“Türkiyə qəzetlərində
və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
Bəturə Məhəmmədova:
“İspartada işlədiyim 21 il ərzində öyrətdiyimiz tələbələrin
çoxu indi dosent və professordur”
Bu gün
xaricdə azərbaycanlılardan ibarət böyük
bir ziyalı elitası formalaşıb. Onlar yaşadıqları ölkələrdə
öz sahələrində ölkəmizi
ziyalı olaraq təmsil edirlər. Elə
müsahibimiz də Türkiyənin Süleyman Dəmirəl Universitetində
çalışan ziyalımız Bəturə Məhəmmədovadır.
Qeyd edək ki, Bəturə
Məhəmmədova 1949-cu ildə Bərdə şəhərində
anadan olub. 1966-cı
ildə Bərdə şəhərindəki rus
məktəbini gümüş medalla bitirib. Elə həmin il Xarici Dillər İnstitutuna
daxil olub. 1970-ci ildə
Rus- ingilis bölümünü Qırmızı diplomla bitirib və həmin
institutda işə başlayıb. 1970-ci
ildən 1992-ci ilə qədər müxtəlif fənlər
tədris edib, İngilis
dili kafedrasında işləyib. 1990-cı
ildə filologiya üzrə dissertasiya işi
müdafiə edib.
- Türkiyədə
fəaliyyət göstərmənizə nə səbəb oldu?
-1990-cı ildə, o zaman Türkiyədə 19 Mayıs Universiteti rektoru olan Mehmet Sağlam, bir neçə Azərbaycan ziyalısını universitetinə dəvət etdi. Onların arasında mən və həyat yoldaşım Yunus Məhmədli də var idi. Bizi çox yüksək səviyyədə qarşıladı. Söhbət əsnasında ingilis dili müəlliminə çox ehtiyac olduğunu və orada bir il işləyə biləcəyimi söylədi. Türkiyə çox sevdiyimiz bir ölkə idi və biz bu təklifə çox sevindik. Mən İngilis dili bölümündə, yoldaşım da Türk dili və ədəbiyyatı şöbəsində işləməyə başladıq. İlin sonunda, bizdən daha bir il də işləməmizi istədilər. Beləcə, 27 ildir ki, Türkiyədə çalışıram.
Lakin bunu
qeyd etmək istəyirəm ki, 1998-ci ildən bəri Türkiyənin gül diyarı İsparta
şəhərində, Süleyman Dəmirəl
Universitetində Ədəbiyyat fakültəsinin İngilis Dili və Ədəbiyyatı
bölümündə dosent olaraq çalışıram.
- İspartada
azərbaycanlılardan ibarət ziyalı elitası nə dərəcədə
formalaşıb?
-Türkiyədə 203 universitet və akademiya var, bunlardan 130-u dövlət universiteti və 73-ü xüsusi universitetdir. Nəticədə yeni qurulan universitetlərdə dosent və professorlara maksimum ehtiyac var. Məmləkətimizin iqtisadi vəziyyətini göz qarşısında bulundurduğumuz zaman, oradakı alimlərin Türkiyə başda olmaq üzrə, digər ölkələrə getmək arzularını anlamaq çətin deyil. Bəziləri Türkiyədəki tanışlar vasitəsilə, bəziləri isə Azərbaycanın Təhsil Nazirliyinə bərabər olan Yüksək Öyrətim Kabinetinə (YÖK) baş vururaq, Türkiyəyə gəlirlər. Azərbaycan alimləri yalnız İspartada deyil, Türkiyənin bir çox universitetində fərqli sahələrdə çalışırlar. İsparta Süleyman Dəmirəl Universitetində səkkiz azərbaycanlı professor çalışır. Onların əksəriyyəti riyaziyyatçılardır, ikisi İngilis dili və ədəbiyyatı üzrə mütəxəssislərdir. İki professordan başqa, digərləri Türkiyə vətəndaşlığını əldə etdilər. İspartada işlədiyim 21 il ərzində öyrətdiyimiz tələbələrin çoxu indi dosent və professorlardır. Türkiyədə qəzetlərdə və xəbərlərdə Azərbaycan alimləri, xüsusilə riyaziyyat, musiqi və rəssamlıqla məşğul olanlar təriflənir.
