Şıxlıdan gəlmiş işıqlı adam

Azərbaycanın ən sevimli yazıçılarından olmaqla yanaşı, həm də nüfuzlu ictimai xadimlərindən biri kimi ədəbiyyat tariximizdə qalan və hesab edirik ki, tarixdəki o yerini, elə, ədəbiyyatımızın tarixi qədər qoruyub saxlayacaq İsmayıl Şıxlı haqqında hər danışmaq, ya yazmaq məqamında tərəddüd içində qalıram: onu necə təqdim edim, yazıçı, yoxsa müəllim olaraq?

Nədənsə mənə elə gəlir ki, Azərbaycan nəsrində təkrarolunmaz Cahandar Ağa obrazını yaratmaqla yadda qalan İsmayıl Şıxlı oxucuları üçün kimdirsə, pedaqoji fəaliyyəti ilə şagirdləri və tələbələrinin yaddaşında da ideal müəllim kimi ömürlük həkk olunub. Bu mənim gəldiyim qənaətdir və hesab edirəm ki, onun sinfində və yaxud auditoriya otağında bircə dəfə əyləşmiş hamı elə mənim qənaətimdədir. Ötən əsr səksəninci illərinin əvvəllərində bu günkü Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin birinci kurs tələbəsi olaraq dərslərə getdiyim vaxtlarda az qala gözlərimə belə inanmaqda çətinlik çəkirdim ki, bu odur, İsmayıl Şixlı. Günlərin birində xarici ölkələr ədəbiyyatından mühazirə demək üçün o, ağır addımlarla əlindəki tünd qəhvəyi rəngli çanta ilə auditoriyaya daxil olubözünü təqdim eəndə isə heyrətim dünya boyda oldu. Beləcə, İsmayıl Şıxlının bələdçiliyi antik yunan ədəbiyyatının sehrli aləminə düşdük, kor şairin təsvir etdiyi işıqlı insan obrazları ilə tanış olduq. Mifik şairlərin, Orfeyin, Yevmolpanın, Pamf və Famirasın təqdimarında insan arzularının allahlarını, Zevsi, Dionisi, DiametriPrometeyi tanıdıq, dünyanın Herakl, Meleagr, Yazon kimi qəhrəmanların sayəsində dəyişməsinə şahid olduq. Beləcə, İsmayıl müəllim, bizi dünyanın ən parlaq ədəbiyyat tənqiçilərindən olan Belinskinin təbirincə desək, “bəşəriyyətin uşaq sadəlöhvlüyünü ifadə edən antik yunan ədəbiyyatı”nın sehrli qapısından içəri apardı. O da yadımdadır ki, ilk semestr imtahanında bileti çəkib əyləşmişdim ki, İsmayıl müəllim qəfildən dilləndi:

- Hə, Nağıyeva, biletini qoy bir tərəfə, sənə başqa bir sualım var.

Mən sualları ilə tanış olmağa macal tapmadığım bileti stolun üstünə qoyaraq İsmayıl müəllimin nə deyəcəyini gözlədim. O, özünə məxsus qayğılı, bir az da sınayıcı nəzərləri ilə məni süzdü və göləmədiyim halda dilləndi:

- Antik ədəbiyyatın təsəvvürünə görə odu insanlara Prometey gətirib, düzdürmü?

Çaşqınlıqla müəllimimə baxıram, o isə aramla davam edir:

- Bax, Nağıyeva, sən Azərbaycan ədəbiyyatında və yaxud ictimai fikrində kimi Prometeyə bənzədərdin?

Sual o qədər gözlənilməz idi ki, ani çağqınlığımı gizlədə bilmədim, buna baxmayaraq, özümü ələ alaraq dedim:

- İmadəddin Nəsimini.

- Niyə İmadəddin Nəsimi, Nağıyeva?

- Ona görə ki, Prometey insanlara odu çatdırdı, Nəsimi isə insanlara heçoddan az əhəmiyyətli olmayan haqqı.

