Azərbaycan məhsullarının
Çinə ixracına dair ilkin razlaşma əldə
edilib
Azərbaycan
məhsulları II Çin Beynəlxalq İdxal Sərgisində
nümayiş olunur
Anar
Çin
Xalq Respublikasının Şanxay şəhərində II
Çin Beynəlxalq İdxal Sərgisi işə
başlayıb.
AZƏRTAC xəbər verir ki, 155 ölkə və regionun, 26 beynəlxalq təşkilatın qatıldığı sərgi idxal məhsullarının Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Sərgidə 62 ölkənin milli pavilyonu fəaliyyət göstərir. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə 3893 şirkət iştirak edir.
Sərginin açılış mərasimində
Fransa Prezidenti Emmanuel Makron,
Yunanıstanın Baş Naziri
Kiryakos Mitsotakis,
Serbiyanın Baş Naziri
Ana Brnabiç,
Yamaykanın Baş Naziri
Endrü Holnes və
digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.
Çin Xalq
Respublikasının Sədri Si Cinpin Şanxay sərgisinin
hökumətin daxili bazarın idxal məhsullarına daha
açıq olmasını təmin etmək istiqamətindəki
səylərinin bir hissəsi olduğunu deyib. Bildirib ki, Çin
xarici sərmayələrin və
idxalın artımına nail olmaq üçün
ölkədə biznes şəraitinin
inkişafı, iqtisadiyyatda daha sağlam rəqabət
mühitinin yaradılması istiqamətində
iş aparır.
Sərgidə Azərbaycandan Baş
Nazirin müavini, Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının həmsədri Şahin
Mustafayevin rəhbərliyi ilə nümayəndə
heyəti də iştirak edir.
Nümayəndə heyətinin tərkibinə
Azərbaycanın Çindəki səfiri Əkrəm
Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin
sədri Cavid Qurbanov,
Dövlət Turizm Agentliyinin
sədri Fuad Nağıyev, Kənd Təsərrüfatı
nazirinin müavini Elçin Zeynalov və digər
şəxslər daxildir.
Azərbaycan bu
il sərginin həm ölkələr, həm
də biznes bölməsində iki milli pavilyonla
təmsil olunur. Ölkələr bölməsindəki
136 kvadratmetrlik Azərbaycan pavilyonunda ölkəmizin iqtisadi
inkişafına, əlverişli biznes və
sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər
üçün monitorlarda
Azərbaycana aid videolara
baxmaq imkanı yaradılıb.
Biznes bölməsindəki 300 kvadratmetr
sahəsi olan Azərbaycan pavilyonunda
isə “Made in Azerbaijan” brendi ilə bazara çıxarılan rəqabətqabiliyyətli
və ixracyönümlü məhsullar, o cümlədən şərablar və spirtli içkilər, qənnadı məmulatları,
meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal
edən 26 şirkətimiz məhsullarını yerli idxalçılara təqdim edir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Çinə
ixracına dair danışıqlar
aparıb, ilkin razılaşmalar əldə
ediblər.
Baş Nazirin müavini
Şahin Mustafayev sərgi
çərçivəsində keçirilən
“Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit” mövzusunda əsas forumda
çıxış edərək, Çin
Xalq Respublikasının ötən 70 ildə
böyük uğurlar
qazandığını, 1978-ci ildə elan
olunan islahatlar və
açıqlıq siyasəti nəticəsində isə
onun ən sürətlə inkişaf edən ölkələrindən
birinə, dünyanın ən böyük
ikinci iqtisadiyyatına sahib
dövlətinə çevrildiyini deyib.
Baş Nazirin
müavini dost və tərəfdaş
ölkə kimi Azərbaycanın Çinin bu
uğurlarına sevindiyini bildirib,
ölkələrimiz arasında münasibətlərin
müxtəlif sahələrdə davamlı inkişaf
etdiyini deyib. ÇXR-nin Sədri Si Cinpinin irəli sürdüyü
“Bir kəmər, bir yol” təşəbbüsü iki
ölkənin əməkdaşlığı üçün
yeni imkanlar yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyev apreldə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edərək,
ölkəmizin sahib olduğu
iqtisadi potensialı ilə bu
strategiyanın həyata keçməsinə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.
Ş.Mustafayev ötən əsrin
sonunda müstəqilliyini bərpa edən
Azərbaycanın bazar iqtisadiyyatı yolunu tutduğunu, həyata
keçirilmiş islahatlar
nəticəsində ölkədə əlverişli biznes və sərmayə mühitinin,
makroiqtisadi sabitliyin təmin
olunduğunu deyib. Bildirib ki, hazırda özəl
sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 80 faizdən
çoxdur. Azərbaycan dünyanın
180-dən çox ölkəsi ilə ticari-iqtisadi münasibətlər qurub.
Son 15 ildə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişin
müşahidə olunduğunu diqqətə
çatdıran Baş Nazirin
müavini deyib ki, bu müddətdə
ÜDM 3 dəfədən çox, qeyri-neft sektoru 2,8 dəfə,
dövlət büdcəsinin gəlirləri 18 dəfə, valyuta ehtiyatları 28 dəfə
artıb. Müstəqillik illərində Azərbaycana 270 milyard dollar sərmayə
yatırılıb ki, onun
da təxminən yarısı xaricdən qoyulan investisiyadır. Qeyd
olunub ki, Azərbaycanın
sosial-iqtisadi sahədə
qazandığı uğurlar beynəlxalq
təşkilatların hesabatlarında da əksini
tapıb.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə heyətinin Özbəkistanın
Baş Nazirinin müavini Elyor Qəniyev,
habelə Çinin iri
şirkətlərinin rəhbər şəxsləri ilə
görüşlərində ikitərəfli əməkdaşlıq
məsələləri müzakirə olunub.
Palitra 2019.- 6 noyabr. - S.10