Bir tərəfdən Azərbaycan alimlərinin belə yüksək keyfiyyətə sahib olması sevindirici və qürurverici haldır. Ancaq digər tərəfdən, arzu edərdim ki, kaş elmdə bu qədər müvəffəq olan insanlar vətənlərində olsaydılar, Azərbaycan gənclərinin təhsilinə xidmət edərdilər.
Türkiyədə, həqiqətən,
xoşbəxt və rahat bir
həyatımız var. Ancaq Zeki
Müren mahnısında söylədiyi kimi “Ben gürbette
değilim, gürbet benim içimde.” Kaş ki, hər kəs öz vətənində yaşasaydı…
Amerikalı qadın yazıçı Sonia
Sanchez “Məktub” əsərində Afrika əsilli amerikalıların Afrikaya qayıtmasını istəyir. O
yazır: “Biz afrikalılar ölkəmizə
qayıtmalı və orada ölməliyik.
Sümüklərimiz öz
torpağımızı gübrələməlidir”.
- Ümumiyyətlə,
hər hansı ölkənin xaricdə təbliğində
ziyalıların, elm adamlarının nə
kimi özəl rolu var?
- Bu ölkədə, təhsil
baxımından, Azərbaycanın çox
yüksək bir səviyyədə olduğu görülür.
1996-2004 illər arasında Süleyman Dəmirəl
Universitetinin rektoru M. Lütfü Çakmakçi,
bir neçə dəfə Azərbaycana getdi, qayıdanda bizimlə
paylaşdığı təəssüratları heç vaxt unutmayacağam. Azərbaycanın biliyə və
mədəniyyətə olan
marağına valeh olduğunu,
Bakı şəhərinin açıq hava
muzeyi kimi olduğunu bildirdi. "Mənfi
bir şey gördünüzmü?"- deyə soruşduqda, "onlardan dərs
alacağıq, gözəllikləri görmüşəm"
cavabını verdi.
- Süleyman
Dəmirəl Universitetində azərbaycanlı tələbələrin
aktivliyi varmı?
-Türkiyədə oxuyan xarici tələbələrin sıralamasında, azərbaycanlı tələbələr suriyalılardan sonra gəlir. Bununla birlikdə, Süleyman Dəmirəl Universitetində Azərbaycandan olan tələbələr birinci yerdə (155 oölan, 33 qız tələbəmiz var) durur. Bu tələbələrdən başqa, tibb mütəxəssisliyi qazandıqdan sonra, tibb sahəsində və diş həkimi olaraq işləyən bir çox Azərbaycan vətandaşı olanlar da var. Süleyman Dəmirəl Universitetində Milli Tələbə Birliyi adlı bir təşkilat var. Azərbaycanlı tələbələr həm orada, həm də ayrıca özləri də bir çox vacib fəaliyyətdə iştirak edirlər.
- Azərbaycanla
bağlı orada hər hansı tədbir
keçirilirmi?
-Azərbaycanlı tələbələr hər
il, Novruz
bayramımızı, Xocalı qətliamının ildönümünü, Azərbaycanın
Müstəqillik Gününü, Yeni ili qeyd
edirlər. Hər il Xocalı qətliamının
ildönümü ilə əlaqədar plakatlar və konfranslar
hazırlayırlar. Qeyd edim
ki, İspartada Xocalı
və şəhidlər parkı var. Eyni zamanda, çox
olmasa da, bəzən
Azərbaycandan xüsusi qonaqlar
olur. Bunlardan ən
yaddaqalanı millət vəkili Qənirə Paşayevanın
İspartaya və universitetimizə səfəri
idi. Türk həmkarlarım
qadın deputatımıza heyran oldular. Onu da
əlavə edim ki, Azərbaycanın
Türkiyədəki səfirliyinin təhsil məsləhətçiləri
də universitetimizə baş çəkirlər.