Şişəmi çün daşə çaldım, Həqqi izhar eylədim,

Çeşm-i əhval ağrıdan arif bəşərlər ağrımaz.

İsmayıl müəllim bir an fikrə getdi, ciddi sifətinin tutqunluğu içində xəfif, çox xəfif bir təbəssüməbənzər ifadə yarandı, qarşısındakı zaçot kitabçamı qarşısına çəkərək qiymət yazdı və eləcə, kitabçaya baxa-baxa, sanki özü-özü ilə danışırmış kimi dilləndi:

- Hə...,Nağıyeva, elədir, ona görə də birini qayaya zəncirlədilər, o birinin isə dərisini diri-diri soydular...

İsmayıl Şıxlı xatirəmdə beləcə qaldı, həmin tutqun sifətində güclə seziləcək xəfif təbəssümü ilə.

Birmənalı olaraq onu XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi qəbul edirlər.

O da ədəbiyyat tarixində və ədəbiyyatşünaslığımızda çoxlarının bəlkə də diqqət yetirmədiyi və yaxud diqqət yetirlməyi lazım bilmədiyi birmənalı həqiqətdir ki, ədəbiyyat bütün zamanlarda əhatə etdiyi mövzuya, həmin mövzunun hansı ideoloji fonda təqdimatına görə deyil, yaratdığı insan xarakterlərinə görə hadisə olaraq qalır. Ədəbiyyatın ilkin vəzifələrindən biri, bəlkə də birincisi budur.

Elə həmin konteksdən çıxış edərək Mirzə İbrahimovunBöyük dayaq”, İsmayıl Şıxlının “Dəli Kür”, Fərman Kərimzadənin “Qarlı aşırım” romanlarındakı qəhrəmanların- adi kolxozda sədr olan Rüstəm kişinin, əyalət mülkədarı Cahandar ağanın və antoqonist ziddiyyətlərin çarpışmanın episentrində dayanmış Kərbalayı İsmayıl obrazlarının çoxdan klassikləşdiyini asanlıqla demək mümkündür. O da mümkündür ki, müxtəlif zamanlarda, ilə indinin özündə də ədəbiyyatda dominantlıq etmiş hansısa cərəyanların və həmin cərəyanların formal olaraq generatoru olmuş ideologiyaların əsl sənət nümunələri yaranması işinə mane olmaları barədə fikirləri rədd edək.

Bu il anadan olmasının 100 illiyi Azərbaycan Respublikasını prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkə miqyasında geniş qeyd olunan İsmayıl Şıxlının yaradıcılığı həm də o cəhətdən maraqlıdır ki, digər roman, povest və hekayələrinə baxmayaraq, o, istər ədəbi tənqidin, istərsə də oxucularının mühakiməsində “Dəli Kür” romanı ilə araşdırılır. Onu isə vurğulamaq hökmən yerinə düşər ki, oxşar ədəbi taleni dünya ədəbiyyatında onlarla yazıçı bölüşüb. Bu cərgədə digər əsərlər yazsa da daha çox “Ağıldan bəla”sı ilə yadda qalan Aleksandr Qriboyedovu, “Bülbülləri öldürmək”lə bütün zamanlarda oxunacaq Harper Lini, bircə əsəri ilə dünya ədəbi tənqidini heyrətləndirən, çapdan çıxan andaca bestsellerə çevrilərək müəllifinə ancaq bir il ərzində milyonlarla dollar qazandıran Marqaret Mitçellin “Küləklə sovrulanlar”ını, “Lolita” ilə başgicəlləndirəcək şöhrət qazanan Vladimir Nabokovu, Ruvim Frayermanın “Dinqonun vəhşi itinibir çox başqalarını sadalamaq olar.

İsmayıl Şıxlının ədəbi taleyindəki kolorit zənginliyini isə onun böyüdüyü, formalaşdığı mühitdə, ədəbiyyatımıza və ictimai fikir tariximizə böyük şəxsiyyətlər vermiş Qazaxda, Qarayazı meşələri ilə Kür qırağının sahillərində axtarmağa dəyər.

