavüzə başlayanda o da, ermənilərə qarşı mübarizəyə qoşulur.
Ə.Əsədov təcrübəli bir pilot kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar edir və hər dəfə də, ekstremal vəziyyətlərdən düzgün qərar qəbul edərək düşmənin layiqli cavablarını verib.
Yevlax Aviasiya Şirkətinə məxsus AH-2 təyyarəsinin komandiri Ə. Əsədov Qarabağ səmasında düşmənə çoxlu sayda zərbələr endirib.
1991-ci il oktyabr ayının 29-da Ə.Əsədov 9 nəfər döyüşçü ilə Xocalı aeraportuna kömək etmək üçün havaya qalxıblar. Xanabad kəndi üzərindən ucarkən düşmən tərəfindən atəşli hücuma məruz qalıblar. Cəsur komadir heyət üzvləriylə birlikdə bu hücumda vertalyotun vurulması nəticəsində həlak olublar.
Azərbaycan Respublikasının Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Əsəd Soltan oğlu Əsədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ailəli idi. Dörd uşağı yadigar qalıb. Ə.Əsədov Zəngilan rayonunda dəfn edilib.
Zəngilan rayonu Turabad kənd orta məktəbinə və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib”.
Sonra şəhidin həyat yoldaşı Sevil Əsədova onun qəhrəmanlığından, Vətənə bağlılığından danışıb. Şəhidin adını daşıyan nəvəsi babası ilə fəxr etdiyini, lazım gələrsə babasının yolunu davam etdirməyə hazır olduğunu bildirib.
“Dövlət bütün aztəminatlı ailələrin, eləcə də müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır”
Fizoterapiya və Reabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev öz çıxışında imkansız ailələrə yardım etməyə hər zaman hazır olduğunu bildirib: “Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub və bu siyasət artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin, eləcə də müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır. Biz də Azərbaycan vətəndaş olaraq bu istiqamətdə fəaliyyətimizi hər zaman davam etdiririk”.
Fizoterapiya və Reabilitasiya Mərkəzinin həkimi Gülçöhrə Bağırova təmənnasız şəhid və imkansız ailələrə yardımını əsirgəmədiyini bildirib: “Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır. Əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir”.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xəzər-Pirallahı rayon nümayəndəliyinin sədri Elçin Əzimov belə tədbirlərin daimi keçirilməsinin önəmindən danışıb.
Tədbirdə digərləri də çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarından keçən vətən övladlarının ailə üzvlərinə dövlətin daimi diqqət göstərdiyini vurğulayıblar.
Fuad Hüseynzadə
Palitra.-2019.-1 noyabr.-S.11.