Balkan mədəniyyətinin
simvolu Heydər Əliyev Mərkəzində
Noyabrın 29-da Heydər Əliyev
Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun “The
No Smoking Orchestra” qrupunun konserti keçiriləcək. Mərkəzdən
AZƏRTAC-a bildirilib ki, proqramda tamaşaçılara pozitiv
emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.
Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə
populyarlıq və şöhrət qazanıb. Əvvəlcə
o, kinorejissor və ssenarist kimi məşhurlaşıb,
daha sonra isə özünü istedadlı musiqiçi
kimi təsdiqləyib. Çoxşaxəli
istedadı və fəaliyyəti Emir
Kusturitsanı Balkan mədəniyyətinin
simvoluna çevirib.
O, Sarayevo şəhərində
dünyaya gəlib. Lap
erkən yaşlarından incəsənətə meyil göstərib. Tez-tez
dərslərdən yayınaraq kino
zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar
baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində
o, nəhayət anlayır ki,
həyatını cazibədar kino
dünyası ilə bağlamaq istəyir.
Kusturitsa geniş
ictimaiyyətə müxtəlif mükafatlar
almış “Arizona arzusu”,
“Yeraltı”, “Qara pişik,
ağ pişik” filmləri,
o cümlədən Kann
kinofestivalında iki “Qızıl palma budağı” qazanmış filmləri ilə
məşhurdur.
Emir Kusturitsa 1999-cu ildə
“The No Smoking Orchestra” qrupunu yaradıb və onun daimi üzvüdür. Kusturitsa qrupun
tərkibində gitaraçı
kimi çıxış
edir. “The No Smoking
Orchestra” qrupu rok-n-roll,
Balkan pank-roku, qaraçı
motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını
təəccübləndirməyi bacarır, izləyicilərin
özlərinin də
iştirakçısına çevrildikləri möhtəşəm
şou təqdim edir.
Palitra.-2019.-2 oktyabr.-S.16.