Daşkənddə Məhəmməd
Füzuli adına mərkəzin
açlışı olub
Əlişir
Nəvai adına Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universitetində dahi şairimiz Məhəmməd
Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət,
Təhsil və Tədqiqatlar Mərkəzinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) layihəsi əsasında yaradılan mərkəzə Azərbaycan
dilinin, ədəbiyyatının, mədəniyyətinin
təbliği məqsədilə ölkəmizə dair nəşrlər, əyani vasitələr
hədiyyə edilib.
Qeyd edək ki,
mərkəzdə xalqlar arasında dostluq, mədəni-ədəbi əlaqələrə
dair guşələr, habelə dövlət
atributlarımıza və milli mədəniyyətimizə
dair xüsusi stendlər
yaradılıb. Mərkəzdə Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrinin portretləri, dahi Füzulinin
kitabları, əsərlərinə çəkilən
miniatürlər yerləşdirilib.
AMM-nin direktoru Samir
Abbasov Prezident İlham Əliyevin sərəncamlarına əsasən,
Azərbaycan dilinə, ədəbiyyatına qayğı və
diqqətin artırılması, bu istiqamətdə
çoxsaylı layihələrin həyata keçirildiyini
qeyd edərək yaradılan mərkəzin
əsas fəaliyyətinin Azərbaycan dili
və ədəbiyyatının öyrənilməsi və
təbliği olacağını bildirib. O mərkəzdə azərbaycanlı alimlərin,
şairlərin, yazıçıların iştirakı ilə
görüşlərin, mühazirələrin, yubileylərin,
açıq dərslərin, sərgi və seminarların təşkil
olunacağını, burada yaradılan
kitabxananın Azərbaycana dair yeni nəşrlərlə təmin ediləcəyini
söyləyib.
Universitetin rektoru, professor
Şuxrat Siracəddinov Məhəmməd
Füzulinin
yaradıcılığına Özbəkistanda böyük sevgi olduğunu, elm, təhsil və
ədəbi əlaqələr sahəsində mərkəzin
xalqlarımız arasında dostluq, əməkdaşlıq
sahəsində bir körpü
rolunu oynayacağını
vurğulayıb. O, yaradılan mərkəz
vasitəsilə universitetin müəllim
və tələbələrinin Azərbaycanla, onun qədim tarixi, zəngin
mədəniyyəti, ədəbiyyatı ilə yaxından
tanış ola biləcəklərini və
mərkəzin tədqiqatçılar, tərcüməçilər
üçün yeni imkanlar açacağını söyləyib.
Şuxrat Siracəddinov yaradılan mərkəzə
görə AMM-yə təşəkkür edib.
Açılış mərasimində
iştirak edən alimlər mərkəzin
iki ölkə arasında ədəbi əlaqələrin
inkişaf etdirilməsi, Azərbaycan dilinin tədrisi, habelə Azərbaycan ədəbiyyatı
və tarixinin öyrənilməsi üçün gözəl imkan
açdığını bildiriblər və mərkəzin
işinə uğurlar arzulayıblar.
Sonda Samir
Abbasov mərkəzə milli
mədəniyyətimizi özündə əks etdirən Azərbaycan
xalçası və suvenirlər bağışlayıb.
Palitra 2019.- 1 noyabr.- S.13.