Odessada Nəsiminin 650 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib
Diasporla
İş üzrə Dövlət Komitəsinin nümayəndə
heyəti Ukraynanın Odessa şəhərinə səfər
edib. Nümayəndə heyətinin Odessada ilk
görüşü şəhər meriyasında
keçirilib. Görüşdə mer müavini Pavel Vuqelman,
şəhər şurasının beynəlxalq əməkdaşlıq
və marketinq departamentinin direktoru Aleksandra Oleynikova,
sözügedən departamentin direktor müavini Oksana
Çernova, Diasporla İş üzrə Dövlət Komitəsinin
aparat rəhbəri Daşqın Rəcəbli, şöbə
müdiri Ruslan Quliyev, “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna nümayəndəliyinin
rəhbəri Natiq Nağıyev, diaspor təşkilatlarının
rəhbərləri və üzvləri iştirak ediblər.
Pavel
Vuqelman azərbaycanlı qonaqları salamlayaraq, onları
Odessada görməkdən məmnun olduğunu bildirib.
Danışıqlar zamanı Azərbaycan diasporunun şəhərin
həyatındakı rolu və əməkdaşlığın
gələcək yolları üzrə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
müzakirə olunub. Bu zaman əsas mövzularından biri
Odessada Azərbaycan parkının salınması olub. Qonaqlara
bildirilib ki, parkın salınması üçün ərazi
ayrılıb və dizaynı ilə bağlı məsələlər
razılaşdırılıb.
Komitə nümayəndələri səmimi qəbul üçün təşəkkür edib. Bildirilib ki, mədəni-məişət obyektinə malik parkın salınması azərbaycanlı icmanın bir araya gəlməsi, mütəşəkkil şəkildə fəaliyyət göstərməsi, milli bayramların, əlamətdar günlərin birgə keçirilməsi baxımından çox əhəmiyyətlidir.
Görüşün sonunda meriyaya xatirə hədiyyəsi və Qarabağ haqqında kitab təqdim edilib.
Yeri gəlmişkən, Odessa şəhərində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ukrayna Azərbaycanlıları Gənclər Məclisinin (UAGM) təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Ukraynadakı səfirliyinin, müxtəlif icmaların təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının yerli rəhbərləri və fəalları iştirak ediblər.
Tədbirdə UAGM sədri, "Ukraynanın səsi" müsabiqəsinin laureatı Vaqif Nağıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və başqaları çıxış ediblər. Natiqlər bildiriblər ki, Azərbaycan klassik ədəbiyyatının dahi şəxsiyyətlərinə həsr olunan tədbirlərin keçirilməsi həm gənclərin bir araya gəlməsi, təşkilatlanması, mütəşəkkil fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət daşıyır, həm də onların mədəniyyətimizə daha yaxından bələd olmasına imkan yaradır. Çıxış edənlər İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edərək, dahi şairin Azərbaycan poeziyasındakı rolundan, ədəbiyyatımıza bəxş etdiyi zəngin irsindən danışıblar.
Sonda milli musiqimizin sədaları altında "Nəsimi" bədii filmindən fraqmentlər təqdim olunub.
Fuad Hüseynzadə
Palitra
2019.- 15 noyabr.- S.7.