İsveç parlamentində Dağlıq Qarabağ
məsələsi qaldırılıb
İsveç parlamentində (Riksdaq) “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş “Parlament və onun üzvləri, dialoq və plüralizmin demokratiyada rolu” adlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahibə Qafarova çıxışı zaman Dağlıq Qarabağ məsələsini də qaldırıb. Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə və inkişafa maneə törətdiyini qeyd edib. S.Qafarova vurğulayıb ki, Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir, həm sözdə, həm də fəaliyyəti ilə sülh danışıqları prosesinə zərbə vuraraq müxtəlif təxribatlarla problemin tezliklə həllinə əngəl yaradır: “2013-cü ildə Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə "Şərq Tərəfdaşlığı"na daxil olan bir ölkənin proqramın digər iştirakçısının ərazisini işğal etməsinin layihənin təməl prinsiplərini və məqsədlərini pozduğu xüsusi qeyd olunur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsinin vacibliyi vurğulanır. Lakin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 84 nömrəli qətnamələrinə hələ də məhəl qoyulmur”.
Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri Naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupunun həmsədrləri Bratislavada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər. Slovakiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Qeyd edilir ki, görüş zamanı M.Layçak ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə birgə gərginliyin azaldılması və sülhün təyin edilməsinə xidmət edən mühitin dəstəklənməsi üzrə gələcək addımların müzakirəsini davam etdiklərindən məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Slovakiya, ATƏT-in sədri olaraq, bu məsələdə onlara kömək etməyə davam edəcək. Görüşdə həmçinin dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə edilib.
Regional təhlükəsizlik:
Ermənistanın pozucu fəaliyyəti və
Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının
imkanları
Cənubi Qafqazda təhlükəsizlik
sisteminin formalaşmasının müqəddəm
şərtləri, gedişi və
perspektivləri nüfuzlu politoloq
və iqtisadçıların, jurnalist və
analitiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrilib.
Müşahidələr göstərir ki,
bu məsələdə qeyri-müəyyən
məqamlar kifayət qədərdir. Onlar daha çox rəsmi
İrəvanın pozucu fəaliyyətindən
qaynaqlanır. “Newtimes.az” yazır ki, uğursuz xarici siyasət yürüdən Ermənistan
hakimiyyəti regionda qeyri-müəyyənliyi
artırır, müxtəlif təbiətli risklərin meydana gəlməsinə səbəb olur. Eyni zamanda,
İrəvan bunu Rusiyanın Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik
istiqamətində ciddi müsbət
addımlar atdığı bir mərhələdə
edir. Bu isə regionda geosiyasi mənzərənin
öz bütövlüyünü
itirməkdə olduğu anlamını verir. Bütün
bunların fonunda Cənubi Qafqazda
təhlükəsizlik sisteminin Azərbaycan-Türkiyə-Gürcüstan
əməkdaşlığı fonunda formalaşma perspektivlərinin geosiyasi
analizinə ehtiyac görürük.
Risk mənbəyi: Ermənistan mövqeyini dəyişmir
Maraqlıdır, Ermənistanda hələ də bu vassal ölkəni müstəqil dövlət sayanlar var. Onlar hətta bu ölkənin qlobal proseslərdəki “yeri və rolu”ndan belə bəhs etməyə çalışırlar. Bunun üçün erməni ekspertlərin bir tutarlı arqumenti belə yoxdur. Əvəzində, antiazərbaycan ruhunda quraşdırılmış və əksər hallarda gülüş obyektinə çevrilən uydurmalardan danışırlar. Buna baxmayaraq, Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılması kontekstində Ermənistan amilini nəzərə almaq lazımdır. Bunun iki aspektdə mənası vardır. Əvvəla, Ermənistan Rusiyanın forpostu olaraq nə dərəcədə regional miqyasda təxribat törədə bilər? İkincisi, Ermənistan terroru dəstəkləyən dövlət kimi regional təhlükəsizlik sisteminə hansı dərəcədə təhdid yaradır? Bu iki sualın prizmasından Ermənistan rəhbərliyinin yeritdiyi səbatsız və qeyri-konstruktiv xarici siyasətə nəzər salsaq, rəsmi İrəvanın regionun təhlükəsizliyi üçün qara ləkə olduğunu görürük.
Birinci aspektdən
başlayaq. Ermənistan daim Rusiyadan
şikayət edir.
