“Tütünçəkmə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur

Şəhla Mirzəzadə: “Elektron siqaretlər və qəlyan da yuxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin 21 noyabr “Beynəlxalq Tütünçəkmədən İmtina Günü”nə həsr edilmiş müsahibəsini sizə təqdim edirik.

- Şəhla xanım, bu gün Beynəlxalq tütünçəkmədən imtina günüdür. Tütünçəkmənin zərərləri və bu günün tarixi ilə bağlı oxucularımıza hansı məlumatı verə bilərsiniz ?

- İlk növbədə qeyd edim ki, tütünçəkmə bütün dünyada aktual olan səhiyyə problemlərindən biri olub qeyri-infeksion xəstəliklərin (QİX) risk faktorlarından biridir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən XX əsrdə tütünçəkmənin 100 milyon insanın həyatını itirməsinə səbəb olduğu müəyyən edilib və əgər qarşısı alınmazsa, XXI əsrdə tütünçəkmə 1 milyard nəfərin həyatına son qoya bilər. Məhz bu səbəbdən tütünçəkmənin insan sağlamlığına olan birbaşa mənfi təsirinə diqqəti cəlb etmək və insanları tütünçəkmədən imtinaya təşviq etmək məqsədilə 1977-ci ildə Amerikanın Onkologiya Cəmiyyəti tərəfindən hər il noyabrın üçüncü çərşənbə axşamı “Beynəlxalq Tütünçəkmədən İmtina Günüolaraq qeyd edilir. 2019-cu il üçün bu tarix 21 noyabra təsadüf edirbütün dünyada olduğu kimi ölkəmizdə də bu məsələ diqqət mərkəzində olan mövzulardandır. Bu sahədə tədbirlərin görülməsi "Azərbaycan Respublikasında Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" və "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn əsas vəzifələrdən olduğu üçün müvafiq sənədlərin icrasına töhfə vermək məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi-Təcrübi Tədris Mərkəzi ilkin olaraq Mərkəzi Gömrük Hospitalının işçi heyəti arasında maariflənmə işləri həyata keçirir. Bunun üçün xəstəxana daxilində personalın iştirakı ilə maarifləndirici görüş keçirilərək hər bir insan tütündən imtina etməyə təşviq olunur. Eyni zamanda KİV-lərdə müvafiq mövzuda məlumatların yerləşdirilməsi ilə daha geniş əhali kütləsinin məlumatlandırılmasına dəstək olunması planlaşdırılır.

- Qeyd etdiyiniz tədbirlər çox vacibdir. Bəs tütünçəkmənin zərərləri nələrdir? Nə üçün insanlar tütünçəkmədən imtina etməlidir?

- Sübut edilmişdir ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur ki, bunlardan 250-si xüsusi təhlükəli toksik maddə və 70-i kanserogen hesab edilir. Bu zərərli maddələr müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Xüsusilə tütünçəkmə 90 faiz hallarda ağciyər xərçənginin yaranmasına gətirib çıxarır. Eyni zamanda müxtəlif ürək damar xəstəlikləri və tənəffüs yolu xəstəlikləri də tütünçəkmənin yaratdığı problemlərdən hesab olunur. Araşdırmalar nəticəsində məlum olub ki, 1 ədəd siqaret insan həyatını 11 dəqiqə azaldır. Lakin maraqlısı odur ki, aktiv tütünçəkənlər ətrafdakı insanların həyatı üçün də təhlükə yaratmış olur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, hər il dünyada 8 milyon insan siqaretonun yaratdığı xəstəliklər nəticəsində həyatını itirir. Onun 1 milyonu passiv tütünçəkəndir, yəni tütün məmulatlarından istifadə etməyib, onun zərərli təsirinə məruz qalan şəxslərdir. Passiv tütünçəkmə nəticəsində də bir çox xəstəliklər yaranayaxud mövcud xəstəliklərin ağırlaşmaları müşahidə oluna bilər . Xüsusilə bu hal uşaqlar üçün daha təhlükəlidir. Belə ki, hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu isə uşaqlarda xüsusilə tənəffüs yolu xəstəliklərinin yaranmasına və ağırlaşmalarına gətirib çıxarır. Beləliklə tütün çəkən insanlar özləri ilə yanaşı ətrafdakı insanların da sağlamlığı üçün təhlükə yaratmış olur.

