UNESKO-nun Baş Konfransında
erməni yalanları ifşa olunub
UNESKO-nun Baş Konfransının 40-cı sessiyasında ümumi siyasi debatlar zamanı çıxış edən Ermənistan təhsil və elm naziri Arayik Harutyunyan təxribata əl atıb. O, Dağlıq Qarabağ “xalqı”nın öz təhsil hüququndan istifadə edə bilməməsi və mədəni irs abidələrinin qorunması mövzusuna toxunaraq, Naxçıvanda “erməni qəbirlərinin dağıdılması” kimi yanlış fikirlər söyləyib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi cavab hüququndan istifadə edib. Müşavir Ayaz Qocayev nümayəndə heyətimizin bəyanatını həmin debatda səsləndirib.
Bəyanatda ölkəmizin ərazisinin 20 faizinin erməni qoşunları tərəfindən işğal olunduğu və bu işğalın uzun illərdir davam etdiyi bildirilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Ermənistan torpaqlarımızı hələ də işğal altında saxlayır. Bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bəyanatda vurğulanıb ki, Dağlıq Qarabağ “xalqı” yoxdur, Dağlıq Qarabağın uzun zaman sülh və harmoniyada yaşamış azərbaycanlı və erməni icmaları var. Ermənistan tərəfindən aparılmış təcavüz və separatçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizlənməyə məruz qalıb. Burada yaşamış azərbaycanlılar öz təhsil hüquqlarından istifadə edə bilmədikləri üçün 2030-cu il Davamlı İnkişaf Proqramının məqsədləri həyata keçirilmir.
Sülh və birgə yaşamaq mədəniyyətini aşılamaqda, nifrət nitqinə qarşı mübarizə aparmaqda təhsilin vacibliyi qeyd olunan bəyanatda belə təhsilin ilk növbədə azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğundan danışan və nasist generallarının şərəfinə abidə ucaldan Ermənistan rəhbərlərinə tətbiq edilməli olduğu vurğulanıb. Yuxarıda sadalanan belə təhlükəli siyasətin beynəlxalq və regional təşkilatlar tərəfindən də tənqid edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, mədəni irsin qorunmasına gəldikdə isə erməni tərəfi ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycanın bütün mədəni irs abidələrini niyyətli şəkildə yerlə-yeksan etməkləri ilə bağlı hesabat verməlidirlər.
Bəyanatın sonunda bildirilib ki, insanların düşüncəsində sülh yaratmaq üçün UNESKO kimi mötəbər təşkilatdan istifadə etməliyik ki, gələcək nəsillər birgə sülh və harmoniyada yaşamaq ideyasından bəhrələnə bilsin.
“Hazırda bizim üçün əsas məsələ ən əsası ölkəmizin torpaq bütünlüyünün bərpasıdır”
Yeri gəlmişkən, noyabrın 14-də İstanbulda Marmara Universitetində "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Marmara Universitetinin rektoru professor Erol Özvar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova iştirak ediblər. E.Özvar öz çıxışında Türkiyə-Azərbaycan əlaqələrindən danışıb.
Azərbaycanın xarici siyasətini müəyyən edən əsas amillərdən söhbət açan səfir ilk olaraq Azərbaycanın çoxmillətli, tolerant və multikultural ölkə olmasını diqqətə çatdırıb. X.İbrahin deyib: "Bu, Azərbaycanı bir çox digər ölkələrdən fərqləndirən xüsusiyyətlərdəndir. Azərbaycan hər zaman dünyəvi dövlət olub, əsirlər boyu müxtəlif xalqların nümayəndələri burada rahat şəkildə yaşayıb. Eyni zamanda, təbii sərvətlərin zənginliyi səbəbindən ölkəmiz hər zaman böyük dövlətlərin maraq dairəsində olub. Bu da Azərbaycanın xarici siyasətinə öz müsbət təsirini göstərib".
Digər əsas daxili faktorlardan birinin insan potensialı olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanda tarix boyu təhsilə yüksək önəm verilib. Azərbaycan müsəlman şərqində yaradılmış ilk demokratik respublikasıdır. Həmin mürəkkəb dövrdə bu çətin işin öhdəsindən dövlətinin başında duran insanların yüksək təhsilli olmaları sayəsində gəlmək mümkün olub.