Rusiyanın yaratdığı
bütün inteqrativ təşkilatlarda təmsil
olunan Ermənistandır:
MDB, Aİİ, KTMT. Bundan başqa, bu
ölkənin iqtisadi sistemi, enerji sektoru çox böyük ölçüdə
Moskvanın nəzarəti
altındadır. Bu yaxınlarda Nikol Paşinyan demişdi ki, KTMT Ermənistan üçün strateji əhəmiyyət kəsb
edir. Yəni rəsmi İrəvan
sözdə bütün
təhlükəsizlik strategiyasını
Rusiya ilə bağlayır.
Ancaq məsələ ondan ibarətdir ki, erməni ekspertlər və KİV orqanları gecə-gündüz qırıldadırlar
ki, Rusiya Azərbaycana dəstək
olur, onu müdafiə edir, qoruyur, əks halda, "şanlı"
erməni ordusu Bakıda olardı. Hətta, sən demə, Azərbaycan 2016-cı ilin
aprelində birbaşa
Rusiyanın dəstəyi
ilə erməni ordusuna hücum edibmiş. Təsəvvür
edin: Rusiya öz forpostuna Azərbaycanla birgə hücum edib, ancaq "qəhrəman"
erməni işğalçı
ordusu güclü müqavimət göstərib!
Həqiqət isə ondan
ibarətdir ki, erməni rəhbərliyi dərhal Moskvaya qaçdı və yalvardı ki, Azərbaycan Ordusunun hücumunu dayandırsınlar.
Kreml də lazımi yardımı ermənilərə
göstərdi.
Bundan başqa,
Ermənistan rəhbərliyi
özü dəfələrlə
Rusiyanın yaratdığı
təşkilatlarda təmsil
olunduğunu bəyan edir, lakin yenə
də Moskvanın Azərbaycana yardım etməsindən dəm vurur. Özü də Ermənistan
əleyhinə fəaliyyətdə
Moskva-Bakı birliyindən
danışır. Burası çox
paradoksal olduğu qədər də primitivdir. Çünki regiondakı vəziyyəti
az-çox anlayanlar gözəl bilirlər ki, Ermənistanın bütün sosial, siyasi, hərbi, strateji mövcudluğu Rusiya ilə bağlıdır. Moskva bir
gün belə əlini çəksə,
ermənilər qorxularından
ölərlər.
Onda bəs,
rəsmi İrəvanın
bu hay-küyü nə üçündür? Aydındır:
reallığı ört-basdır
etmək, Ermənistanın
müstəqil dövlət
olduğuna sadəlövhləri
inandırmaq və həm də Qərbin gözünə
kül üfürmək.
Bir sözlə, çox saxta, süni bir oyun aparmağa
çalışılır. Məhz bu məqam regional təhlükəsizlik sisteminin
formalaşması qarşısında
ən ciddi əngəllərdən biridir.
Onun səbəbləri sırasında
yuxarıda vurğuladığımız
ikinci faktor vardır.
Bəli, Ermənistan uzun illərdir ki, dövlət səviyyəsində
terrora dəstək verir, onun qaynaqlarından
biridir. Təcrübə
göstərir ki, Ermənistan "müstəqilliyi"
dövründə ondan-bundan
yardım dilənməkdən
və terror aktlarını
təşkil etməkdən
başqa bir iş görə bilmir. Məsələn, Ermənistan regional miqyasda hansı mədəni, elmi, siyasi və ya iqtisadi proqramın
təşəbbüskarıdır?
Ermənistan ekspert dairələrinin
“analizləri”nə baxsan,
orada birini qınama, o birisindən küsmə, digərini isə tərifləmədən
başqa bir şeyə rast gəlməzsən. Tam arqumentsizlik və tam iftira. Bunun fonunda Rusiya
ilə Türkiyə və Azərbaycanın arasını vurmaq, Azərbaycanla Gürcüstan
arasında problem yaratmaq,
Azərbaycan-İran münasibətlərini
ləkələmək kimi
mənfur işlərlə
məşğuldurlar.
Regionun geosiyasi konfiqurasiyası: perspektivli model
Belə bir ideoloji, mənəvi və təbliğati mənzərəsi olan bir ölkədə terror hər zaman özünə yuva sala bilər. Ermənistan regionun terror qaynağı olaraq qalmaqda davam edir. Onun dəyişmək fikri yoxdur. Bunun fonunda Cənubi Qafqazda təhlükəsizlik sistemi necə formalaşa bilər?