- Azərbaycanlı
tələbələrə nə kimi dəstək
göstərirsiz?
-Əvvəla bunu
söyləyim ki, Türkiyə hökuməti
maddi ehtiyacı olan tələbələrə
nəqliyyat pulu, tələbə kafesində
pulsuz yemək verir.
Əlbəttə, burada işləyən
azərbaycanlı müəllimlər də lazım olduqda kömək edirlər. Saatlıdan
gələn Ahıska türkləri də burada
təhsil alırlar. Onların daha çox üstünlükləri var. Ancaq azərbaycanlılara
çox yaxındırlar. Mütləq Növruz bayramında bir araya gəlirlər. Bəzi azərbaycanlı
tələbələr Türkiyə vətəndaşları
ilə evlənəndə onları tək qoymuram,
sevinclərini bölüşürəm. 2017-ci ildə Azərbaycan
Milli Məclisinin deputatı Tahir Mirkişili və Azərbaycan
Dövlət İqtisad Universitetinin
(UNEC) rektoru, professor
Ədalət Muradov Süleyman
Dəmirəl Universitetinə gəldiklərində, Azərbaycandan
olan tələbələr də dəvət
edildilər. Eyni zamanda,
Azərbaycan Dövlət İqtisad Universiteti ilə Süleyman
Dəmirəl Universiteti arasında əməkdaşlıq
müqaviləsi mövcuddur.
- Yəqin ki, elmi işinizi də davam etdirirsiz...
-Akademik fəaliyyətim həyatımın əsas hissəsidir. Ancaq ilk növbədə artıq həyatda olmayan universitet müəllimlərimi xatırlatmaq istərdim. Onlar elə bir miras qoymuşdular ki, həmişə yanımda olacaqlar. Onların nə qədər mükəmməl olduqlarını yalnız Türkiyədə anladım. Burada məndən soruşurdular ki, harada belə yaxşı İngilis dilini öyrəndim. Mən hər zaman qürur hissilə “Öz ölkəmdə, Azərbaycanda öyrəndim” deyirəm. Xüsusilə ən sevdiyim mərhum müəllimim İsmixan Rəhimovu qeyd etmək istərdim. Ölkəmdə olanda həmişə minnətdarlığımı bildirərək onun yanına gedərdim. Onun sayəsində ədəbiyyat mənim ən sevdiyim sahə oldu. Elm, tədqiqat o qədər cəlbedicidir, zənginləşdiricidir ki…
Türkiyədə qurultay və konfranslarda iştirak etmək üçün indi daha çox imkanlarım var, çünki o vaxt uşaqlar kiçik idi və Bakıdan çıxmaq çətin idi. Türkiyədə bir çox konqreslərdə iştirak etmişəm, bir sıra nəşrlərim və bir stilistikaya dair bir kitabım var. Araşdırma və öyrənməyə olan sevgimi heç itirməmişəm. Eyni zamanda, ədəbiyyat öyrətməkdən zövq alıram.
Məndən Bakının nəyi üçün darıxdığımı soruşsanız, teatrımızı, konsertlərimizi, sənət və ədəbiyyatla bağlı verilişləri deyərdim. Şübhəsiz ki, Xəzər dənizini, bulvarımızı, rəfiqələrimi, ədəbi jurnal olan “Azərbaycan”ı xatırlayıram. Yeganə kədərim, qəmim QARABAĞDIR. Bu problemin yanında bütün problemlər çox kiçik görünür.
Fuad Hüseynzadə
Palitra 2019.- 8 noyabr.- S.7.