“Narçılıq mədəniyyəti”ni
yaşadan Göyçay
“Nar festivalı” günü
yeni zavod və “Nar” hoteli istifadəyə verildi
Artıq neçə ildir ki, göyçaylılar öz ənənələrinə sadiq qalaraq şəhərdə Göyçayın rəmzinə çevrilmiş nar meyvəsinə həsr olunmuş festival keçirirlər. Fermer və şəxsi təsərrüfat sahiblərinin ilbəil bu festivala olan marağı artmaqla yanaşı, şəhərin mərkəzində təşkil olunan bu bayram tədbirinə insanların axını da çoxalır. Bu il isə nar festivalı daha fərqli və daha çox qələbiliklə diqqət çəkdi. Göyçay Şəhər İcra Hakimiyyətinin və “AzNar” şirkətinin təşkilatçılığı ilə təşkil olunan XIV Nar festivalına olan maraq nəinki ətraf rayon və şəhərlərdən, eləcə də demək olar ki, Azərbaycanın əksər bölgələrindən gələn qonaqların çoxluğundan da görünürdü. Müşahidələrim əsasında deyə bilərəm ki, 30 mindən çox iştirakçının qatıldığı bu təntənəli bayramda Dövlət Bayrağı Günü və XIV Nar festivalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə yerli və xarici qonaqların, ümumən hər kəsin böyük marağına səbəb oldu.
Bakıdan Göyçaya yola düşməzdən öncə “Gənclik” metrosunun qarşısında əvvəlki günlərdən fərqli olaraq daha çox iritutumlu avtobus və digər 15-20 nəfərlik nəqliyyat vasitələrinin olması diqqətimizi çəkdi. Bir neçə sürücü ilə söhbət əsnasında bəlli oldu ki, rayonlara turlar təşkil edən ayrı-ayrı şirkətlərə məxsus olan bu avtobusların böyük əksəriyyəti həmin gün məhz Göyçaya yola düşməyə hazırlaşırlar. Səbəb isə bəllidir-sözügedən şəhərdə ildə bir dəfə təşkil edilən nar bayramı olacaq. Göyçaya çatanda isə burada nəinki yerli turpaketlər əsasında şəhərə, bu möhtəşəm festivalı izləməyə gələnləri gördük, hətta İran və Rusiyadan da bir neçə turistin məhz bu bayrama görə Göyçaya gəlməsinin şahidi olduq.
Göyçayın mərkəzində xüsusi stendlər və ayrı-ayrı şirkətlərin məhsullarının nümayişi ilə qurulmuş bayram bazarında şirkət və zavod-fabrik nümayəndələri öz məhsulları haqqında festival iştirakçılarına ağız dolusu danışırdılar. Festivalda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri ilə yanaşı, yerli və xarici iş adamları da aktiv şəkildə iştirak edirdilər. Azərbaycanın şəhər və rayonlarından olan çoxsaylı qonaqlar isə daha çox buradakı bayram tədbirlərinə tamaşa etməyə, nar və nar məhsullarını izləməklə yanaşı, almağa gəlmişdilər.
Yüksək səviyyədə olan təşkilatçılıq festival iştirakçılarında məmnunluq
yaradırdı
Səhər saatlarında Göyçaya çatanda rayon rəhbərliyinin və qonaqların bayramsayağı bəzədilən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etdiyinin, önünə çiçəklər düzərək öz ehtiramının bildirdiyinin şahidi olduq. Bu xüsusi mərasimdən sonra festival iştirakçıları parkdakı bayraq meydanına axışaraq fermerlərin gözoxşayan və bir-birindən fərqli olan məhsullarını izlədilər. Təbii ki, nar və nar məhsulları alan qonaqlar da xeyli sayda idi. Həmçinin şəhər sakinləri və qonaqlar parkda şən mahnıları, milli geyimli rəqqasların çıxışlarını maraqla izləyirdilər.
Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları və digər iştirakçıları salamlayaraq, Göyçayda bu gün bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilən Nar festivalının keçirildiyini söyləyərək, əlamətdar günlər münasibətilə hər kəsi təbrik etdi. O vurğuladı ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla reallaşdırılır.
Qeyd edək ki, hazırda rayonda 3627 hektar nar bağı var ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda, əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.
Turistlərin nardança, nar şərabı, nar şirəsi,
“narşərab”, nar mürəbbəsinə
olan marağı ilbəil artır
Qonaqların yerli sakinlər tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisinə olan marağı isə xüsusi olaraq diqqətimizi çəkdi. Sərgi masalarında onlara nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, “narşərab”, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim olunurdu. Xeyli sayda fermerin öz məhsulunu, xüsusi nar növlərini və onlardan hazırladığı fərqli və qeyri-adi nar məhsulları haqqında xarici turist və Azərbaycanın müxtəlif bölgələrindən gələnlərə ətraflı məlumat verməsi sonda uğurlu bazarlıqla nəticələnirdi...
70-ə yaxın nar növünün əkildiyi Göyçayda
təşkil edilmiş festivaldakı
stendlər də diqqət çəkirdi. Xüsusi
bəzədilmiş bir stendə
yaxınlaşdıq və dənəsi 1 kilo
200 qrama yaxın olan narlarla maraqlandıq. Satıcı dedi ki, bu
xüsusi növ
nardır. Bəzən xarici qonaqların
belə narlara baxıb yerli,
orqanik olmayan nar olmadığını düşünməsindən
də gileyləndi: “Soruşursunuz ki, müştəriniz çoxdurmu?