Yaxşı ki, regionda bu prosesi apara biləcək dövlətlər var. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və qismən İrandır. Hazırda Cənubi Qafqazın təhlükəsizliyinə ən çox töhfə verən ölkələr Azərbaycan, Türkiyə və Gürcüstandır. Moskva indi bu prosesdə müsbət rol oynayır və əhəmiyyətli dərəcədə sabitliyin qorunub saxlanmasına töhfə verir. Azərbaycan, Türkiyə və Gürcüstan isə konkret model üzrə hərəkət edirlər. Bu prosesin bir sıra vacib məqamlarını vurğulamaq olar. Hər şeydən öncə, bu üç dövlət Cənubi Qafqazda regional əməkdaşlığın inkişafında maraqlı olub beynəlxalq hüququn imkan verdiyi çərçivədə müxtəlif layihələrin reallaşdırılmasında fəal əməkdaşlıq edir. Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda beynəlxalq layihələrin həyata keçirilməsində dayanıqlı surətdə fəaliyyət göstərə bilirlər. Bu stabillik onu deməyə əsas verir ki, həmin ölkələrin regional əməkdaşlıqla bağlı təsəvvürləri üst-üstə düşür. Şübhəsiz ki, belə bir geoiqtisadi maraq ortaqlığı geosiyasi və təhlükəsizlik müstəvilərində də bu dövlətlərin real əməkdaşlığına imkanlar yaradır.
Həmin aspektdə Azərbaycan, Türkiyə və Gürcüstanın mürəkkəb geosiyasi şəraitdə belə təhlükəsizlik sahəsində əməkdaşlığı maraq doğurur. Onlar konkret proqramlar üzrə təlimlər keçirir, bu zaman enerji dəhlizlərinin təhlükəsizliyinin təmini ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirirlər. Bu ilin sentyabrında bu çərçivədə xüsusi təyinatlıların keçirdikləri təlim ekspertlərin diqqətini çox çəkmişdi.
Bunlardan başqa, Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirləri mütəmadi olaraq görüşürlər. Bu görüşlərdə ciddi müzakirələr aparılır və əməkdaşlıq genişlənir. Aydın görünür ki, tərəflər səmərəli və konkret nəticə verən əməkdaşlıq edə bilirlər.
Nəhayət, Azərbaycan, Türkiyə və Gürcüstan terrorla mübarizədə də ortaq fəaliyyət göstərə bilirlər. Təcrübə göstərir ki, onlar ancaq NATO-nun həyata keçirdiyi proqramlar çərçivəsində deyil, özləri müstəqil olaraq terrorla mübarizəni apara bilərlər. Məsələnin bu tərəfi çox önəmlidir. Çünki sirr deyil ki, regionda terror dalğası yaratmaq arzusunda olan qüvvələr vardır.
Bunlar Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqazda təhlükəsizlik sisteminin yaradılmasının aparıcı dövlətləri olduğunu təsdiq edir. İndiki mərhələdə Ermənistandan başqa regionda destruktiv mövqe tutan ölkə yoxdur. Maraqlıdır ki, Rusiyanın regional əməkdaşlıq və sabitliyə ciddi töhfələr verdiyi bir mərhələdə də Ermənistan konstruktiv addım atmaq istəmir. Bununla o, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi olduğunu təsdiqləyir. Ermənilər qonşularına qarşı ərazi iddialarından, görünür, əl çəkmək istəmirlər. Belə bir şəraitdə çətin ki, Moskva axıra qədər onu müdafiə etsin. Artıq bunun bir sıra əlamətləri özünü göstərir. Deməli, istisna deyil ki, yaxın perspektivdə Cənubi Qafqazın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya daha sistemli, davamlı ortaq fəaliyyət göstərsinlər.
Ancaq burada Gürcüstan-Rusiya münasibətlərindəki müəyyən anlaşılmazlığı və münaqişələrin ədalətli həlli məsələsini nəzərə almaq gərəkdir. Qərb də Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşmasına açıq və ya gizli mane olur. Bu maneə dəf edilsə, Cənubi Qafqazın təhlükəsizlik sisteminin daha intensiv formalaşmasını müşahidə etmək mümkün olacaq.
Münaqişələrin ədalətli həlli isə strateji əhəmiyyətli məsələdir. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsə, konkret təhlükəsizlik modelindən danışmaq ciddi deyil. Bu baxımdan Rusiyanın necə hərəkət edəcəyindən çox şey asılıdır. Bizcə, indiki mərhələdə Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşması qarşısındakı ən böyük maneə Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmamasıdır. Hələlik Ermənistan pozucu fəaliyyətini davam etdirir. Və deməli, region hələ də təhlükədədir, müxtəlif təbiətli risklər isə artmaqdadır.
Nigar Abdullayeva
Palitra 2019.- 8 noyabr.- S.11.