X.İbrahim ümumilikdə götürüldükdə xarici siyasətə təsir göstərən ən mühüm amillərdən birinin coğrafi mövqe olduğunu vurğulayaq deyib: "Coğrafi baximdan Azərbaycan tarix boyu digər dövlətlərin diqqətini çəkib. Tarix boyu Azərbaycanın ətrafında böyük imperatorluqlar, savaşlar olub. Coğrafiya və tarixi bir araya gətirdikdə isə burada erməni faktoru ortaya çıxır. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun illərdir işğal altinda saxlayır. Bu səbəbdən Azərbaycan öz təbii qaynaqlarının bir hissəsindən istifadə edə bilməyib.
Hazırda bizim üçün əsas məsələ ən əsası ölkəmizin torpaq bütünlüyünün bərpasıdır".
Bu gün Azərbaycanın siyasi-iqtisadi, hərbi baxımdan çox güclü ölkə olduğunu deyən səfir qeyd edib ki, qonşu dövlətlərlə xoşməramlı münasibətlər xarici siyasətin əsasını təşkil edir. X.Ibrahim Türkiyə ilə münasibətləri buna misal çəkib: “Azərbaycanla Turkiyə arasında tarixə dayanan qardaşlıq əlaqələri var. Bu gün Azərbaycanla Türkiyə arasında hec bir mövzuda fikir ayrılığı yoxdur və hər iki ölkə başçısı eyni siyasəti dəstəkləyir. Bu da dünya üçün nümunəvi münasibətdir. Səfir, həmçinin Azərbaycanla Rusiya və Gürcüstan arasındakı sıx dostluq, əməkdaşlıq əlaqələrini də diqqətə çatdırıb.
Konfrans işini mövzu ətrafında sualların cavablandırılması ilə davam etdirib.
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib. Bu gün Azərbaycan diplomatiyasının üzərinə olduqca böyük bir məsuliyyət qoyulub və hər bir Azərbaycan diplomatı bu məsuliyyəti dərk edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün təcrübəsini və savadını səfərbər edir”. AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.
Səfir qeyd edib ki, bu gün Azərbaycan diplomatiyası müasir dünyamızın çağırış və təhdidlərinə cavab verir və beynəlxalq aləmdə dövlətimizin müsbət imicinin formalaşdırılması istiqamətində bütün səyləri əsirgəmir və eləcə də müstəqil dövlətimizə yönələn mümkün geosiyasi risklərin yaranmasına imkan vermir.
"Təəssüflər olsun ki, 27 ildən artıqdır Azərbaycanın tarixi torpaqları, o cümlədən Dağlıq Qarabağ ərazisi erməni işğalı altındadır. Ona görə də Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqaməti bu münaqişənin həllinə yönəlib. Erməni diplomatları tərəfindən xarici dövlətlərdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllərin, təxribatların qarşısının alınması üçün tərəfimizdən daim işlər aparılır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması diplomatiyamızın qarşısında duran ən mühüm vəzifələrdəndir”, - deyə səfir əlavə edib.
A.Xudiyev iqtisadi diplomatiyaya da çox böyük önəm verildiyini söyləyərək bildirib ki, Azərbaycana xarici sərmayələrin cəlb edilməsi üçün diplomatik missiyalarımız tərəfindən bütün lazımi işlər aparılır. Səfir onu da qeyd edib ki, Ukraynada vətəninə və dövlətinə ürəkdən bağlı olan bir çox vətənpərvər iş adamı mövcuddur. Burada Vətənini, dövlətini sevən azərbaycanlılar çoxdur. Onlar fərdi şəkildə Azərbaycanın təbliği istiqamətində səfirliyimiz tərəfindən işlənib hazırlanan layihələrin həyata keçirilməsində bizə daim dəstək olurlar.
Bu arada Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyatı dərslərinin ləğv olunması qərarına etiraz edən tələbələr və professor-müəllim heyəti birgünlük tətil keçiriblər. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, etirazlara rəhbərlik edən Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan bu mübahisəli qanun layihəsini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etməyi tələb edib. Tətillə paralel olaraq Yerevanın mətbuat mərkəzlərindən birində tarixçi alimlərin də mətbuat konfransı keçirilib. Etirazlara millətçi “Daşnaksutyun” partiyası da qoşulub.
Erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən nümayişçilər baş nazir Paşinyandan nazir Araik Arutyunyanı istefaya göndərməyi tələb edirlər.
Fuad Hüseynzadə
Palitra.-2019.-15 noyabr.-S.11.