Əndicanda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş tədbir keçirilib

Əndican — Fərqanə vadisinin qədim şəhərlərindən biridir. Özbəkistanla Qırğızıstan sərhədlərinin cənub-qərb hissəsində yerləşir. Şəhərin bəzi yerlərində eramızdan əvvəl VII-VIII əsrlərə aid arxeoloji tapıntılara rast gəlinir. Tarixən, Əndican Böyük İpək Yolunda mühüm bir yer tuturdu. Şəhər, ölkənin mühüm sənaye şəhərlərindən sayılır.

Özbəkistanın Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbir keçirilib.

Tədbirdə Azərbaycandan da qonaqlar qatılıb. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Əndican şəhərindəki Mədəniyyət Sarayında keçirilən tədbirdə Fərqanə Vilayəti, Əndican şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbirdə giriş sözü ilə Özbəkistan Yazıçılar İttifaqının Fərqanə Vilayəti üzrə rəhbəri Xurşuda Kuçkarova açaraq iki ölkə arasında dostluq əlaqələri, yazıçılar arasında əlaqələrin tarixi, Sovet dövründə və müstəqillik illərində ölkələrimizin ziyalıları, yazıçı və şairləri arasında yaradıcılıq əlaqələri haqqında danışıb. Natiq hər iki ölkənin ədəbiyyatından tərcümələrin həyata keçirilməsi, çoxsaylı tədqiqat əsərlərinin işlənməsi və s. məsələlər barədə məruzə etmiş, ədəbi əlaqələrin hazırki səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində ölkədə çoxsaylı xarici müəlliflərin əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr edildiyini bildirib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin nəzdində artıq xüsusi tərcüməçilər məktəbinin formalaşdığını qeyd edərək, son illərdə Azərbaycan ədəbiyyatına dair Özbəkistanda 60-dan çox əsər Özbək dilinə tərcümə olunduğunu və Daşkənddə kitab halında çap olunduğunu bildirib. Samir Abbasov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı nəşrlərin işıq üzü görməsi tədqiqat əsərlərinin yazılması, habelə Azərbaycana maraq göstərən hər bir kəs üçün olduqca maraqlı mənbəyə çevrildiyini söyləyib.

Tədbirdə Azərbaycanın Millət Vəkili Qənirə Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan dostluğundan danışmış, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Millət vəkili qeyd edib ki, Əndican şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.

Qənirə Paşayeva Azərbaycan mədəniyyətinə dair bir sıra hədiyyələri Əndican şəhər təmsilçilərinə təqdim etmişdir.

Çıxış edən digər natiqlər Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şəmil Əliyev və başqaları hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləmiş, regionlar arasında əməkdaşlığa dair potensialın daha böyük olduğunumövcud imkanlardan istifadə edərək əməkdaşlığın dahda da inkişaf etdirilməsinin zəruri olduğunu söyləyiblər.

Tədbirdə bədii proqramda Əndican məktəblilərinin iki ölkə dostluğuna, millət vəkili qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilmiş, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə AbdurazakovaErkin Adilov hazırladığı musiqilər təqdim olunmuş, millət vəkili Qənirə Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar ifa etmişlər.

Tural

Palitra.-2019.-2 oktyabr.-S.13.