“Musiqi mənim
üçün məsuliyyət, həyəcan,
uğur, sevgidir”
Nurlana Abdullazadə:
“Dövlətimiz
tərəfindən Azərbaycanda musiqi sənətinin
inkişaf etdirilməsi, bu
sahədə bacarıqlı gənclərin üzə
çıxarılması təqdirəlayiqdir. Gənclər
məhz bu dəstəyin sayəsində öz bacarıqlarını,
istedadlarını nümayiş etdirə
bilirlər”
“Filarmoniyada,
AzTV-də solist kimi
çalışmaq istərdim, inşallah
yaxın gələcəkdə bu arzum real olar”
Bu gün ölkədə gənclərə müxtəlif sahələrdə öz istedadlarını nümayiş etdirmək üçün şərait yaradılıb. Hazırda gənclərimiz üçün istər ölkə daxilində, istərsə də xaricdə müxtəlif universitetlərdə ali təhsil almaq imkanı yaranıb. Yaxud onlar beynəlxalq idman yarışları, olimpiadalarda iştirak edərək yüksək nəticələr əldə edirlər. Bu gün gənclər müxtəlif mədəniyyət və incəsənət sahəsində də öz istedadlarını sınayırlar. Artıq bir neçə ildir ki, təşkil olunan Muğam müsabiqəsi də bir çox istedadlı gənclərin aşkarlanmasında mühüm rol oynayıb. Hazırda həmin müsabiqədə qalib olmuş bir çox gənclər gözəl muğam ifaçısı kimi xalq tərəfindən sevilir, onlar həm də xaricdə təşkil olunan konsert proqramlarında ölkəmizi layiqincə təmsil edirlər. Bəzi istedadlı gənclərimiz var ki, onlar da musiqi sahəsində təhsil alıb, müxtəlif konsert proqramlarında, dövlət tədbirlərində çıxış edirlər. Belə istedadlı gənclərin daha da tanınması, fəaliyyətinin işıqlandırılması vacibdir. Həmin gənclərimizdən biri də müxtəlif konsert proqramlarında öz çıxışı ilə yadda qalan, gözəl ifası ilə tanınan Nurlana Abdullazadədir:
-Necə oldu ki, sizdə bu sənətə həvəs yarandı və
niyə məhz təhsilinizi davam etdirmək
üçün Mədəniyyət və
İncəsənət Universitetini seçdiniz?
-Mən 12.10.1993-cü ildə
Bakıda anadan olmuşam. Ailəliyəm,
1 qızım var. Hazırda
daimi bir iş yerim yoxdur.
Lakin tədbirlərdə, konsertlərdə
çıxışlar edirəm.
Mən
on birillik musiqi məktəbinin vokal sinfini bitirmişəm və ardınca Azərbaycan Dövlət Mədəniyyət Universitetini
musiqişünas fakültəsinə,
Estrada vokal ixtisasına
qəbul olmuşam.
Orada İlqar Muradovun tələbəsi olmuşam.
Mən demək olar ki, 6 yaşından səhnədə mahnı
oxuyuram, həm də professional səviyyədə.
Bu sənətə gəlməyimin səbəbkarı
yəqin ki, hamıda olduğu kimi, valideynlərim oldu. Anam mənim dayanmadan oxuyub- oynadığımı
gördüyü üçün
6 yaşım olan kimi məni Biləcəridə yerləşən
6 saylı Fikrət Əmirov adına
11 illik musiqi məktəbinə apardı.
Təbii
ki, bütün valideynlər kimi onun da arzusu
olub ki, qızı hansısa bir alətdə ifa eləsin. Bu məqsədlə o, direktora yaxınlaşaraq deyib ki, mənim
qızımı ya pianinoya götürün ya da skripkaya.
O da məni hazırlıq qrupuna qəbul elədi. Orada məktəbə qəbul
olmaq istəyən 5-6
yaşlı uşaqlar
2-3 ay hazırlaşıb sonra
kiçik bir konsert verir və
o tədbirdən sonra
direktor müəllimlərlə
birlikdə uşaqları
seçərək hər
birini bir ixtisasa yönləndirirdi.