Müxtəlif biblioqraflarının arabir səsləndirdiyi doğum tarixinə deyil, rəsmi bioqrafiyasına istinad etsək, İsmayıl Şıxlı 1919-cu il mart ayının 22-də Qazax mahalının İkinci Şixlı kəndində anadan olub, həmin kənddə də ibtidai təhsil aldıqdan sonra Qazax Pedaqoji Məktəbində təhsil almışdır. Pedaqoji Məktəbi bitirdikdən sonra cəmi bir il müəllimlik etmiş İsmayıl Şıxlı ali təhsil almaq istəyir və həmin məqsədlə də Bakıya gələrək bu günkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur. Onu hökmən vurğulamaq yerinə düşər ki, tələbəlik illəri dünyada dövlət terrorunun nümumələrindən biri kmi tarixdə qalmış Stalin repressiyalarının qorxunc məqamına düşsə də Azərbaycan Dövlət Pedaqoji Universiteti, xüsusiilə, filologiya fakültəsi öz mühitinə görə fərqlənirdi. Ciddi-cəhdlə auditoriyalarda, universitetin günc-bucağında “xalq düşməni”, azından, “sosialist ideyalarına xor baxanlar” axtarıldığı kimi, yaradıcı gənclər sırasından istedadlı tələbələrin seçilib cilalanması prosesi gedirdi. İsmayıl Şıxlı həmin vaxtlar gənc tənqidçi Məmməd Cəfər Cəfərovun yaratdığı ədəbiyyat dərnəyindəydi və hesab edirik ki, onun yazıçı kimi yetişməyində həmin dərnəyin müstəsna xidmətləri oldu. Yeri gəlmişkən, İsmayıl Şıxlının tələbə yoldaşları olan, gələcəkdə Azərbaycan poeziyasında fərqlənəcək şairlər- Ənvər Əlibəyli, Böyükağa Qasımzadə,Tələt Əyyubov və başqalarının da böyük ədəbiyyata qovuşacaq yolları “Məmməd Cəfər Cəfərovun dərnəyindən” keçəcək.

Həmin vaxtların yaşadığı gərginliyi İsmayıl Şixlı sonralar xatırələrində belə təqdim edəcək: “Bizə ədəbiyyatımızın və dil tariximizin mahir biliciləri mühazirə oxumadılar, onları görmədik. Çünki onların çoxu «xalq düşməni» çıxmışdı. Bu gün mühazirə oxuyan müəllimin əvəzinə sabah başqası gəlirdi. Hiss edirdik ki, bir gün əvvəl dərs deyəni gecə aparıblar. Əvəzinə isə ali məktəbdə dərs verməyə hazır olmayan bir cavanı göndərirdilər. Əli Sultanlı qorxa-qorxa dərsə gəlirdi. Dəmirçizadə xeyli görünmədi, dedilər müəllimi professor Çobanzadəyə çörək apardığı üçün tutublar. İdris Həsənovun sifətini bircə dəfə gördük. Qorxurduq ki, o biri müəllimlərimizi də əlimizdən alalar…”.

İsmayıl Şıxlı belə məqamda ali təhsilini başa vurub kəndə qayıdanda isə artıq iki il idi ki, başlamış II Dünya Müharibəsi Almaniyanın SSRİ-yə hücumu ilə yeni fazaya, ölüm-dirim savaşına daxil oldu. Kənd müəllimi kimi ancaq bir illlikbrondan sonra, o, 1942-ci ildə müharibəyə çağırıldı. Qarşıda məhrumiyyətli və üzücü, nəfəsindən ölüm soyuqluğunun üşəndirdirdiyi uzun müharibə yolları onu bu yollardan keçirəcək: Şimali Qafqaz- Kerç- Pribaltika- Şərqi Prussiya. Ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində, Məmməd Cəfər Cəfərovun ədəbiyyat dərnəyində o, ədəbiyyatın bir nönrəli subyekti sayılan insan obrazının yaradılmasının texnikasını öyrənirdisə, müharibənin əzablı yollarında, soyuq səngərdə və qan gölməçəsinə dönmüş döyüş meydanlarında həmin insanın özünü gördü. Buna görə idi ki, II Dünya Müharibəsinin bitməsindən 3 ay sonra kəndə qayıdıb qısa müddətdə müəllimlik edən İsmayıl Şıxlı aspiranturada oxumaq üçün getdiyi Bakıda həmin insanların silsilə portretini yaratmaq üçün münasib fürsət də tapmış oldu. Onun “Cəbhə yolları”, “Konserv qutuları”,“Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan” və digər hekayələrində də məhz o fürsət zamanı müşahidə etdikləri insanlar təqdim olunurdu.

