“Avropa
İttifaqının deputatlarının separatçı
Dağlıq Qarabağ regionuna
səfərinin arxasında hansı səbəblər gizlənir?”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günündə 3 ay ərzində qurumun Nazirlər Komitəsinin gördüyü işlər barədə hesabat məruzəsi təqdim edilib. AZƏRTAC xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinə hazırda Fransa başçılıq edir. Nazirlər Komitəsinin Fransa sədrliyi üzrə təmsilçisi - Fransanın Avropa və Xarici İşlər Nazirliyi nəzdində dövlət katibi Ameli dö Monşalən görülmüş işlər və perspektivlər haqda geniş məlumat verdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin sədrliyinin təmsilçisi - Fransanın dövlət katibinə Azərbaycan üçün son dərəcə əhəmiyyət daşıyan qaçqınlar və məcburi köçkünlər məsələsi ilə bağlı sualla müraciət edib. O, bu problemlə ATƏT-in Minsk qrupunun bilavasitə məşğul olduğunu, lakin Avropa Şurasının da məsələ ilə əlaqədar birbaşa öhdəliklərinin olduğunu xatırladıb və Nazirlər Komitəsini konkret addımlar atmağa dəvət edib. Azərbaycan təmsilçisi Nazirlər Komitəsinin Ermənistan rəhbərliyindən Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar son dəfə nə zaman hesabat tələb etdiyini soruşaraq deyib: “Avropalıların bir hissəsi təəssüflər olsun ki, öz vətənlərində məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Ev-eşiklərindən, ata-baba yurdlarından didərgin salınan bu insanlar hərbi təcavüz və etnik təmizləməyə məruz qalıblar. Bu ağır problemin zərbəsi Azərbaycana da dəyib. Azərbaycanda da yüz minlərlə insan Ermənistanın işğalı nəticəsində məcburi köçkünə çevrilib. Suallarımıza ənənəvi cavabları çox eşitdiyimizdən, qabaqcadan deyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə həll yollarının axtarılması ilə əlaqədar ATƏT-in Minsk qrupunun xüsusi mandatı olduğundan xəbərdarıq. Bunu da bilirik ki, Avropa Şurası bu münaqişə ilə bilavasitə məşğul deyil. Ancaq məni təəccübləndirən budur ki, Avropa Şurasını, xüsusilə onun Nazirlər Komitəsini bu məsələ ilə bağlı təsirli tədbirlər görməyə nə mane olur? Axı Avropa Şurası üzvlüyünə qəbul edilərkən Ermənistanın götürdüyü başlıca öhdəliklərdən biri məhz bu münaqişəyə sülh yolu ilə son qoymaq, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıdaraq həyatlarını davam etdirməsinə imkan yaratmaq idi. Bu problemi Nazirlər Komitəsi Ermənistan rəsmiləri qarşısında sonuncu dəfə nə zaman qaldırıb və onlardan Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirmələrini tələb edibmi?”
Fransanın dövlət katibi, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri xanım Ameli dö Monşalən deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib ki, həqiqətən bu mövzu çox ağırdır və Nazirlər Komitəsi həmin məsələni daim diqqətdə saxlayır. O, Avropa İnsan Haqları Məhkəməsində qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin qaldırıldığını və Avropa Şurasında da bu müzakirələrin heç vaxt gündəlikdən kənarda qalmadığını söyləyib.
A.Monşalən məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının mütləq olduğunu bəyan edərək, ATƏT-in Minsk qrupu ilə yanaşı, Nazirlər Komitəsinin də bu istiqamətdə gələcəkdə daha fəal olacağını, səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəyini deyib.
Almaniyanın nüfuzlu portalı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərdən yazır
Yeri gəlmişkən, Almaniyanın “Weltexpress” informasiya portalında “Avropa İttifaqının deputatlarının separatçı Dağlıq Qarabağ regionuna səfərinin arxasında hansı səbəblər gizlənir? Aİ-nin deputatları erməni separatizminin xidmətindədirlər?” adlı məqalə dərc olunub.
Məqalənin əvvəlində Azərbaycanın əlverişli coğrafi mövqeyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilir. Birləşmiş Millətlər Təşkilatının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyi vurğulanır. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycan ərazisi hesab edildiyi, amma ölkənin cənub-qərb hissəsinin faktiki olaraq Ermənistanın nəzarətində olduğu bildirilir. Beynəlxalq ictimaiyyətin bu gün də Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etdiyi nəzərə çatdırılır.
Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərə dair məlumat verilir. Belə ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Sonnebornun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi qeyd olunur. Səfər zamanı onu erməni həyat yoldaşı Klaudia Tursarkisyan və yazıçı, jurnalist və üzvü olduğu partiyadan olan digər siyasətçilərdən ibarət 25 nəfərlik nümayəndə heyətinin müşayiət etdiyi diqqətə çatdırılır.
