“Ermənistan tərəfindən
işğala son qoyulmaqla bu haqsızlıq
tezliklə aradan
qaldırılmalıdır”
“The Press
Herald” erməni separatçılarının
Amerika tərəfindən qəbul edilməməsini
çağıran məqalə yayıb
ABŞ-ın “The Press Herald” qəzetində oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın ABŞ-ın paytaxtı Vaşinqtona səfərinə etiraz edən Azərbaycan icmasının fəal üzvü Tərlan Əhmədovun müraciəti dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistanın vassal dövlət olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Qarabağ müharibəsi vaxtı erməni silahlı qüvvələri hərbi cinayətlər törədiblər.
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan, özünü “xarici işlər naziri” sayan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirib. Vaşinqtonun Azərbaycan icmasının üzvləri bina qarşısında etiraz aksiyası keçirmişdi.
Bundan əlavə, ABŞ
Azərbaycanlıları Şəbəkəsi ABŞ
qanunvericilərini və yerli mətbuat
qurumlarını Ermənistanın Azərbaycana qarşı təcavüzü
barədə məlumatlandırmaq üçün
yazılı kampaniya keçirib.
“The Press
Herald” qəzetindəki material məlumatlandırma kampaniyası
çərçivəsində dərc olunub.
“Jewish
Journal” nəşrində Azərbaycanın
Milli Qəhrəmanı
Albert Aqarunovun abidəsinin
açılışı barədə məqalə
dərc edilib
Yeri gəlmişkən,
Amerikada çıxan
“Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının
rəhbəri Melih Yevdayevin məqaləsi dərc edilib. Azərbaycanın
Milli Qəhrəmanı
Albert Aqarunovun abidəsinin
açılışına həsr edilmiş məqalədə müəllif
yazır ki, noyabrın 15-də abidənin
açılış mərasimində
Azərbaycan hökumətinin
və respublika ictimaiyyətinin, müxtəlif
icma və təşkilatların nümayəndələri,
o cümlədən Simon Vizental
Mərkəzinin əməkdaşı,
ravvin Avraam Kuper, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının
rəhbəri və Xristian Liderlər Konqresinin prezidenti Conni Mur, İsrailin baş fəxri sefard ravvini Şvomo Amar, Avropa, ABŞ və Latın Amerikasından olan bir neçə
ravvin, habelə Amerikanın qərb ştatlarından olan senatorlar iştirak ediblər.
Müəllif daha sonra Milli
Qəhrəmanın həyatı
barədə yazır. Yevdayev qeyd
edir ki, əhalisinin 95 faizi müsəlmanlar olan, eyni zamanda, yəhudi
icmasının inkişaf
etdiyi Azərbaycanda
Albert milli qürur rəmzidir. 1991-ci ildə SSRİ dağılandan
sonra Albertin hərbi xidmətdən imtina etməyə və ya Azərbaycanı
tərk etməyə
tam hüququ vardı.
Buna baxmayaraq, o, Ermənistanın Azərbaycan
ərazisinə soxulduğu
bir vaxtda könüllü olaraq Azərbaycan Ordusu sıralarına daxil oldu. Albert çox
bacarıqlı tankçı
idi. O, öz bilik və vərdişləri
sayəsində bir gün ərzində ermənilərin 9 tankını
və iki zirehli yük maşınını sıradan
çıxara bilmişdi.
Albert Şuşada qətlə yetirilib. Son damla qanına qədər bu şəhəri müdafiə edən Aqarunov yaralı əsgər yoldaşlarını xilas etmək üçün öz tankından çıxan anda erməni snayperi onu nişan aldı. 1992-ci il mayın 8-də dünya yəhudiləri, Azərbaycan və bu ölkəni sevən hər kəs əsl qəhrəmanı itirdi. Albertin cəmi 23 yaşı vardı.
Bu abidə Albert Aqarunovun xatirəsinə ehtiramın ilk nümunəsi deyil. Albertin uşaqlıq illərinin keçdiyi evin divarında xatirə lövhəsi vurulub, vaxtilə təhsil aldığı məktəbə onun adı verilib. Albert Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Keçən il Bakının ən gözəl küçələrindən birinə onun adı verilib. 1992-ci ilin iyun ayında Albert hərbi xidmətə görə ali mükafata – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Melih Yevdayev
məqaləsinin sonunda yazır ki, Albert Aqarunov
Azərbaycan və yəhudi xalqları arasında,
bütövlükdə müsəlmanlarla yəhudilər
arasında qardaşlıq və dostluq rəmzidir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
Bu arada Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-ın Los Anceles şəhərinə səfər çərçivəsində ABŞ-ın ən qədim yəhudi təşkilatı olan nüfuzlu Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin rəhbərliyi ilə görüşüb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, konsulluğun təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən AYK-nin Los Anceles bölməsinin prezidenti Skot Edelman hər kəsi salamlayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyətini qəbul etməkdən şərəf duyduqlarını ifadə edib.
S.Edelman təmsil etdiyi təşkilat haqqında məlumat verərək, AYK-in nəinki yəhudi xalqı üçün, bütün insanlar üçün təhlükəsiz gələcək qurmaq istiqamətində çalışdıqlarını bildirib.
Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın AYK ilə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq, Ermənistanın təcavüzü nəticəsində nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını və AYK kimi təşkilatların bu ədalətsizliyə qarşı səslərini ucaltmasının vacibliyini vurğulayıb.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışıb. T.Gəncəliyev bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından didərgin salınmasının böyük bir hüquq pozuntusu və ədalətsizlik adlandıraraq, Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlığın tezliklə aradan qaldırılmalı olduğunu dilə gətirib.
Nümayəndə heyətinin üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidi Dürdanə Ağayeva öz çıxışlarında Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin çəkdiyi iztirablardan danışaraq, öz həyat hekayələrini bölüşüblər.
Sonra AYK-in Los Anceles üzrə regional direktoru Riçard Hirşaut çıxış edərək, natiqlərin çıxışlarından çox təsirləndiklərini bildirib və bu faktları təşkilat üzvləri ilə bölüşdükləri üçün Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti həm gün ABŞ-ın ən nüfuzlu sinaqoqlarından olan Sinay Sinaqoqunun ravvini Deyvid Uolpi və sinaqoqun rəhbərliyi ilə də görüşüb. Qeyd edək ki, D.Uolpi “Newsweek” jurnalı tərəfindən ABŞ-ın ən nüfuzlu ravvini, “Jerusalem Post” qəzeti tərəfindən isə dünyanın ən nüfuzlu 50 yəhudisindən biri adlandrılıb. D.Uolpinin rəhbərliyi altında Sinay Sinaqoqunun 50 nəfərdən ibarət nümayəndə heyəti Baş Konsulluğun təşkilatçılığı ilə 2015-ci ildə Azərbaycanda səfərdə olub.
Sözügedən görüşdə Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalın acı nəticələri, günahsız insanların öz yurdlarından zorla çıxarılması, işğal olunmuş ərazilərimizdə tarixi, dini və mədəniyyət abidələrimizin və qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşiliklər barədə ətraflı məlumat verilib.
Fuad Hüseynzadə
Palitra.-2019.-20 noyabr.-S.11.