Əlbəttə, festival günüdür
deyə maraqlanan, sual
verən və belə qeyri-adi məhsul ilə
şəkil çəkdirən çox olur. Amma deyəndə ki, alıb dadına baxın, yerli
sakinlərdən fərqli olaraq əcnəbilərin
ilk sualı bu olur ki, “bu
GMO-dur?” Təzədən izah
edirəm ki, əzizim, gözəl insan, GMO məhsullu nar bizim ölkədə yoxdur.
Onun geninin dəyişdirilib
Göyçayda əkilməsinə də
heç ehtiyac olmayacaq. Zatən buraların torpağı çox fərqlidir, sanki nar üçün xüsusi torpaqlar bu zonada formalaşıb. Bir rusdilli turist
də eyni şübhə ilə yanaşsa da, ona Qəbələdə də yemiş boyda yerli armud və alma sortlarının olduğunu
izah etdim. Yəni deməyim
odur ki, bir meyvənin fərqli görünüşdə
yüz növü ola bilər. Narın iri
olması onun geninin dəyişdirilməsi
anlamına gəlməməlidir”.
Səfirlərin festivaldan öncə,
festival günü və
ilboyu nara
olan marağı...
Parkın içərilərinə doğru irəlilədikcə narla
yanaşı, xeyli sayda
bir-birindən fərqli nar məhsulları
satan şirkət nümayəndələrini
də müşahidə etdik. Bir fermer isə xüsusi diqqətimizi çəkdi. Onun hamıdan fərqli bir
neçə növ nar
və nar məhsulunu nümayiş
etdirməsinə görə masasına olan
maraq da çox idi: “Adım Sadiqdir, narçılıqla uzun
illərdir ki, məşğulam. Atamdan qalan nar
bağını genişləndirmişik. Atama
da onun atasından qalan bu bağlarda
bir neçə nar
növləri əkirik. Masada da gördüyünüz
el arasında şirin
nar, ağ nar deyilən və digər müxtəlif adda olan nar
növlərinin ən irilərini də yetişdiririk.
Nə bilim, meyvə Allahın ruzisidir, ağır kənd həyatında yetişdirilib qulluqla bəslənən
belə ağacların barları, məhsullarıdır ki, sonda üzümüzü
güldürür. Allah
bərəkət versin, festivalı təşkil
edənlərə də təşəkkür edirik ki, öz
əməyimizin nəticələrini xalqa
nümayiş etdirib
Göyçayın necə gözəl nemətlərə sahib olduğunu göstəririk”.
Fermer deyir ki, hər il xeyli sayda
xüsusi müştəriləri olur ki, nəinki festivala gələndə onu
axtarır, məhsullarını alır, eləcə də birbaşa evinə də gələrək nar və nar məhsullarını
sifariş edirlər. Ötən il bir neçə səfirlik
nümayəndəsi məndən xüsusi
sortlardan olan şirin və dekorativ görüntülü fərqli iri narlar
almışdı. Əsasən MDB ölkələrindən olan rəsmilər idi. Sonra qışda da səfirlik
nömrəsi ilə olan avtomobillərini,
sürücülərini kəndimizə göndərərək
qışa saxladığımız narlardan
bir neçə yeşik
aldılar. Bəyənməsəydilər əlaqə vasitələrini
götürməzdilər, hətta hər il
nar məhsullarını da
sifariş etməzdilər. Qəribə
görünsə də “narşərab” və
nardançanı daha çox
əcnəbilər alırlar. Deməyim odur
ki, Allahın bizə bəxş etdiyi bu meyvə əcnəbiləri,
səfirləri belə valeh edir. Alma, armud,
gilas, nə bilim
şaftalı belə, az qala
hər ölkədə bütün iqlim şərtləri altında əkilə bilir. Amma nar,
xüsusən də Göyçay
narı hər ölkədə, hər torpaqda
bitmir, dadı bizdəki kimi
olmur... Amma təəssüf
ki, qiyməti hələ də yüksək
deyil”.
“AzNar”ın yubileyi bayrama xüsusi ovqat qatdı
Fərdi təsərrüfat sahibləri və fermerlərin nar və nar məhsulları ilə yanaşı, bu il yubileyini qeyd edən “AzNar”ın da məhsulları festivala xüsusi gözəllik qatmışdı. Qeyd edək ki, tədbir çərçivəsində “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirildi. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verildi və “Nar” hotelinin də açılışı oldu. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edirdilər. “AzNar” şirkəti, eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil etdi və qaliblərə pul mükafatı verildi. Maraq üçün qeyd edək ki, birinci yerə 3000, ikinci yerə 1000, yarışda finala çıxan, amma qalib olmayan hər kəsə isə, yəni 3-cü yerə layiq görülənlərə 500 manat pul mükafatı verildi. Təltif olunanlar təşkilatçılara öz təşəkkürünü bildirdilər. Qeyd edək ki, növbəti ildə də Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcək.
Sonda qeyd edək ki, Göyçayda 14-cü dəfədir ki, təşkil edilən nar bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bunu müşahidələrimizə əsaslanıb deyirik... İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığın bir nümunəsidir. Göyçay bir daha sübut etdi ki, Azərbaycan, tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır...
Tural Tağıyev
Bakı-Göyçay-Bakı
Palitra 2019.- 13 noyabr.- S.10.