Bu hekayələrdə oxuculara təqdim olunan insanlar daha çox xarakter göstəriciləri ilə diqqəti çəkirdilər ki, gələcəkdə İsmayıl Şıxlının nəsrinin qiyməti daha çox həmin göstəricilərinə görə seçiləcəkdir.

Hər bir zamanın yaradıcılıq mühiti dövrün ictimai-siyasi hadisələri ilə birbaşa bağlıdır və totalitar sistemlər üçün bu, xüsusilə xarakterikdir.Ona görədir ki, otuz ilə yaxın bir müddətdə ancaq siyasi ab-havanı deyil, bütün sosial həyatı öz çərçivələri daxilində formalaşdıran “qəlib”in çat verməsi anında hiss edildi. Həmin “qəlib” üçün hətta milyonlarla insan ömrünü qurban vermiş stalinizmin memarı İosif Stalinin ölümündən sonra “çiynindən yük götürülmüş” cəmiyyətdəki kinetik enerji işə düşdü.

Belə bir zamanda İsmayıl Şıxlının “Azərbaycan” jurnalında çap etdirdiyi “Ayrılan yollar” romanı istər mövzu baxımından, istərsə də ideya nöqteyi- nəzərindən diqqətçəkən oldu. Əlbəttə, Böyük Vətən Müharibəsindən sonra cəmiyyətin quruculuq potensialını ifadə edən bu romanın mövzuzu onun yaxından bələd olduğu kənddə baş verən hadisədir. Hadisələrin kökündə duran prinsip “hər bir inkişaf əksiliklərin mübarizəsi”dir. Ziddiyyətlərin isə kökündə dayanan ideoloji baxışlar deyil, həmin baxışların meydana gətirdiyi metodologiyadır və oxucunun gözləri önündə canlanan mənzərədə əsərin iki qismə ayrılan qəhrəmanların qan-qadasız mübarizəsi əks olunur. Bunlar zamanın inkişaf yolundakı istiqamətlərin müəyyənləşməsidir. Bir tərəfdə İmran, Zeynəb, Nəsib kimi yenilik tətbiq etmək istəyənlər, digər yanda isə Kosaoğlu, Kazım, Musa, Şahnaz və digərləri dayanır ki, bu insanlar ən yaxşı yeniliyin unudulmuş köhnəlik olduğu qənaətindədirlər. Ümumiyyətlə isə onu demək olar ki, “Ayrılan yollar” romanı İsmayıl Şıxlının yaradıcılığında hadisə kimi qeydə alınsa da, Azərbaycan ədəbiyyatında hadisəyə çevrilə bilmədi. Əvəzində, 1962-ci ildə “Azərbaycan” jurnalının üç nömrəsində dalbadal olaraq çap edilən “Dəli Kür” romanı ədəbiyyatdakı sükutu pozdu, nəinki tənqidi, bütün oxucuları hərəkətə gətirdi. Söhbət ondan gedirdi ki, yazıçı böyük həmyerlisi və artıq əfsanəyə dönmüş Səməd Vurğunun poeziyada yaratdığı Gəray bəy obrazı ilə hansı məqamdasa birləşən Cahandar ağa surətini yaradır.

(ardı gələn sayımızda)

 

Mahirə Hüseynova

ADPU, Filologiya fakültəsinin dekanı,

filologiya üzrə elmlər doktoru, professor

Palitra 2019.- 6 noyabr.-  S.12.