Nəticədə mənim anamı
çağırıb dedilər
ki, sənin qızının elə bir səsi və
əsas da elə bir ürəyi
var ki, biz bir musiqiçi kimi onu batıra
bilmərik.
Həmin vaxta kimi orada vokal sinfi yox idi və direktor dedi ki, mən müəllimə gətirəcəm, vokal sinfini açacağam, bu qız da oxuyacaq, mən bu uşağı skripka ya pianinoya götürməyəcəm. Beləliklə, 6 yaşından mən kiçik konsertlərdə çıxış eləməyə başladım. Bir müddətdən sonra direktor Nəriman müəllim mənə dedi ki, sən oxuyanda mən elə bilirəm Nərminə Məmmədovaya qulaq asıram. Nəriman müəllimin mənim üzərimdə çox böyük əməyi var, məktəbin adından məni bütün tədbirlərə, dövlət konsertlərinə çıxardırdı və sonra məni Xalq artisti, dirijor Teymur Göyçayevlə tanış elədi, mən Teymur müəllimlə birlikdə çox konsertlərdə çıxışlara başladım. Hətta Aida xanım İmanquliyevanın həyatına həsr olunmuş dövlət tədbirində Xalq artisti Samir Cəfərovla birlikdə S.Rüstəmovun “İntizar” mahnısını duet oxuduq, bu konsertdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etdi və onunla görüşmək şansım oldu. Tədbirdə Xalq artistləri Ənvər Sadıqov, Natiq Şirinov və digərləri var idi, mən bu tədbirdə oxuyanda sadəcə 14 yaşım vardı. Bu, mənim üçün böyük təcrübə idi. Bu yaxınlarda AzTV- nin gənclərə dəstəyi ilə Faiq Sadıqovun rəhbərlik etdiyi dövlət orkestri ilə birgə Muğam Mərkəzində solo konsertim oldu. Daha sonra italyanların Bakıda təşkil etdiyi TESTENA ART müsabiqəsinə qatıldım və milli vokal üzrə 1-ci yerə çıxdım.
-Ümumiyyətlə,
musiqi sizin üçün nədir? Uşaqlıqdan
hansı müğənnilərin ifasını bəyənmisiniz?
- Musiqi mənim üçün hər şeydir. Məsuliyyətim, həyəcanım, uğurum, sevgimdir. Mahnı üç qəhrəmanın birləşdiyi bir əsərdir; söz, musiqi və ifa ahəngliyi olmayanda o, musiqi olmaz. Bu ahəngliyi də başa düşmək üçün mütləq təhsil almaq və istedad vacib şərtdir. Çox zaman mənə sual verirlər ki, oxuyan zaman nə fikirləşirsən. Oxuyan zaman məncə fikirləşmək olmaz. Ancaq oxuduğum mahnının obrazında olmağa çalışıram. Daxilən həmin musiqiyə bağlı olmalısan. Başqa bir şey düşündüyün halda oxuduğunu tamaşaçıya çatdıra bilməzsən.
-Ölkədə gənclərə öz istedadlarını nümayiş etdirmək üçün müxtəlif sahələrdə şərait yaradılır. Məsələn, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən Muğam müsabiqəsini yəqin ki, izləyirsiniz...
- Son illərdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafına kömək edib.
Dövlətimiz tərəfindən Azərbaycanda musiqi sənətinin inkişaf etdirilməsi, bu sahədə bacarıqlı gənclərin üzə çıxarılması təqdirəlayiqdir. Gənclər məhz bu dəstəyin sayəsində öz bacarıqlarını, istedadlarını nümayiş etdirə bilirlər.
- Sizin
AzTv-də, Azərbaycan Dövlət Filarmoniyasında
ifalarınız var. Hazırda həmin qurumlardan birində solist olaraq çalışmaq istərdinizmi?
-Mən də təbii ki, daimi bir iş yerim olmasını istərdim. Filarmoniyada, AzTV-də solist kimi çalışmaq istərdim, inşallah yaxın gələcəkdə bu arzum real olar.
Nigar
Palitra.-2019.-27 noyabr.-S.7.