- Şəhla xanım bəs tütünçəkmədən necə imtina etmək olar və tütünçəkmədən imtinanın üstünlükləri nələrdir ?

- Ümumiyyətlə ÜST-nin məlumatlarına görə tütünçəkmə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur. Bu nümunəni çəkməkdə əsas məqsədim insanları təşviq etməkdir. Çünki tütünçəkmədən imtina etməyin ən vacib hissəsi qərar verməkdir. Araşdırmalar göstərmişdir ki, birbaşa imtina edən şəxslərdə uğur göstəricisi 80 faiz olduğu halda azaldaraq imtina edən şəxslərdə bu rəqəm daha aşağı olmuşdur. Təbii ki, yanaşı gedən xəstəlikləri nəzərə almaq vacib nüansdır. Bu baxımdan həkim məsləhəti və həkim nəzarəti ilə tütünçəkmədən imtina olunması daha məqsədəuyğun ola bilər. Tütünçəkmədən imtina edən şəxslərdə bir müddət absistensiya halı (başağrı, əsəbilik, yorğunluq, halsızlıq və s.) müşahidə oluna bilər. Lakin qeyd edim ki, tütündən imtina edən insanın orqanizmində ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, 1 aydan sonra tənəffüs yüngülləşir, artıq onları öskürək narahat etmir, 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən şəxslə müqayisədə yarıya enir. Bütün bunlar göstərir ki, tütünçəkmədən elə bu gün imtina etmək və sağlam həyat tərzini seçmək lazımdır.

- Bəs digər tütün məhsulları qəlyan və elektron siqaretlər barədə nə deyə bilərsiniz? Tütün məhsullarından hansı insan orqanizmi üçün daha zərərlidir?

-Ümumiyyətlə tütün məhsullarının insan orqanizminə olan zərərlərini azya çox deyə qiymətləndirmək sağlamlıq baxımından düzgün olmazdı. Hər bir tütün məhsulu insan orqanizmində ölümcül xəstəliklərin yaranmasına gətirib çıxaran risk faktorudur. Elektron siqaretlər və qəlyan da yuxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Gigiyenik tələblərə riayət edilmədikdə hətta tənəffüs yollarının infeksion xəstəliklərin yayılmasına gətirib çıxarır. Xüsusilə qapalı məkanlarda qəlyandan istifadə edilməsi nəticəsində insanlar həm də passiv tütünçəkməyə məruz qalırlar. Bu isə xəstəliklərin yaranma ehtimalını daha da artırmış olur. Nəticə etibarı ilə qəlyan və elektron siqaretlər də tütün məhsullarından olub insan orqanizmi üçün zərərlidir

- Maraqlı məlumatlara görə təşəkkür edirik. Tütünçəkmə halları ilə bağlı ölkəmizdə statistik göstəricilər neçə faizdir və ümumilikdə vəziyyət necədir?

- Tütünçəkmə bütün dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən Dünyada 1 milyarddan çox siqaret çəkən insan var. Daha dəqiq desək dünya əhalisinin 30%-i siqaret çəkir. Azərbaycanda tütünçəkmə kişilər arasında daha geniş yayılmışdır və Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkəmizdə 15 yaşından yuxarı kişilər arasında tütünçəkmə 33 faiz təşkil edir. Ölkəmizdə tütün çəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, ÜST-nin hesablamalarına görə Azərbaycanda böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur. Lakin bununla yanaşı, eyni dərəcədə və bəzi hallarda daha təhlükəli hesab edilən passiv tütünçəkmə göstəriciləri dünyanın əsasən inkişaf edən ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir. Buna görə də tütünçəkmədən imtinanın təbliği daim prioritet istiqamətlərdən biri olaraq icra edilməkdədir. Yuxarıda da qeyd etdiyim ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi-Təcrübi Tədris Mərkəzi bu istiqamətdə çalışır və fəaliyyətini davam etdirəcəkdir

 

Tural Tağıyev

Palitra  2019.- 22 noyabr.-  S.13.