Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb

Ermənistanın İtaliyada səfərdə olan baş naziri Nikol Paşinyan Milandakı Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda onunla keçirilən görüşdə azərbaycanlı gənclərin etirazı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, görüş tədbir formatına uyğun olaraq dialoq yox, əvvəlcədən hazırlanmış suallar əsasında qurulmuşdu və həmin sualları yalnız moderator təqdim edirdi.

Ermənistanın baş naziri əvvəlcədən hazırlanmış mətn əsasında ölkəsi barədə qısa məlumat verərək, şərqdə və qərbdə sərhədlərinin bağlı olması səbəbindən yaşadıqları iqtisadi çətinliklərdən danışıb. Daha sonra Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub və problemlə bağlı tamamilə yalanlardan ibarət fikirlər səsləndirib.

Türkiyə ilə münasibətlərə də toxunan Ermənistan baş naziri danışıqlara hazır olduqlarını, lakin qarşı tərəfin buna getmədiyini və bunun Ermənistan üçün regionda təhlükə olduğunu vurğulayıb.

Azərbaycanda erməni fobiyası yaradıldığı, erməni idmançıların Azərbaycana səfər edə bilməmələri kimi cəfəng iddialar da səsləndirən Paşinyan tədbirdə azərbaycanlı gənclərin haqlı etirazı ilə qarşılaşıb.

Azərbaycan gənclərinin sual vermək istəyini qəbul etməyən moderator Paşinyana əvvəlcədən hazırlanmış suallarla müraciət edibbununla da tədbirin dialoq formatı pozulub. Habelə zalda iştirak edən çoxsaylı erməni diasporunun nümayəndələri də azərbaycanlılara qarşı aqressiya ifadə edərək onların mövzu ilə bağlı suallarının səsləndirilməsinə mane olmağa çalışıblar və bütün bunlar Paşinyanın həmin sualları guya eşitməməsi ilə nəticələnib.

Tədbirdən sonra Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sərdi Fərid Abbasov, həmsədri Emin Rüstəmov və fəal üzvü Kərim İsmayılov Nikol Paşinyana yaxınlaşaraq ona Ermənistanın işğalçı siyasət yeritdiyini, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olduğunu xatırladaraq öncədən hazırladıqları bukleti ona təqdim ediblər. Lakin Ermənistan baş nazirinin mühafizəçiləri kobud şəkildə azərbaycanlı fəalları oradan uzaqlaşdırmağa cəhd ediblər. Buna etiraz edən fəallar hazırladıqları və içərisində Azərbaycanın tarixi xəritəsi, Xocalı soyqırımı və sözügedən münaqişənin nəticələrini əks etdirən bukletləri italyanlara və ermənilərə paylayıblar. Həmçinin bir buklet də tədbirin moderatoruna təqdim olunaraq səslənən məlumatların yanlış olduğu bildirilib.

 

Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alınıb

Noyabrın 21-də isə Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər:

"Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və " dağlıq qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Kars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı.

Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sesdiyanın nəzərinə çardırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri- şərsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı həmin xətt Ermənistandan da keçə bilərdi və qoşu ölkə Azərbaycan iqtidadi layihələrinfən yüz milyonlarla gəlir ala bilərdii.

Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edərək Ermınistan nümayəndələrinin beynılxaq tədbirdə "arsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi. Azərbaycan deputatları Musa Quliyevİlham Əliyev də Ermənistan işğalına və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə tutarlı cavab verdilər".

 

 

Milli Qəhrəman Fəxrəddin Şahbazov anılıb

Bu arada Bakıda Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun anım günü qeyd edilib. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov tərəfindən təşkil edilən tədbirə Fəxrəddin Şahbazovun yaxınları, şəhid ailələri, Qarabağ qaziləri, adamları, QHT və KİV nümayəndələri qatılıblar.

Gələn tədbir iştirakçıları Şəhidlər Xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib anaraq ruhuna dua oxuyublar. Sonra anım mərasimi akt zalında davam edub. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov çıxış edərək tədbir iştirakçılarını İctimai Birliyin sədri Elşən Uluxanlı adından salamlayıb.

O, həyata keçirdikləri layihələrdən danışıb və bildirib ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev hər zaman şəhid ailələrini diqqətdə saxlayır, həmçinin vətənpərvərliyin təbliği istiqamətində görülən işləri dəstəkləyir.

Ədhəm Məmmədov Milli Qəhrəman Fəxrəddin Şahbazov haqqında geniş məlumat verib: “Fəxrəddin İbrahim oğlu Şahbazov 1950-ci il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1957-ci ildə 20 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1967-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Sonra Bakı Neft Texnikumuna daxil olub. 1969-cu ildə hərbi xidmətə çağırılıb. 1971-ci ildə ordudan tərxis olunaraq, texnikumda təhsilini davam etdirib. O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlayıb və 20 il burada fasiləsiz olaraq operator vəzifəsində çalışıb.

1988-ci ildə - ermənilərin Qarabağda açıq silahlı basqınlar başladığı vaxtda cəbhə bölgələrinə gedib telereportajlar hazırlamaq o qədər də asan deyildi. Hər an ölüm təhlükəsi ilə üz-üzə dayanmaq lazım gəlirdi. Bəziləri bu təhlükəli səfərlərdən yayınırdı. Fəxrəddin isə təklif, əmr gözləmədən telejurnalistlərlə tez-tez sərhəd rayonlarına gedir, qaynar nöqtələrdən müxtəlif səpkili verilişlərin hazırlanmasında böyük səy göstərirdi.

1991-ci ilin noyabr ayında Azərbaycan Teleradio Şirkətinin bir qrup əməkdaşı cəbhə bölgələrinə ezam olunub. Fəxrəddin də bu qrupun tərkibində idi. Onlar Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaj hazırlamalı idilər. Bu ərəfədə ermənilər Xocavənddə yeni təxribatlar törətmişdilər. Ölən və yaralananlar var idi. Qərara alındı ki, rəhbər işçilər hadisə yerinə getsinlər və məsələni yerindəcə aydınlaşdırsınlar.

20 noyabr 1991-ci ildə Mİ-8 vertolyotu Ağdam istiqamətindən havaya qalxdı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında iriçaplı pulemyotlardan atəşə tutulan vertolyot yerə enərkən parçalandı. Respublikanın tanınmış şəxsləri ilə birlikdə teleoperator Fəxrəddin Şahbazov da qəhrəmancasına həlak oldu. Ailəli idi. İki qızı var. Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib”.

Sonra şəhidin həyat yoldaşı Nəsibə Şahbazova tədbirin təşkilatçısı Ədhəm Məmmədova təşəkkür edib. O bildirib ki, Fəxrəddin Şahbazovun həyat yolu və fəaliyyəti başqaları üçün bir nümunədir.

Nəriman RİH-nın şöbə müdirinin müavini

Vəfadar Zeynalov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb.

Mayomed Medical FizioterapiyaReabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev, Mərkəzin həkimi Gülçöhrə Bağırova şəhid ailələrinə və imkansızlara hər zaman təmənnasız yardım etməyə hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov adından bir neçə nəfərə Fəxri Diplom təqdim olunub.

Fuad Hüseynzadə

Palitra  2019.- 22 noyabr.-  S.11.