Məqalədə 2014-cü ildən Avropa Parlamentinin üzvü seçilən Sonnebornun 2000–2005-ci illərdə “Titanik” satirik jurnalının redaktoru olduğu bildirilir. Onun sözlərinə əsasən öz seçki kampaniyası zamanı digər ölkələrin “uğurlu siyasi klounları”ndan ilham aldığı qeyd olunur. Avropa Parlamentinə seçilməsinin Almaniya siyasəti ilə yanaşı, onun özü üçün də gözlənilməz olduğu nəzərə çatdırılır. Almaniya mətbuatına istinadən Sonnebornun üzvü olduğu partiyanın AP-də yalnız iki deputat yeri əldə etdiyi və bunun populist “Merkel axmaqdır” şüarı nəticəsində əldə olunduğu vurğulanır.
Sonnebornun AP-yə seçilməsindən sonra Dağlıq Qarabağa iki dəfə səfər etdiyi və Avropa Parlamentinin gündəmində olan və Avropa vergiödəyicilərini daha çox narahat edən ətraf mühitin mühafizəsi, maliyyə böhranı və millətçiliyin artması kimi məsələlərlə deyil, Dağlıq Qarabağın müstəqilliyi ilə məşğul olduğu diqqətə çatdırılır. Bunun onun ciddiyyətini sual altına aldığı və daha çox populist siyasətçi olduğunu nümayiş etdirdiyi qeyd olunur.
AFR qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır
Məqalədə Almaniya Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilən, Dağlıq Qarabağa dair məlumata istinadən AFR-in qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, sakinlərini separatçı kimi təsvir etdiyi və onun ərazisində öz vətəndaşlarına konsulluq xidməti göstərmədiyi nəzərə çatdırılır. Burada, həmçinin Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfərlərin Azərbaycanın qanunlarının pozulması hesab edildiyi, nazirliyin öz vətəndaşlarına regiona səfər etməməyi məsləhət gördüyü qeyd olunur. AFR XİN-in məlumatına istinadən Sonnebornun Dağlıq Qarabağa səfərini qınadığı, lakin deputatlara təsir etmək səlahiyyətinə malik olmadığı bildirilir.
Məqalədə ermənilərin satiriklərlə yanaşı, nasional sosializmin şüarlarını təbliğ edən alman deputatların da xidmətlərindən istifadə etdikləri vurğulanır. Belə ki, 2019-cu ilin əvvəlində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş, Almaniya Bundestaqının Almaniya üçün Alternativlər Partiyasından olan deputatı Ştefan Koyterin “Stern” qəzetinin məlumatına istinadən votsap proqramı vasitəsilə çox sayda nasizmlə əlaqəli şəkillər yaydığı vurğulanır.
Məqalədə Avropa Parlamentinin lüksemburqlu deputatı Frank Engelin də Sonneborn kimi Dağlıq Qarabağ rejiminə dəstək məqsədli fəaliyyətləri ilə məşhur olduğu qeyd olunur. F.Engelin 2017-ci ildə Dağlıq Qarabağda olduğu, hazırda yalnız ermənilərin yaşadığı regionun beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edildiyi bildirilir.
“Sputnik” informasiya agentliyinin Ermənistan bürosunun məlumatına əsasən F.Engelin erməni Tatev Manukyan ilə evlənəndən sonra cütlüyün bal ayını Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirdiyi nəzərə çatdırılır. Dağlıq Qarabağdan geri qayıtdıqdan sonra Engelin öz evinin qapısındakı adının sonluğuna “yan” artıraraq “Engelyan” yazdırdığı vurğulanır.
Ermənistanın xəbər saytlarından birinə istinadən F.Engelin “Azərbaycanlılar Dağlıq Qarabağda bir santimetr də olsa torpaq almayacaqlar. Mən bunun üçün hərbi forma da geyinməyə hazıram” söylədiyi və bununla Aİ deputatının öz şəxsi hissləri və maraqlarını Avropa İttifaqının vergiödəyicilərinin maraqlarından üstün tutduğunu əks etdirdiyi nəzərə çatdırılır.
Məqalənin sonunda Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalının 2018-ci il 25 avqust tarixli sayında dərc edilən məqalədə “beynəlxalq hüquq mütəxəssislərinin əksəriyyəti Dağlıq Qarabağın Azərbaycana aid olması fikrindədir. Buna dair BMT qətnamələri də mövcuddur ki, onlara əsasən Ermənistandan öz hərbi birləşmələrini Dağlıq Qarabağdan geri çəkmək tələb olunur” qeyd edildiyi nəzərə çatdırılır.
Fuad Hüseynzadə
Palitra.-2019.-2 oktyabr.-S.11.